Azərbaycan üslublu ədəbi məktəbin yaranması – “türkcə düşünən farsca”.
Əvvəl də qeyd elədiyimiz kimi, Atabəy Şəmsəddin Eldəniz özünün intellektual səviyyəsi ilə fərqlənirdi. Ərəb, fars və türk dillərini mükəmməl bildiyinə şübhə yoxdur. Sarayda və əsgərləri arasında türkçə danışırdı. Mənbələr onu hakimiyyəti zamanı sarayda «xoş gəldi» mərasimlərinin keçirildiyini bildirirlər.
Eldəniz dövrünün Azərbaycan ədəbiyyat tarixi baxımından ən böyük hadisəsi səbki-Azərbaycan adı verilən Azərbaycan ədəbi məktəbinin yaranmasıdır. Bu məktəb səbki-Xorasaninin davamı olaraq meydana çıxıb və ən böyük ədəbi məktəb kimi qiymətləndirilir. Həmin məktəbin başlıca xüsusiyyəti ana dili türkcə olan şairlərin farsca əsərlər yazmasıdır.
Səbki-Azərbaycanın böyük nümayəndələri Əbül-üla Gəncəvi (1096 1159), Mücirəddin Beyləqani, Fələki Şirvani (1108 – 1146), Xaqani Şirvani (təxm. 1120 – 1199) və Nizami Gəncəvi (1141 – 1209) idi.
Səlcuqluda ədəbi əsərlərin dili farsca (zəbani-parsi) olsa da, üslub və mahiyyət baxımından ənənəvi fars şeirindən ayrılmışdır. Səbki-Xorasani ədəbi məktəbinə damğa vuran və «Şahnamə»nin müəllifi kimi tanınan Firdovsinin (935-1020) yaradıcılığına xas qəhrəmanlıq motivləri Səbki-Azərbaycanda öz yerini tərifə buraxmışdır.
Bu şeir nümunələrində şairin özü ön planda yer alırdı. O özünü tərifləyir, digər şairləri isə tənqid və həcv predmetinə çevirirdi. Burada ilham şairin yaradıcılığının qaynağı olaraq mərkəzi yer tutur və bir növ, şairə peyğəmbəranə xarakter qazandırırdı.
Nizaminin əsərlərində isə şair hətta filosoflardan üstün status qazanaraq elm və fikir adamı kimi çıxış edir. Elə buna görə də dövrün səbki-Azərbaycan tərzində yazılmış əsərlərini qavramaq və anlamaq çox çətindir, belə əsər lərin ciddi və aydın şərhlərə ehtiyacı vardır. Elə Nizaminin «Leyli və Məcnun»una, «Fərhad və Şirin»inə sonrakı dövrdə saysız-hesabsız təqlidlər yazılması da həmin ehtiyacın məhsuludur.
Səbki-Azərbaycan ədəbi məktəbinin başqa bir xüsusiyyəti təşbeh və istiarənin daha çox istifadə edilməsidir. Bu məktəbin ortaya çıxması ilə birlikdə ümumilikdə Şərq divan ədəbiyyatında az rast gəlinən uzun rədiflər çoxalmağa başladı. Qəsidə və məsnəvi nazmin başlıca formalarına çevrildi.
Onu da qeyd edək ki, təkcə Şəmsəddin Eldənizin hakimiyyət illərinin deyil, bütövlükdə Azərbaycan Atabəylər dövrünün aparıcı ədəbi məktəbi olan səbki Azərbaycanın, demək olar, bütün şairləri türkdür. Bəzilərinin həmin müəlliflərin farsca əsərlərini nümunə göstərərək türk dil və ədəbiyyatının varlığını inkar etməyə çalışması tamamilə yanlış və əhəmiyyətsizdir.
Dil olaraq bu əsərlər farsca səslənsə də, fars dilinin məntiq və məna çalarlarından köklü şəkildə fərqlənirlər.
Həmin dövr ənənəvi farsca ədəbiyyatına məxsus divanəlik səbki-Azərbaycan ədəbi məktəbinə birmənalı olaraq yaddır. Hətta Nizami Gəncəvinin divanəlik mövzusunda yazılan «Leyli və Məcnun»unda belə divanəyə və ya aşiq yaxud aşiqliyə baxış fəlsəfi-əqli mahiyyət daşıyır.
Bundan başqa, səbki-Azərbaycan ədəbi məktəbini təmsil edən şairlərin yaradıcılığı türkcə ifadə, zərb-məsəl, atalar sözləri və ibarələrlə zəngindir. Onlar bilavasitə həmin şairlərin sayəsində fars dilinə keçmişdir.
Məhz belə çoxsaylı nümunələr hesabına XII əsrdə fərqli farsca ortaya çıxdı. Təsadüfi deyil ki, buna türkcə düşünən farsca deyilir!
Əkbər Nəcəf, “Şəmsəddin Eldəniz” əsəri.
Comments are closed.