Tarixi qaynaqlardan xəbərsiz və yaxud bəzi məkrli insanlar bütün əqli və nəqli dəlillərin əksinə olaraq Osmanlı və Səfəvi imperiyaları arasında baş vermiş “Çaldıran” döyüşünün məsuliyyətini Şah İsmayılın üzərinə atmaq istəyirlər. Bununla da məlumatsız insanlarda tariximiz haqqında yalnış təsəvvür və çaşqınlıq yaratmış olurlar. Bu məsələyə aydınlıq gətirmək üçün sizə “Çaldıran” öncəsi Sultanla Şah arasında olan son yazışmadan kiçik bir hissə təqdim edəcəyik ki, oxuyub əslində hansı tərəfin aqressiv aqressor olduğundan agah olsanız.

P.S. Məqsəd 500 il əvvəl olmuş ədavəti qabartmaq deyil, məlumatsız insanlarımızı məlumatlandırmaqdır..

Sultan Səlim yazır:

(3-cü məktubdan)

“….Bu əsnada səndən bizə qarşı gizlin və ya aşkar, xeyir və ya şər olmasından aslı olmayaraq cəsarətə eyham vuran bir vəziyyət müşahidə edilməmişdir. Xüsusilə də hazırda Azərbaycanda olan dağ və təpələrdə qalib ordumun dördayaqlılarının dırnaq izi aypara ilə dolu səmaya dönmüşkən, hələ ki, nə səndən bir səs-soraq var, nə də gözə dəyirsən. Elə yox olmusan ki, varlığın ilə yoxluğun arasında bir fərq yoxdur. Qılınc davası edənlərin qalxan kimi bəlalara sinə gərmək peşələri olmalı, ağalıq iddiası edənlərin dəbilqə kimi ox və nizə zərbələri ilə qarşılaşmaq qorxusu olmamalıdır.

Təhlükəsiz yerdə pərdə arxasında gizlənənləri ər adlandırmaq xətadır. Ölümdən qorxanların qılınca qurşanıb ata minməsi isə bəyənilməz haldır.

Ölümə doğru getməkdən kimsə qaçırsa
Zorla dartıb ölümə doğru yerindən tərpədərlər.

Belə bir vəziyyətdə gizlənərək bir küncə sıxılıb gözə görünməmənin səbəbi böyük ehtimalla müqayisə olunmaz dərəcədə güclü qoşunumdan qorxub çəkinməkdir. Elə isə belə bir ehtimalın (səndə ki, qorxunun) aradan qaldırılması üçün 40 min nəfərdən ibarət igid əsgərin ordumdan ayrılaraq Qeysəriyyə ilə Sivas arasında düşərgə salmasına əmr etdim. Düşmənə at oynatması və meydanı boş görməsi üçün bu qədər fürsət verilə bilər və bundan artıq olmaz. Əgər səndə az da olsa qeyrət və cəsarət varsa, gəlib şanlı və qalib əsgərlərimlə qarşılaşırsan….”

Şah İsmayıl Səlimə cavab yazır:

(Səlimin 3-cü məktubuna cavab)

“….Sultanlara yaraşmayan ifadələrə gərək yoxdur. Şübhəsiz ki, həmin dinsiz ifadə və fikirlər katiblərinin və tiryək çəkməkdən beyinləri qurumuş mirzələrinin yazdığı uydurmalardır. Bu qədər ləngimənin də bir zərurəti olduğunu düşünürəm. Buna görə də möhürümüzlə möhürlənmiş xüsusi keyfiyyətli qızıl ilə dolu mücrünü (qutunu) ən yaxın və etimad etdiyimiz Şahqulu ağa, – ruzisi bol olsun, – ilə birlikdə göndərdim ki, əgər lazım olarsa istifadə edərsən. Tezliklə gəlib çıxacaqdır. Allahın köməyi ilə qəzavü-qədərdə nə yazılıbsa o da baş verəcəkdir. Amma kiminsə sözünə əhəmiyyət vermədən ciddi şəkildə düşün ki, sonrakı peşmançılıq fayda verməz.

Bu məktub biz İsfahan torpaqlarında ov edərkən yazıldı. Sizinlə dərhal qarşılamağa tədarük görməyə başlamaqla yanaşı, dostcasına cavab yazdıq ki, istədiyiniz kimi hərəkət edəsiniz (seçim sizindir).

Səni çox incitmədən “heç bir günahkar başqasının günahını daşımaz” (Ənam,164) demək istəyirəm ki, əgər (bu) iş müharibə ilə nəticələnəcəksə, süstlük edib yubanma. Lakin sonunu da düşün. Vəssalam!..”

Və bu məktublardan sonra “Çaldıran” döyüşü baş verdi…

Mənbə: Facebook/Şah İsmayıl Səfəvi səh.

“Şah İsmayıl Səfəvi Tarixi-diplomatik sənədlər toplustu”

Comments are closed.