Yanvar ayının 3-də rus ordusunun Gəncə şəhərini hücumla ələ keçirdiyi, Azərbaycanın qeyrətli oğlu Cavad xanın və minlərlə gəncəlinin şəhid olduğu məşum gündən 218 il ötür.
Gəncə xanlığı ilə Rusiya imperiyası arasında 1803–1804-cü illər müharibəsi Azərbaycan və hətta Rusiya tarixşünaslığında müəyyən dərəcədə araşdırılmış və işıqlandırılmışdır. General Sisianovla Cavad xanın bir-birinə yazdıqları məktublardan, rus hərbçilərinin raportlarından, xatirələrindən sözügedən hadisələr haqqında kifayət qədər dolğun informasiya əldə etmək mümkündür.
Lakin onu da vurğulamalıyıq ki, Gəncə savaşından bəhs edən çar generalları, ardınca isə rus tarixçiləri həmişəki kimi öz “prinsiplərinə” sadiq qalmış, çar ordusunun və qarşı tərəfin itkiləri barədə təəccüb doğuran, qəribə rəqəmlər təqdim etmişlər.

Beləliklə, bu araşdırmamızın predmeti imperiya ordusunun Gəncə döyüşlərində verdiyi tələfatın statistikasıdır.
Rus hərbçilərinin məlumatına əsasən, Gəncəyə hücum zamanı qala divarlarında və şəhərin dar küçələrində Cavad xanın döyüşçülərindən ən azı 1.500 nəfər, ən çoxu 3.000 nəfər şəhid edilmişdir. Çar ordusunun isə guya vur-tut 3 zabiti və 35 əsgəri həlak olmuşdur.
Beləliklə, yuxarıdakı məlumata görə, 8 metr hündürlüyündə qalın divarları olan, o dövr üçün Qafqazın ən güclü istehkamı sayılan Gəncə qalasını birbaşa hücumla almış ruslar cəmi 38 nəfər, onlara son dərəcə qətiyyətlə müqavimət göstərmiş gəncəlilər isə 3.000 nəfər itirmişlər.
Bu rəqəmləri şişirtmənin son həddi də hesab edə bilərik. Avropalılar güman edirdilər ki, belə mübaliğələrə şərq ölkərində daha çox yol verilir. Qərbli müəlliflərdən biri istehza ilə yazırdı: “Padişahın şəxsən iştirak etdiyi bir döyüşdə 100.000-dən az adamın həlak olması əlahəzrətin şəninə xələl gətirə bilər”.

Maraqlıdır ki, İrəvan şəhərinin birinci uğursuz mühasirəsi zamanı həlak olmuş rus əsgərlərinin sayı da ən minimal həddədir. Belə ki, 1804-cü il iyunun 20-dən sentyabrın 2-dək davam etmiş savaşın gedişində 20.000 nəfərlik rus qruplaşmasından guya cəmi 88 hərbçi həlak olmuşdur.
Amma ədalət naminə onu da qeyd edək ki, rus hərbçiləri və tarixçiləri heç də həmişə bu dərəcədə qeyri-obyektiv olmamışlar. Məsələn, İrəvan şəhərinin 1808-ci il oktyabrın 8-dən dekabrın 20-dək davam etmiş ikinci uğursuz mühasirəsi zamanı 11.130 nəfərlik rus hərbi qruplaşmasından 1.377 nəfərin güllədən, qılıncdan və donvurmadan öldüyünü gizlətməmişlər.

Şübhəsiz ki, bu məlumatın özü də həqiqəti tam əks etdirmir. Belə ki, qızılbaşlar təkcə noyabrın 29-dək baş vermiş döyüşlərdə 4.000-ə yaxın rusun həlak olduğunu bəyan etmişdilər. Bununla belə, tərəflərin təqdim etdikləri rəqəmlər arasındakı fərq Gəncə və birinci İrəvan döyüşlərinin statistikası qədər qeyri-adi deyildir.
İrəvanın birinci mühasirəsinə general Pavel Dmitriyeviç Sisianov (1754–1806), ikinci mühasirəsinə isə general-feldmarşal İvan Vasilyeviç Qudoviç (1741–1820) rəhbərlik etmişdir. Bildiyimiz kimi, Gəncəni istila etmiş rus ordusunun komandanı da general P.D.Sisianov idi.

Rus ordu birləşmələrinin özündən əvvəlki digər komandanları kimi Sisianov da Gəncə və İrəvan uğrunda döyüşlərin nəticələri barəsində məlumat verərkən ənənəyə sadiq qalaraq öz itkilərini dəfələrlə azaltmış, qarşı tərəfin itkilərini isə qat-qat artıq göstərmişdir.
Heç şübhəsiz ki, burada Sisianovun özünün də “şəxsi keyfiyyətləri”, o cümlədən, guya tədbirli bir general kimi özünü çarın nəzərində fərqləndirmək istəyi də az rol oynamamışdır.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Comments are closed.