OLMUŞ ƏHVALAT
(Yerli qızılbaş ilə təsadüfi görüş)
Dünya mətbuatının yazdığına görə, bugün Əfqanıstanda iki yüz mindən çox azərbaycanlı – əfşar və qızılbaş yaşayır. Bu məlumatı gördükdə yadıma atam – Əməkdar jurnalist və fəxri neftçi Ələkbər Şəhrilinin danışdığı bir əhvalat düşdü. Atam isə bu hadisəni vaxtilə Gəncədə tanış olduğu, lakin təəssüf ki, sonradan adını unutduğu bir gizirdən eşitmişdir. Əslən Qərbi Azərbaycandan (Ermənistan Respublikasının Qafan rayonundan) olan həmin gizir SSRİ-nin 40-cı ordusunun desant diviziyasının tərkibində Əfqanıstan müharibəsində (1979–1989) iştirak etmiş, bir neçə orden və medalla təltif olunmuşdur. Beləliklə, azərbaycanlı döyüşçünün nəql etdiklərini onun öz dilindən oxucuya təqdim edirik.
“Əfqanıstanda xidmət edirdim. Bizim batalyon sovet işğalına qarşı mübarizə aparan mücahidlərin xüsusilə fəal olduğu məntəqələrdən birində dislokasiya olunmuşdu. Reydə çıxır, mücahidlərə silah daşıyan karvanları axtarırdıq. Beləcə günlər, həftələr, aylar bir-birini əvəz edirdi. Əvvəllər batalyonun zabitləri, gizirləri arasında xətir-hörmət var idi. Sonra kənardan bir zabiti bizə komandir göndərdilər. Onu tanımaq üçün bizə çox yox, cəmi iki-üç gün vaxt lazım oldu. Sən demə bu, kütbeyin, özündən razı və çox kobud bir adam imiş. Zabitlərlə yerli-yersiz mübahisə edir, onlara əsassız iradlar tutur, onları tribunalla qorxudur və təhqir edirdi. Mən də onun “diqqətindən” kənarda qalmadım. Əvvəl-əvvəl nədənsə narazı olanda bunu irad şəklində bildirirdi. Amma bir-iki gün sonra zabitlərin yanında mənə qoyun deməkdən çəkinmədi. Mən də tərəddüd etmədən elə həmin zabitlərin yanında ona cavab verdim ki, siz komandirsiniz, amma özünüzü əsl donuz kimi aparırsınız. Əfqanıstan müsəlman ölkəsidir və burada sizin kimi donuzları sevmirlər. Bu sözləri deyəndə mən artıq hər şeyi nəzərə almışdım. O, məni şərləyib hərbi tribunala da verə bilərdi, hərbi əks-kəşfiyyatı da üstümə yönəldə bilərdi, yaxud da bəzi yaltaq zabitlərin əli ilə təhlükəli qurğu da qura bilərdi. Amma sözümü dedim və bu qanmaz adama layiq olduğu epiteti yapışdırdım.
Həngamə də elə o gündən başlandı. Komandir mənə düşmən kəsildi. Mən indi özümü əfqanlardan deyil, öz komandirimdən qorumalıydım.
Bir gün batalyona Herata gedən böyük avtomobil karvanını müşayiət etmək tapşırıldı. Bunun üçün tanklar, PDM-lər (piyadanın döyüş maşını) ayrıldı və karvan yola düşdü.
Təxminən saat yarımdan sonra məni təcili batalyon komandirinin yanına çağırdılar. Tələsik gəldim, əlimi gicgahıma qaldırıb raport verdim ki, əmrinizlə gəlmişəm. Komandirin yanaqları və burnu qıpqırmızı qızarmışdı. Hiss etdim ki, karvanı yola salandan sonra möhkəmcə “vurub”. O, məni altdan yuxarı acıqlı-acıqlı süzüb əmr etdi: Tanka min və özünü karvana çatdır. Sən də mühafizə dəstəsində olmalısan.
Mənim üçün bu ölüm hökmü demək idi. Çünki tək bir sovet tankı əfqan döyüşçülərinə – rusların “duşman” adlandırdıqları mücahidlərə əla bir hədiyyə olacaqdı. Dərənin içiylə gedən bir tank hər iki tərəfdə ucalan dağların, təpələrin üstündə mövqe tutmuş və yaxşı silahlanmış əfqanlar üçün hazır bir yem idi.
Amma nə edə bilərdim?! Əmrə əməl etməliydim. Axı mən azərbaycanlıyam, qorxaqlıq edə bilməzdim. Lakin bir iş vardı ki, burada söhbət yalnız mənim həyatımdan getmirdi. Mənimlə birlikdə tankın heyəti – 18-20 yaşlı əsgərlər də ölümün ağuşuna atılırdılar. Odur ki, komandirə müraciət etdim:
İcazə verin yola yalnız sürücü-mexaniklə çıxım. Mənə başqa əsgər lazım deyil.
