Qədim zamanlarda Qazaxıstan və Türkmənistanın Xəzəryanı əraziləri day adlı böyük bir saka tayfasına məxsus idi. Onu da vurğulamalıyıq ki, antik dövr müəllifləri parnı tayfasını da həmin day tayfasının bir hissəsi hesab edirdilər. Sonradan day tayfası birdən-birə “yoxa çıxdı”.
Bugün həmin torpaqlarda qazaxların məşhur aday tayfası yaşayır.
Day tayfasının adı əski mənbələrdə daha şəklində də qeyd olunmuşdur. Qədim day–daha torpaqları qazaxların aday tayfası ilə yanaşı, XVII əsrədək həm də türkmənlərin təkə tayfasının köç yerləri idi. Tanınmış tarixçilər – fransız Lui Vivyen de Sen-Marten (1802–1897) və rus Sergey Pavloviç Tolstov (1907–1976) qədim saka xalqının daha və müasir türkmən xalqının təkə tayfalarını eyniləşdirmişlər.
XV əsrdə Səfəvilərin ətrafında birləşmiş yeddi tayfaya Qızılbaş dövlətinin yeddi sütunu da deyilirdi. Onların adlarına nəzər salaq: ustaclı, əfşar, qacar, rumlu, şamlı, zülqədər və təkəli. Bəzən təkəli tayfasının adını Təklə toponimi ilə bağlayır, onun mənasını “tək”, “tənha” kimi izah edirlər.
Amma onu da vurğulamalıyıq ki, Uyğurustanda (Çində) yerləşən nəhəng Təklə-Məkan səhrasının adındakı “təklə” sözü türk dillərindəki “tək” sözündən deyil, ərəb dilindəki “tərk” (tərk etmək) sözündən törəmişdir. Daha çox ehtimal olunan budur ki, qızılbaşların təkəli tayfası türkmənlərin təkə tayfasından XIII əsrdə ayrılmışdır.
Zənnimizcə, təkə döyüşçüləri Xarəzmşah Cəlaləddinin Çingiz xana qarşı apardığı ölüm-dirim savaşında iştirak etmiş, onunla birlikdə Azərbaycana gəlmiş, moğol istilasından (1231) sonra isə Anadoluya köçmüşlər. Görünür, təkə tayfasının bu hissəsinin ilkin adı təkə eli olmuş, sonradan qısalaraq təkəli formasını almışdır.
Haşiyə. Takali (Hindistanın Maharaştra ştatında bir neçə kənd) – Təkəli (Azərbaycanın Xızı rayonunda kənd) – Təkəli (Gürcüstanda kənd) – Təkəli (Qərbi Azərbaycanın Dərəçiçək mahalında kənd).
Yeri gəlmişkən, Rumıniya və Moldova ərazilərində ən azı e.ə. I əsrdən etibarən yaşamış tayfalardan birinin adı daki olmuşdur. Ehtimala görə, daki tayfası sarmat mənşəli idi. Strabon Orta Asiyada yaşayan dahalarla Şərqi Avropada yaşayan dakiləri eyni xalq hesab edirdi.
Dakilərin bayrağında canavar təsviri vardı. Daki süvarilərinin ritualları üç mərhələdən ibarət idi. Maraqlıdır ki, birinci mərhələni qoç, ikinci mərhələni döyüşçü, üçüncü mərhələni şir simvolizə edirdi. Xatırladaq ki, türk dillərində qoça bugün də taki, taka, təkə deyilir.
Dakilərin müstəqil dövləti e.ə. 82-ci ildən eramızın 102-ci ilinədək mövcud olmuşdur. Bu dövlətin başçıları həm də dini rəhbər statusuna malik idilər. Antik müəlliflər yazırlar ki, Daki dövlətində üç məsələyə çox ciddi yanaşılırdı: nizam-intizam, bədənin və ruhun tərbiyəsi, sərxoşluğa qarşı mübarizə. Dakilər Axirət həyatına, ruhun ölməzliyinə inanırdılar.
Daki həkimi deyirdi ki, öz hökmdarından bunları öyrənmişdir: “Başı müalicə etmədən gözü, bədənə diqqət yetirmədən başı, ruha şəfa vermədən bədəni sağaltmaq mümkün deyil. Yunan həkimləri orqanizmə bütövlükdə fikir vermədikləri üçün xəstəliklərin çoxunun əlacını bilmirlər”.
Romalılar və yunanlar dakiləri trakyalı hesab edirdilər. Yeri gəlmişkən, qədim Skandinaviya salnaməsindəki məlumata nəzər salaq:
“Saxland adlandırdığımız yer German ölkəsidir. Orada Danubia (Dunay) adlı çay axır.
