Ordu sayının azlığı səbəbləri və digər maraqlandıran suallara burda cavab var!

Səfəvi ordusunun əsas zərbə qüvvəsini süvarilər təşkil edirdilər. Qoşun yüngül (oxçular) və ağır (cəngavərlər) süvari bölüklərindən ibarət idi. Orduda piyadaların rolu o qədər də əhəmiyyətli deyildi. Bu baxımdan Səfəvi ordusunun quruluşu Ağqoyunlu dövlətinin qoşun sistemindən demək olar ki, fərqlənmirdi.
1568-ci ildə Səfəvilərin sarayında olmuş C.Vekyetti hesab edirdi ki, “Şah savaş meydanına 60.000 nəfərdən artıq döyüşçü çıxara bilməz”. Səfəvi tarixinin ən ciddi araşdırıcılarından biri olan türkiyəli professor Tufan Gündüz də eyni fikirdədir. O, Səfəvilərin Osmanlı dövləti ilə müharibələrdə bəzi uğursuzluqlarının səbəbini osmanlıların canlı qüvvə sarıdan böyük üstünlüyə malik olmalarında görür. Digər səbəb isə, sözsüz ki, odlu silahların yayılmağa başladığı və daha çox tətbiq olunduğu bir şəraitdə piyada hissələrinin təşkili prosesinin yubadılması idi.

Bu məsələyə aydınlıq gətirməyə çalışaq:

Səfəvilər imperiyasının ən qüdrətli vaxtlarında onun ərazisi 3.500.000 kv.km olmuş, bugünkü Azərbaycanı, bütün Cənubi Qafqazı, Şimali Qafqazın böyük bir hissəsini, İranı, İran körfəzindəki ərəb ölkələrini, İraqı, Əfqanıstanı, Orta Asiyanın bir hissəsini, əhatə etmişdir. O dövrdə bu, 20 milyondan çox insanın yaşadığı nəhəng bir imperiya idi. Belə bir geniş ərazidə kifayət qədər insan resursuna malik olmalarına baxmayaraq, Səfəvi şahları ordu quruculuğu məsələlərində ölkə əhalisinin yalnız bir qrupu olan türklərə, o da onların ancaq bir hissəsinə – qızılbaş tayfalarına arxalanırdılar. Səfəvilər imperiyanın digər xalqlarının nümayəndələrini hərbi xidmətə cəlb etmədiklərinə görə orduda döyüşçülərin sayını artıra bilmirdilər. Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, yüksək motivasiyalı qızılbaş bahadırlarının sonsuz cəsarəti və digər döyüş keyfiyyətləri onların saylarının azlığını kompensasiya edirdi. Səfəvi ordusu kifayət qədər mobil idi. Qızılbaşlar qısa müddət ərzində böyük məsafələri qət edib qərb cəbhəsindən şərq cəbhəsindəki döyüşlərə atıla bilirdilər.
Böyük Britaniya tarixçisi Klifford Bosvort (1928–2015) yazır: “Qəribədir ki, Misir məmlükləri kimi Səfəvilər də artilleriya və yüngül odlu silahlardan istifadə etməyi özlərinə sığışdırmırdılar”. Biz isə vurğulamalıyıq ki, o dövrün el arasında “dayan, doldurum” adlandırılan odlu silahı Səfəvi süvarisi üçün əsas döyüş vasitəsi ola bilməzdi. Bunun da səbəbi o idi ki, XVI–XVIII əsrlərdə tüfəngin növbəti atəşə hazır vəziyyətə gətirilməsi üçün xeyli vaxt tələb edilirdi. Məsələn, kamandan dəqiqədə on altı ox atmaq mümkün idisə, tüfəngdən ən yaxşı halda dörd atəş açmaq olurdu. Həm də tüfəngi hərəkətdə olan atın üstündə yenidən doldurmaq müşkül məsələ idi. Beləliklə, odlu silahdan istifadə edən süvari atdan düşməli idi. Lakin dörd yaşından yəhərə öyrəşmiş qızılbaş üçün bu fikrin özü dözülməz ola bilərdi.

XVII əsrin əvvəllərində Şah I Abbas ordu quruculuğu istiqamətində müəyyən islahatlar aparsa da, ümumi vəziyyət əhəmiyyətli dərəcədə dəyişmədi. Onun yaratdığı qulam korpusunun böyük bir hissəsi o zamanlar çərkəz adlandırılan Şimali Qafqaz türklərindən ibarət idi. Türklər isə harada yaşadıqlarından asılı olmayaraq, əsasən at üstündə döyüşməyə üstünlük verirdilər. Şah I Abbas öz qulamlarını “süvari yeniçərilər” adlandırırdı.
Gəldiyimiz nəticə bundan ibarətdir ki, Səfəvi hakimiyyətinin azsaylı ordu ilə kifayətlənməsinin, odlu silaha yüksək maraq göstərməməsinin bir səbəbi var idi: Bu dövlət aqressiv xarici siyasət yürütmürdü. Sözsüz ki, Səfəvilər istəsəydilər yetərincə piyada hissələri də formalaşdırardılar, onlar üçün lazım olan qədər odlu silahlar da ala bilərdilər. Lakin Şah I İsmayıl Səfəvinin qurduğu bu dövlət mahiyyət etibarilə militarist xarakterli deyildi. Səfəvi şahları əsasən ölkə əhalisinin rifahının yüksəldilməsinin qayğısına qalır, quruculuq işləri ilə məşğul olur və dövlətin sərhədlərini xarici təcavüzdən qoruyurdular. Onların süvari hissələri isə ölkənin təhlükəsizliyini, sərhədlərinin toxunulmazlığını təmin etmək iqtidarında idi.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Comments are closed.