Komandir iblisanə bir təbəssümlə cavab verdi:
Olar. Əmri icra et!
Çevrilib həmişə hərbi əməliyyatlar zamanı komandirlik etdiyim tanka tərəf getdim. Yola düzəldik. Sürücü-mexanik Əfqanıstanda yenicə xidmətə başlamış 18-19 yaşlı bir rus idi. Həyəcan keçirdiyi və qorxduğu açıq-aşkar hiss olunurdu. Ona ürək-dirək verib sakitləşdirməyə çalışdım. Bazadan aralandıqdan bir az sonra məndə belə bir hiss yarandı ki, bizi izləyirlər. Efirdə səslər bir-birinə qarışmışdı. Əfqan dilində danışıqlar eşidirdik. Sanki yırtıcı öz şikarı ilə oynadığı kimi, onlar da bizimlə əylənirdilər. Asan hədəf olmamaq və karvana tez çatmaq üçün maksimal sürətlə hərəkət edirdik. Budur, maşrutumuzun üstündə yerləşən və ən təhlükəli nöqtələrdən biri sayılan dərəyə daxil olduq. Birdən gördüm ki, bir nəfər köndələninə yolda uzanıb. Sürücü-mexanik sürəti azaltmadı. Başa düşdüm ki, o, maşını diri, yaxud ölü olduğunu bilmədiyimiz adamın üstündən sürüb keçmək istəyir. Tez qışqırdım ki, tankı saxla. O, ağlamsına-ağlamsına dedi ki, tankı saxlasam axı bizi vurarlar. Yenidən qışqırdım ki, vursaydılar bayaqdan vurardılar. Sən saxla. Tank yolda uzanmış adamın bir neçə metrliyində yola mıxlandı. Lyuku açıb tankdan çıxdım. Yerə tullanıb həmin adama tərəf getdim. O, ağsaqqal bir kişi idi. Gözləri yumulmuşdu. Özü də silahsız idi. Dizi üstə çöküb əlimi başının altına sürüşdürdüm. Ehmalca onu dikəltməyə çalışdım. Bu vaxt kişi elə bil huşa gəldi.
Gözlərini açmağa çalışıb dedi:
“Ay oğul, at məni yıxdı, belim bərk sərpib, tərpənə bilmirəm. Atı çək, məni qaldır qoy belinə, evin yolunu özü tapacaq.”
Mən qupquru quruyub qalmışdım. Eşitdiklərim məni heyrətə gətirmişdi. Sanki Araz qırağında idim və bu sözləri mənə atam deyirdi. Atdan yıxılmış bu kişi təmiz Azərbaycan dilində danışırdı, özü də elə bil ki, Əfqanıstana bizim Araz qırağındakı kəndlərdən birindən gəlib düşmüşdü.
Kişinin atı bizdən beş-on addım aralıda otlayırdı. Onun yüyənindən çəkib gətirdim, bu çəlimsiz qocanı qucağıma alıb atın üstünə qoydum və yüyəni onun ovcuna basdım. At da o saat yolun qırağı ilə bu dağlardakı hansısa kəndə tərəf üz tutdu.
Əfqanlar həm sağdan, həm soldan bütün bunları görürdülər. Amma həmin dəqiqələrdə bu dağlara elə bir sükut çökmüşdü ki! Bizə atəş açmırdılar, bizi vurmurdular. Görünür, onlar mənim bu cür hərəkət edəcəyimi gözləmirdilər. Çünki sovet əsgər və zabitləri əfqanların nəzərində vəhşi timsalında idilər. İndi isə onlar əsl insanlıq nümunəsi görmüşdülər. Əfqanları heyrətləndirən də elə bu idi. Odur ki, onların silahları susurdu.
Beləcə sağ-salamat gəlib Herata gedən karvana çatdıq. Bu gəlişimizlə də karvanı müşayiət edən əsgər və zabitləri hədsiz təəccübləndirdik. Onların hamısı məəttəl qalmışdı ki, biz təkbaşına o yolu necə keçib gəlmişik.
Sonradan öyrəndim ki, Əfqanıstanda xeyli azərbaycanlı yaşayır. Orada kəndlər var ki, hər birində beş-altı min nəfər yaşayır, hamısı da azərbaycanlıdır. Mənim Əfqanıstan təəssüratımın ən maraqlı səhifəsi də onlarla bağlıdır.
Onu da deyim ki, əfqanlar mənim kimliyimi öyrənmişdilər. Görünür, mücahidlərin kəşfiyyatı pis işləmirdi. Onlara bəlli olmuşdu ki, mən azərbaycanlıyam və müsəlmanam. Odur ki, əgər rus zabitləri dükan-bazara beş-altı silahlı əsgərin müşayiəti ilə gedib-gəlirdilərsə, mən qorxub-çəkinmədən nə isə almaq üçün tək də gedə bilirdim”.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Comments are closed.