Səfəvi İmperiyasının özəyini yerli türkmən tayfaları təşkil edirdi. Səfəvi dövrü haqqında ən etibarlı mənbələrdən biri hesab olunan “Tarixi Aləmarayi Abbasi” (Müəllifi İsgəndər bəy Münşi – K.R) əsərində Səfəvi dövlətinin 17 qurucu tayfası haqqında məlumat verilib.
Ancaq müasir tədqiqatçılar Səfəvi dövlətinin quruluşunda daha çox tayfanın iştirak etdiyini qeyd edir. Ancaq bütün mənbələr əsas etibarı ilə 17 tayfanın əsas rol oynadığını qeyd edir.
Səfəvi dövrü haqqında digər bir əhəmiyyətli əsər hesab olunan Oruc bəy Bayatın xatirələrində Səfəvi dövlətinin qurucu tayfaları olaraq Şamlı (Şamlı), Ustaclı, Rumlu, Zülqədər, Əfşar, Qacar, Təkəli boyları sadalanır. Bu tayalar dövlətin əsas özəyini təşkil edib, müharibələrdə ordunun özəyini təşkil edib, bu boyların əmirləri dövlətin ən yüksək postlarında təmsil olunub, orduya komandanlıq edib.
Səfəvi İmperiyasının qurucu tayfalarından biri də Ustaclı tayfası olub. Ustacalı və ya Ustaclı tayfası əsasən Şərqi Anadolu və Azərbaycan ərazilərində yaşayıb. Bu sözün “Ustaca”, yəni ustalıqla və ya “Usta Hacı” adından gəldiyi ehtimal olunur. Ustaclıların çavuşlu, toxmaq, küsülü, kəngərli və başqa qrupları vardı.
Mənbələrdə Ustaclı tayfası elatlarının Sivas, Amasya, Tokat, Kırşehir və eləcə də Qars vilayətlərində yaşadığı qeyd olunur. Ustaclılar Şeyx Cüneyd və Şeyx Heydərin vaxtında Səfəvi təriqətinin Anadoludakı əsas dayaqlarından biri olub.
Şah İsmayıl Səfəvi dövlətini qurmaq üçün hərəkətə başlayanda Ərzincan ərazisində ilk dəfə 200 süvari döyüşçüsü ilə birlikdə Məhəmməd bəy Mirzəbəy oğlu Ustaclı Şahın düşərgəsinə gələrək ona qoşulur. Daha sonralar Səfəvi sarayında yüksək məqamlarda olan Məhəmməd xan Ustaclı Çaldıran döyüşündə Səfəvi ordusunun sol qanadına rəhbərlik edib.
Məhəmməd xanın oğlu Qılınc xan, həmçinin Qorçubaşı olan Sarı Piri bəy Ustaclı tayfasından olub. Diyarbəkr hakimi Məhəmməd xan. Onun qardaşı Qara xan, Sədrəddin xan, Abdullah xan, Çuxursədd hakimi Şahqulu Sultan, Çapan Sultan İsgəndər Münşiyə görə Ustaclı tayfasından olub.
Şah Təhmasibin zamanında hakimiyyətdə əsas üstünlüyə malik Təkəli tayfasının mövqeyinin zəifləməsindən sonra Ustaclı tayfası yenidən etibar qazanıb və iqtidarda əsas postlara gətirildilər. Bəzi iddialara görə, Təhmasibin zamanında dövlətdə mühüm postların 2/3-ni Ustaclı bəyləri tutub. Bu da ustaclıların dövlətdəki etibarını göstərir. Ancaq Təhmasibdən sonra vəziyytə müəyyən qədər dəyişir. Ustaclılar vəliəhd Heydəri dəstəkləsə də, taxta Rumlu tayfasının dəstəklədiyi 2-ci İsmayıl çıxır.
Səfəvilərin Şirvan zəfərindən sonra Ustaclı tayfasının bir qismi Azərbaycanda yerləşib. Ustaclı elinin oymaqları kimi Təmişli, Çavuşlu, Asayişli, Köşkoğlu, Sofulu, Fəthoğlu, Toxmaqlı, Hacıfəqihli, Kəngərli, Kərəmpa, Yeganlı, Şərəfli, Şeyxlər və digər yerlərin adı çəkilir. Hansı ki. onların bir qismi Azərbaycan Respublikası ərazisində mövcuddur.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Kənan Rövşənoğlu
Səfəvi dövlətinin qurucu tayfaları – ustaclılar. Onları sizdə tanıyın
In
Məqalələr
Comments are closed.