(Ağ qoyun, qara qoyun keçid başında bəlli olar – atalar sözü)
II hissə – aparlar
“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən
Orta Asiyanın qədim dövrünü tədqiq edən tarixçilərin iddiasına görə, Parfiyanın məşhur parnı tayfasının digər adı aparnı olmuşdur. Onu da qeyd etməliyik ki, ən azı VII əsrədək indiki qazax çöllərində apar adlı çox döyüşkən bir tayfa da yaşamışdır.
Lakin elə həmin tarixçilər aparlarla aparnıları eyni tayfa və ya xalq hesab etmirlər. Bu məsələ barəsində müəyyən bir fikrə gəlmək üçün aşağıdakı faktları nəzərdən keçirək:
- Parfiya imperiyasının (e.ə. 250 – e.s. 228) ən yaxın müttəfiqi Hun imperiyası (e.ə. 220 – e.s. 155) olmuşdur.
- E.ə. 53-cü ilin mayında baş vermiş Karr döyüşündən sonra parfiyalıların əsir aldıqları Roma legionerlərinin izləri indiki Qırğızıstanın Talas vadisində tapılmış, məlum olmuşdur ki, e.ə. 36-cı ildə hunların Xan imperiyasına (Çinə) qarşı apardıqları müharibədə həmin romalılar da iştirak etmişlər.
Ehtimal olunur ki, Parfiya dövləti əsir götürdüyü romalıların bir hissəsini öz ordusunun tərkibinə daxil etmiş, sonra isə onları çinlilərin təcavüzünə məruz qalmış hunların köməyinə göndərmişdir. - 155-ci ildə Hun imperiyasını darmadağın etmiş syanbilər onlara təslim olmaq istəməyən hunları təqib etməyə başlamış, indiki Qazaxıstan ərazisində yerləşən Tarbaqatay yaxınlığında aparlarla qarşılaşmışdılar. Bir daha xatırladaq ki, Parfiyanın əsas tayfalarından birinin adı salnamələrdə aparnı kimi qeyd edilmişdir. Aparlar syanbiləri məğlub etmiş, nəticədə hunlar xilas olmuşdular.
- Syanbi əsilli jujanlara qalib gəlib Türk xaqanlığını (545–603) qurmuş Aşina nəsli hun mənşəli idi. 552-ci ildə Türk xaqanı Bumın dünyasını dəyişmiş, onun dəfnində apar tayfasının nümayəndələri də iştirak etmişdilər. Lakin 556–557-ci illərdə aparlarla türklər arasında müharibə olmuş, türklər qalib gəlib aparları xaqanlığın tərkibinə qatmışdılar.
- 569-cu ildə Türk xaqanlığı ilə Parfiya imperiyasının varlığına son qoymuş Sasanilər arasında müharibə baş vermişdir.
Yuxarıdakı məlumatları müqayisəli şəkildə təhlil edib belə bir fərziyyə irəli sürə bilərik: 155-ci ildə syanbi hökmdarı Tanşixayın ordusunun hücumunu məhz Parfiya imperiyasının ordusu dayandırıb hunları xilas etmişdi. Zənnimizcə, qədim mənbələrdə xatırlanan apar və aparnı adlarının hər ikisi eyni tayfaya məxsusdur. Ola bilsin ki, aparnı tayfa adı, əslində, apar tayfa adının cəm formasının – aparan tayfa adının təhrif edilməsi nəticəsində ortaya çıxmışdır.
Amma bunun əksi də mümkündür: aparnı tayfa adının sonradan təhrifə uğraması ilə Aparan, Abaran toponimləri yaranmışdır. Sonuncu ehtimalı gücləndirən həm də odur ki, heç bir əski yazıda aparan və ya abaran adlı tayfa haqqında məlumat yoxdur. Bir məsələni də qeyd edək: tarixçilərin əksəriyyəti hesab edir ki, VI əsrdə Avropaya köçmüş avarlarla syanbilərin irəliləməsinə imkan verməmiş aparlar eyni xalq və ya tayfa deyillər.
Rus tarixçisi Lev Qumilyovun ehtimalına görə, aparlar müasir qaraqalpaqların əcdadlarıdır. X əsrdə onların bir hissəsi Qıpçaq çölünə köçmüşdür. Bu tayfanı rus salnaməçiləri qara klobuk (qaraqalpaq–qarapapaq) adlandırmışlar.
Maraqlı olan məsələ budur ki, yalnız qaraqalpaqların və azərbaycanlıların bir hissəsinin deyil, həm də müasir rus kazaklarının əcdadı sayılan qara klobukların əksəriyyəti berendeylər (berendey–barannı–bayandur) idi.
Haşiyə. Abaran, Aparan (Hayastanda əzəli sakinləri azərbaycanlılar olmuş kənd, şəhər, yaylaq yeri, eləcə də çöl və çay) – Gadi Abaran (Hindistanın Uttar-Pradeş ştatının Firozabad dairəsində kənd) – Abaran (İspaniyanın Mursiya vilayətində kənd) – Avaran, Avaranqışlaq (Azərbaycanın Qusar rayonunda iki kənd) – Avar, abar (VI–IX əsrlərdə Avar xaqanlığını qurmuş qədim türk xalqı) – Avaran, Namak Avaran (İranın Kerman və Gilan ostanlarında iki kənd) – Avaran Yeleazar (“Tövrat” personajı) – Awaran (Pakistanın Bəlucistan vilayətində şəhər).
Ardı var…
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Araz Şəhrili
Comments are closed.