Tarixin ən humanist müharibələrindən biri, osmanlı-qacar müharibəsi (1821-1823)
“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında
Abdalı–Göytürk və Xarəzm–Moğol münasibətlərinin hər ikisində karvanların qarət edilməsi, elçilərin öldürülməsi, daha doğrusu, bu hadisələrin müqayisəsindən ortaya çıxardığımız paralel bir təsadüf olsa da, bunların ardınca baş vermiş müharibələr zərurət idi. İlk baxışdan elə görünə bilər ki, hər iki halda hərbin səbəbi məhz səfirlərin qətli olmuşdur. Əslində isə, coğrafi-siyasi məkanlar arasında müharibənin zərurətə çevrilməsi elçilərin öldürülməsinə gətirib çıxarmışdır. Savaşa başlamaq üçün istənilən halda bir bəhanə tapılmalı idi.
Haşiyə. Maraqlı bir məsələyə də diqqət yetirək… Tarixşünaslıqda Göytürk imperiyasının 552–603-cü illərdə mövcud olduğu göstərilmişdir. Lakin Göytürk dövlətinin əsası, faktiki olaraq, 545-ci ildə qoyulmuşdur. O vaxt oğuzlar on birinci jujan xaqanı Anaxuana qarşı qiyam qaldıraraq Aşina nəslindən olan Bumını özlərinə xaqan seçmişdilər. 603-cü ildə bu xaqanlıq iki hissəyə – Qərbi və Şərqi Göytürk xaqanlıqlarına bölünmüşdür. Beləliklə, göytürklərin vahid dövlətçilik dövrü 58 il çəkmişdir.
Yenə də, tarixşünaslıq Moğol imperiyasının 1206-cı ildə qurulduğunu, 1294-cü ildə ayrı-ayrı xanlıqlara bölündüyünü qəbul edir. Əslində isə, Moğol dövlətinin təməli 1203–1204-cü illərdə Çingiz xanın həyata keçirdiyi islahatlarla qoyulmuş, 1205-ci ildə naymanlar və merkitlər, eləcə də Çingiz xanın əsas rəqibi olan Camuqa üzərində həlledici qələbələr qazanılmışdır. 1206-cı ilin qurultayında isə artıq baş vermiş fakt, sadəcə, rəsmiləşdirilmişdir. 1262-ci ildə Hülakü xanla Berke xanın ulusları arasında başlanmış və fasilələrlə 1358-ci ilədək davam etmiş qanlı müharibələr moğolların mərkəzləşdirilmiş imperiya sisteminə güclü zərbə vurmuş, onun tamlığını, bütövlüyünü pozmuşdur.
Göründüyü kimi, moğolların da vahid dövlətçilik dövrü 58-59 il sürmüşdür.
Belə bir nəticəyə gələ bilərik ki, Xarəzmşahlar dövlətinin taleyi Abdalı dövlətinin taleyinə, Moğol xaqanlığının taleyi isə Göytürk xaqanlığının taleyinə bənzəyir. Xarəzm–Moğol münasibətləri Abdalı–Göytürk münasibətlərinin təkrarıdır. Bu paralellərin əsas səbəbi odur ki, sözügedən dövlətlər eyni coğrafi məkanlarda yerləşirdilər. Xarəzmşahlar dövləti Abdalı dövlətinin, Moğol xaqanlığı isə Göytürk xaqanlığının varisi və davamı idi.
Beləliklə, xalqlar, dillər, dinlər, quruluşlar dəyişir, amma coğrafi şəraitin diktə etdiyi şərtlər dəyişməz olaraq qalır. Eyni yanaşma yalnız müharibələrə və konfliktlərə aid deyildir. Sonuncu İran–Türkiyə savaşı Osmanlı imperiyasının təşəbbüsü ilə 1821-ci ildə başlanmış, 1823-cü ilədək davam etmiş və tarixə ən humanist müharibələrdən biri kimi düşmüşdür. Şahzadə Abbas Mirzə Qacarın türk ordusu Osmanlı qoşununu məğlub edib Şərqi Anadolunun əhəmiyyətli bir hissəsini ələ keçirmişdi.
Diqqətəlayiq haldır ki, hərbi əməliyyatların gedişində Qacar döyüşçüləri nə hərbi əsirləri öldürmüşdülər, nə də mülki əhalini qarət etmişdilər. Qacarlar cəng meydanında qalib gəlsələr də, məhz onların təşəbbüsü ilə 1823-cü ildə Ərzurum sülh müqaviləsi imzalanmış və Şahzadə Abbas Mirzə öz döyüşçülərini Osmanlı torpaqlarından çıxarmışdı. 1824-cü ildən bugünədək – 197 ildir ki, bu iki ölkə arasında heç bir ciddi münaqişə baş verməmişdir.
Sözsüz ki, iki əsrlik sülh dövrü də xalqların və liderlərin xoş məramlarına görə deyil, yenə də həmin coğrafi məkanların iradəsi ilə davam edir. Konkret bu situasiyanın səbəbləri və şərtləri bizə bəlli olsa da, başqa tədqiqatın mövzusu olduğuna görə söhbətimizi burada yekunlaşdırırıq.
Ardı var…
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Comments are closed.