Bu gün görkəmli dövlət xadiminin doğum günüdür.
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimləri sırasında bir sıra böyük nəsillərin nümayəndələri təmsil olunurdu. Onların sırasında demokratik hökumətdə yüksək vəzifə tutmuş – Ermənilər üçün “ən təhlükəli adam” sayılan İsmayıl xan Ziyadxanovun qardaşı Adil xan Ziyadxanovdur.
O, Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın nəticəsidir. Anası Azər Humayun xanım da Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzənin qızıdır.
AXC qurulduqdan sonra Ziyadxanov XİN müavini təyin edilib (30.10.1918). O vaxt xarici işlər naziri Ə.B.Topçubaşov İstanbulda olduğundan nazir vəzifəsini Adil xan icra edib. 1918-ci il noyabrın 16-da Bakıya gələn İngiltərə hərbi qüvvələrinin komandanı, general V.Tomsonu Azərbaycan hökuməti adından Ziyadxanov qarşılayıb və onunla danışıqlar aparıb. Az sonra Baş nazir və Xarici İşlər Naziri təyin edilmiş Fətəli xan Xoyskinin (1875-1920) müavini olan Adil Ziyadxanov gənc dövlətin xarici siyasətinin formalaşmasında mühüm işlər görüb. Onun yazdığı, ana dilimizdə və fransızca nəşr edilmiş “Azərbaycan” kitabının 2 min nüsxəsi 1919-da Parisə – Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə.B.Topçubaşova göndərilərək Avropa ölkələrində, ABŞ və Kanadada yayılıb.
Azərbaycan hökuməti Tehranda Azərbaycan diplomatik nümayəndəliyinin yaranması haqqında 16 iyun 1919-cu tarixdə qərar verərək, 4 oktyabrda nümayəndəliyin ştatını təsdiqləyib və nazir müavini Adil xanı nümayəndəliyin başçısı təyin edib.
O, 15 yanvar 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin ilk fövqəladə və səlahiyyətli səfiri kimi Tehrana gedib və bununla iki ölkə arasında diplomatik əlaqələr daha da genişlənib. İranda olarkən Adil xan özünün ana dilimizdəki “Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti” adlı kitabını yerli soydaşlarımız arasında pulsuz payladıb, “Qələmin uçuşu” adlı iki hissəlik kitabını isə fars dilində nəşr etdirərək Azərbaycanın azadlıq uğrunda çarpışmasından ətraflı söz açıb. Bu kitablar səfirin Şeyx Məhəmməd Xiyabaninin azadlıq hərəkatına çox qiymətli töhfəsiydi. Cümhuriyyət süquta uğradıqdan sonra o, Bakıya qayıtmayaraq Tehranda qalıb. 22 iyun 1921-ci ildə Sovet hökuməti onun diplomatik fəaliyyətini dayandırıb. Bundan sonra Tehran bələdiyyə idarəsində Sosial Təminat Nazirliyində, Təbrizdə dəmiryolu və gəmiçilik idarəsində müxtəlif vəzifələrdə çalışıb. 1934-cü ildə Istanbula köçüb və ömrünün qalan hissəsini Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Adil xan Ziyadxanov 1954-cü ildə Istanbulda vəfat edib.
Adil Ziyadxanov 1908-də Şərqi və Qərbi Avropa ölkələrinə səyahət edib və gördüklərini “Avropada üç aylıq bir səyahətim” adıyla Gəncədə nəşr etdirmişdir (1909).
Cavad xanın nəticəsi – Adil xan Ziyadxanov
In
Məqalələr
Comments are closed.