“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabından

Trakiyalılar kimdi?


Şah İsmayıl Səfəvinin (1487–1524) anası Aləmşahbəyim xatun (1460–1522) ağqoyunluların I sultanı Uzun Həsənin (1423–1478) və Trabzon şahzadəsi Feodora Despina xatunun (1438–1478) övladı idi.
Despina xatunun atası IV İoann Şərqi Roma imperiyasının məşhur Komnenoslar hökmdar sülaləsindən (1081–1185) olmuşdur.
Komnenoslar nəslinin tarixi mənbələrdə adı keçən ilk nümayəndəsi – Manuil Komnenos (?–1020) Balkan yarımadasının Trakya bölgəsində yaşamışdır. Komnenoslar sülaləsinin mənşəyi ilə bağlı ikinci ehtimal budur ki, onlar köklü trakyalı olmuşlar. Qədim Skandinaviya salnaməsindəki məlumata diqqət yetirək:

“Saxland adlandırdığımız yer German ölkəsidir. Bu, çox güclü dövlətdir. Orada Danubia (Dunay) adlı çay axır. O Alpia dağlarından başlanır. Bu nəhəng çaya daha 60 iri çay qoşulduqdan sonra, o 7 böyük qola bölünərək dənizə tökülür. Bu çayın arxasındakı ölkə Trakya adlanır. Konstantinopol şəhəri oradadır. Şəhərin əsasını Konunq Konstantin qoymuşdur. Bu şəhəri Maklaqard da adlandırırlar.
Yafəs oğlu Tiras Trakyada yaşamışdır. Türk adlı xalq orada yaranmışdır. Qədim kitablardan bəllidir ki, onlar buradan Svitoda, oradan Norveçə, Norveçdən isə Qrenlandiyaya köçmüşlər. Trakyanın yanında Unqar ölkəsi yerləşir. Yepiskop Martinin əsli oradandır. Bolqar ölkəsi də Trakyanın yaxınlığındadır”
.

Mətnin original variantı:
“Germania riki heitir þat er ver kollum Saxland. Þat er alvitt riki. Danubium heitir a. Hon fellr or Alpia fiollum. Hon er sua mikil, at .lx. stor a falla i hana. Hon kemr i siau stođum til sefar, oc mikil i ollum stođum.
Firir vttan ana heitir Tracia. Þar stendr su borg, er Konstantinopolim heitir. Hana let gera Constantinus konungr. Þa borg kalla menn Miclagarđ. A Tracia bygđi fyst Tiras sonr lafeths Noasonar. Fra honum er komen þiođ su, er Tyrkir (z) heita.
Þat er oc mioc margra manna mal, at þui er fornar bœkr visa til at af þui lande bygđist Suiþiođ. En Noregr af Suiđiođ, en Island af Noregi, en Grœnland af Islande. Hia Tracia er Ungara (a) land. Þanan var Martinus byskup æskađr. Þar nest er Bolgara (b) land”.

Homerə (e.ə. VIII əsr) görə, qədim trakyalılar saçlarını qırxır, yalnız başlarının düz ortasında kəkil, eləcə də bığ və saqqal saxlayırdılar.
Herodot (e.ə. 484–425) trakyalıların adətləri barədə bunları yazır: “Onlar tülkü dərisindən papaq qoyurlar. Zəngin trakyalının matəm mərasimi belədir: Ölü vay-şivənlə dəfn edilir. Məzarı üzərində kurqan ucaldılır. Sonra onun şərəfinə qurbanlar kəsilir, müxtəlif yarışlar – güləş və s. təşkil edilir, qaliblərə mükafatlar verilir. Trakyalılar döyüşçü və ya quldurun həyatını daha şərəfli hesab edirlər. Əkinçiyə isə, əksinə, çox hörmətsiz yanaşırlar”.

İosif Flaviyə (37–100) əsasən, “Yafəsin yeddinci oğlu Tiras trakyalıların əcdadıdır”.
“Tövrat”a görə, Yafəsin Qomer, Maqoq, Madai, Javan, Tubal, Meşex, Tiras adlı yeddi oğlu olmuşdur.
Qeyd. Müqəddəs “Qurani-Kərim”də Yafəsin övladları haqqında məlumat yoxdur.

Lakin Xivə hökmdarı, tarixçi və yazıçı Əbulqazi Bahadır xan Şeybani (1603–1664) “Türklərin şəcərəsi” adlı məşhur əsərində Yafəsin səkkiz oğlunun adını çəkmişdir: Türk, Xəzər, Səkləb, Rus, Minq (Maqoq?), Çin, Kəməri (Qomer?) və Tarix.
Yuxarıdakı rəvayətlərin müqayisəli təhlili onu göstərir ki, qədim Skandinaviya salnaməsində, “Tövrat”da, eləcə də “Türklərin şəcərəsi” əsərində adları çəkilmiş Tiras və Türk, əslində, eyni obrazdır.
Tədqiqat prosesində topladığımız məlumatları bu dəfə qısa müddəalar şəklində bir daha təqdim edirik:

  • Şah İsmayılın ana babası İmperator IV İoannın əcdadı Manuil Komnenos mənşəcə qədim trakyalıdır (müasir tarixçilərin ehtimalı);
  • Qədim trakyalıların adətləri ilə qədim türklərin adətləri arasında müəyyən bənzərliklər vardır (qədim trakyalılar haqqında Homer və Herodotun yazdıqlarının qədim türklər barədə məlumatlarla müqayisəsi);
  • Qədim trakyalıların mifik əcdadı Tirasla qədim türklərin mifik əcdadı Türk eyni şəxsdir (onlar haqqında rəvayətlərin qarşılıqlı müqayisəsindən çıxardığımız nəticə);
  • Trakya qədim türklərin vətənidir və onlar buradan digər ölkələrə yayılmışlar (qədim Skandinaviya salnaməçisinin iddiası).
    Qeyd olunanları nəzərə alaraq belə bir fərziyyə irəli sürə bilərik: Qədim trakyalılar və Şah İsmayıl Səfəvinin ana xətti ilə əcdadları sayılan Komnenoslar mənşəcə türk olmuşlar.

    İstifadə olunmuş ədəbiyyat:
    Xaqani Adaboğlu. “”Türkçülükdə Səlcuqlu xəstəliyi”. Bakı–2015.
    Е.А.Мельникова. «Древнескандинавские географические сочинения». Москва–1986.

    Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Comments are closed.