O Alpia dağlarından başlanır. Bu çayın arxasındakı ölkə Trakya adlanır. Konstantinopol şəhəri oradadır. Türk adlı xalq Trakyada yaranmışdır. Qədim kitablardan bəllidir ki, türklər buradan Svitoda, oradan Norveçə, Norveçdən isə Qrenlandiyaya köçmüşlər”.
Haşiyə. Azərbaycan və türk dillərində “qoca” (yaşlı kişi, ər), “qoç” və “güc” sözləri arasında müəyyən forma və məna bənzərliyi vardır. Eynilə bu fikri monqol dilindəki müvafiq sözlərə də şamil edə bilərik: “xöqşin” (qoca) – “xuts” (qoç) – “xüç” (güc). Yeri gəlmişkən, macar dilində gücə “ero” deyilir. Azərbaycan və qədim türk dillərində “ər”, “er” kişini, “erkək”, “erkeş” isə qoçu bildirir. Latın dilində qoç “aries”dir. Qədim yunanların on iki tanrısından birinin – müharibə tanrısının adı Ares idi.
Astrologiyada zodiakın on iki bürcündən birincisi qoçdur. Günəş qoç bürcünə martın 21-də keçir və məhz bu zaman gecə ilə gündüz bərabərləşir. 21 mart şərq təqvimi ilə yeni ilin ilk günüdür. Maraqlıdır ki, qədim Romanın qurucusu əfsanəvi Romulun atasının da adı Mart idi. Fars, katalan və fransız dillərində müvafiq olaraq “mərd” (kişi), “marit” (ər) və “mari” (ər) sözləri mövcuddur. Bəzi türk dillərində quzuya “maraa” və “martsa” deyilir.
İsa Peyğəmbərin “İncil”dəki adlarından biri Tanrı quzusudur. “İncil” İsa Peyğəmbərin on iki həvarisini də quzuya bənzədir. Qeyd etmək lazımdır ki, türk dillərində qoçun adlarından biri “maran”dır. “Tövrat” Əhəməni hökmdarı Böyük Küruşu qoç adlandırır. Hind günəş təqviminin birinci ayı olan “meşa”nın simvolu qoçdur. Türk dillərində isə “meşin” qoç (qoyun) dərisidir. Rus dilindəki «муж» (ər) və «мощь» (güc), sloven dilindəki “moşki” (ər), makedon dilindəki “maşki” (ər) sözləri formaca sanskritdəki “meşa” sözünə oxşayır.
Ərə tatar dilində “ir”, latın dilində “vir”, latış dilində “virs”, macar dilində “ferj” deyilir. “Force” sözü ingilis dilində gücü, “far” və “fır” sözləri isə Danimarka və osetin dillərində qoçu bildirir.
Beləliklə, bu nəticəyə gələ bilərik ki, Avrasiya məkanında yayılmış dillərin əksəriyyətində “kişi”, “güç” və “qoç” sözlərinin mənşəyi eynidir. Onların hamısının kökü bir sözə bağlıdır. Bəs o hansı sözdür? Zənnimizcə, bu, ən qısa və ən sadə söz olmalıdır. Məsələn, türk dillərindəki “ər”, “er”, “ir” sözü kimi…
Qeyd. Şah I Təhmasib Səfəvinin (1514–1578) dövründə Qızılbaş dövlətinin sikkə və bayraqlarında günəş və qoç təsvirləri olmuşdur. Bir gümana görə, bu rəmzin seçilməsinin səbəbi o idi ki, günəş qoç bürcündə olarkən Şah I Təhmasibin həyatında hansısa mühüm hadisə baş vermişdi.
Lakin, zənnimizcə, qoç simvolu onu göstərirdi ki, Səfəvilər Azərbaycanın əvvəlki türkman sülalələrinin – Barannıların və Bayandurilərin şanlı ənənələrinin davamçılarıdır. Həmçinin onu da vurğulayaq ki, Şah I Təhmasibin doğma anası, eləcə də analığı Taclı Bəyim (1488–1540) Bayandurilərin əsas dayağı sayılan Mosullu oymağından idilər.
Mosullu oymağının Şimali Azərbaycanda məskunlaşmış qolu təklə (bəlkə də təkəli) adı ilə tanınmışdır.
P.S. Qeyd olunan fakt və məlumatları nəzərə alaraq belə ehtimal etmək olar ki, Qaraqoyunlu, Ağqoyunlu və Qızılbaş ittifaqlarına daxil olmuş tayfaların əksəriyyəti (barannı, bayandur, təkəli, əfşar və s.), eləcə də, müasir qazax adayları, türkmən ərsarları, salarları və təkələri məhz qədim pəhləvanların – parnı (aparnı) və daha (day) tayfalarının birbaşa törəmələri və varisləridir.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Qədim Parfiyanın qəhrəman varisləri: təkəlilər (4-cü hissə)
In
Məqalələr
Comments are closed.