Bəzi tarixi mifləri sındıran məqalə!
Bu mövzumuz qızılbaşların Dağıstan xalqları, o cümlədən, qumux türkləri ilə əsrlər boyunca saxladıqları, qoruyub inkişaf etdirdikləri səmimi və mehriban münasibətlər barəsindədir.
Tarixdən bəllidir ki, Səfəvilər imperiyasının qurulduğu 1501-ci ildən XVIII əsrin əvvəllərinə – 1711-ci ilədək qızılbaşlarla dağıstanlılar arasında heç bir ciddi münaqişə baş verməmişdir. Təbii ki, bəzi istisnaları nəzərə almasaq…
Məsələn, 1578–1590-cı illər Səfəvi–Osmanlı müharibəsinin ilk mərhələsində Tarqu şamxalı Çopan (?–1588) özünün 15.000 döyüşçüsü ilə Osmanlı sərkərdəsi Özdəmiroğlu Osman paşanın Şirvan yürüşündə iştirak etmişdi.
Qumuxlar Osmanlı imperiyasının tərəfinə, böyük ehtimalla, ona görə keçmişdilər ki, 1578-ci il fevralın 12-də Səfəvi şahı Muhəmməd Xudabəndənin (1531–1595) əmri ilə Şah I Təhmasib Səfəvinin (1514–1576) qızı – saray intriqalarıının əsas təşkilatçılarından sayılan şahzadə Pərixan Sultan (1548–1578) edam olunmuşdu.
Pərixan xanımla birlikdə onun dayısı – Səfəvilərin çərkəz (qumux) qvardiyasının komandiri Şamxal Sultan da qətlə yetirilmişdi. Məsələ burasındadır ki, Pərixan Sultanın anası Sultan Ağa xanım (1524–1596) Tarqu şamxallarından birinin qızı idi. Sultan Ağa xanımın atasının Şamxal I Buğday (?–1566), qardaşının isə 1578-ci ilin yayında Osmanlı ordusunun Səfəvilərə qarşı hərbi kompaniyasını dəstəkləmiş Şamxal Çopan olduğu güman edilir.
Lakin onu da qeyd etməliyik ki, təxminən, 1580-ci ildən sonra qumuxlar Səfəvi dövlətinə qarşı hərbi əməliyyatlarda iştirak etməkdən boyun qaçırmışdılar. Həmin dövrdə Osmanlı ordusu ilə qumuxların, tabasaranlıların, qaytaqların və qıpçaqların silahlı dəstələri arasında qanlı toqquşmalar da baş vermişdi.
Oruc bəy Bayat (1560–1604) “İranlı Don Juanın kitabı” əsərində yazır: “Osmanlı paşası Özdəmiroğlu Osman dostlaşdığı gürcü şamxalını məcbur etdi ki, qızlarından birini ona ərə versin.
Qoca şamxal paşanın əmrini çar-naçar yerinə yetirsə də, qohum-əqraba və dostlarının (görünür, Səfəvi şahları və qızılbaşlar nəzərdə tutulur) hamısının qarı düşmənini, işğalçı ordunun komandanını özünə kürəkən etdiyinə görə vicdan əzabı çəkməyə başladı.
Şamxal qızılbaşlarla ittifaqa meyl edirdi. Qız öz atasının niyyəti barədə ərinə xəbər verdi. Osman paşa da zavallı qayınatasını aldadıb qonaq çağırdı və evində onun başını kəsdi”.
Oruc bəy Bayatın haqqında məlumat verdiyi “qoca gürcü şamxalı” qumux xalqının məşhur hökmdarı, Səfəvi–Osmanlı müharibəsinin əvvəlində osmanlıların tərəfinə keçmiş Şamxal Çopan idi. Qızılbaş dövlətindən üz döndərməsi qoca hökmdara baha başa gəldi.
Oxucunun nəzərinə: Oruc bəy Bayatın qumux şamxalını gürcü adlandırmasının səbəbləri barədə bu məqalənin növbəti hissələrində ətraflı məlumat veriləcəkdir.
XVII əsrin əvvəllərindən (1605–1607) etibarən Qafqazda qızılbaş–qumux ittifaqı yenidən bərqərar olmuş və ildən-ilə daha da möhkəmlənmişdi. Bu birliyin əsasını Səfəvi şahı I Abbasla (1571–1629) Tarqu şamxalı I Adil Gəray qoymuşdular.
Şamxal I Adil Gəray Şamxal Çopanın nəvəsi idi. 1649–1653-cü illərdə qızılbaşlar, qumux türkləri, qaytaqlar, noqaylar və çeçenlər Rusiya dövlətinin Qafqaza təcavüzünü birgə dəf etmişdilər.
Müharibə Səfəvi ordusunun bilavasitə iştirakı ilə aparılmış, rusların istehkamlarının birbaşa hücumla alınması, çar qoşunlarının darmadağın edilib Qafqazdan qovulması ilə nəticələnmişdi.
Haşiyə. Bəzən belə bir iddia da irəli sürülür ki, Şah I Abbas Səfəvi guya İslam dinini qəbul etmiş gürcülərdən və digər xristian xalqlarının nümayəndələrindən ibarət qulam korpusu yaradaraq orduda türklərin təsir gücünü zəiflətməyə çalışmışdı.
Amma bu fikri yürüdənlər bir məsələni unudurlar ki, qulam korpusu o zamanlar bəzən çərkəz, bəzən isə gürcü adlandırılan Şimali Qafqaz türklərindən – qumuxlardan və qaraçaylılardan təşkil olunurdu.
Onu da qeyd etməliyik ki, türklər harada yaşadıqlarından asılı olmayaraq, əsasən at üstündə döyüşməyə üstünlük verirdilər. Buna görə də Şah I Abbas öz qulamlarını “süvari yeniçərilər” adlandırırdı.
Ardı var…
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Araz Şəhrili
Comments are closed.