IV-cü Qacar–Rusiya müharibəsinin 100 illiyinə həsr olunmuşdur
Bu yazımız Azərbaycan tarixinin ən qaranlıq səhifələrindən biri – 1920-1921-ci illərin Qacar–Rusiya müharibəsi barəsindədir.
Rusiya ilə əvvəlki müharibələr nəticəsində Qacarlar dövləti Azərbaycanın şimalını və bütün Qafqazı itirmişdi. O vaxt hələ heç kim təsəvvür belə edə bilməzdi ki, bu hadisə Azərbaycan xalqını gələcəkdə hansı faciələrə düçar edəcəkdir.
Müstəmləkəçilik siyasəti yürüdən çar hökuməti Şimali Azərbaycanın qərb bölgəsinə erməniləri köçürməklə buranı Türkiyə ilə Azərbaycan arasında bufer zonasına çevirdi.
Lakin Rusiya imperiya bununla kifayətlənmək niyyətində deyildi. Sözsüz ki, Rusiyanın əsas hədəfi Qacar məmləkətini işğal edib cənubda İran körfəzinin sahillərinə çıxmaq, şərqdə isə Hindistana mümkün qədər yaxınlaşmaq idi. Hətta 1917-ci ilin bolşevik çevrilişi belə, bu dövlətin xarici siyasətinin strategiyasını və əsas istiqamətlərini dəyişdirmədi.
1920-ci il aprelin 28-də sovet Rusiyası Azərbaycanı istila etdi. Bundan cəmi 19 gün sonra – mayın 17-də Fyodor Raskolnikovun (1892-1939) və Serqo Orconikidzenin (1886-1937) komandanlığı altında rus qırmızı ordusunun hissələri ağqvardiyaçıların apardıqları gəmiləri geri qaytarmaq bəhanəsi ilə İranın Gilan vilayətinə soxuldular. Onlar qısa müddət ərzində gəmiləri geri aldılar, lakin bu ölkəni tərk etməyə tələsmədilər.
Artıq 1920-ci il iyunun 5-də İranın Xəzəryanı ərazilərində Gilan Sovet Sosialist Respublikası elan edildi. Bu respublikaya aşağıdakı şəxslər rəhbərlik edirdilər:
– hökumətin başçısı – islamçı Mirzə Küçük xan (1881-1921);
– xarici işlər komissarı – bolşevik Seyid Cəfər Pişəvəri (1892-1947);
– hərbi komissar – çar polkovniki və sovet komandiri Vasili Karqaleteli (1880-1946)
1920-ci il avqustun 14-də sovet hərbi müşavirlərinin rəhbərlik etdikləri İran qırmızı ordusu Tehran istiqamətində hücuma keçdi. Lakin Qəzvin ətrafında şah qoşunlarının şiddətli müqaviməti ilə rastlaşan qırmızılar məğlub olub geri çəkildilər. Düşməni təqib edən Qacar ordusu Rəşt şəhərinə daxil oldu. Avqustun 23-də S.Orconikidzenin əmri ilə XI ordunun 28-ci atıcı diviziyasının 244-cü alayı təcili surətdə Rəştə göndərildi. Ağır döyüşlərdən sonra bolşeviklər şəhəri yenidən işğal etdilər. Cəbhə xətti sabitləşdi.
Haşiyə. Maraqlıdır ki, qondarma “İran qırmızı ordusu”nun bir hissəsi ermənilərdən ibarət idi. Bədnam qonşularımız burada da Rusiya imperiyasının əlaltısı rolunda çıxış etdilər.
1921-ci il iyunun 5-də GSSR İran Sovet Sosialist Respublikası adlandırıldı. Bundan bir neçə gün sonra qırmızılar yenidən Zəncan və Tehran istiqamətində irəliləməyə çalışdılar. Lakin Qacar ordusu onların bu həmləsini də dəf etdi.
Sovet Rusiyası 1921-ci il sentyabrın 8-də öz qoşunlarını İran ərazisindən çıxardı. Zənnimizcə, bu addımın əsas səbəbi hərbi və ya siyasi uğursuzluqlar deyildi. Əksinə, Rusiya öz məqsədlərinin müəyyən bir hissəsinə nail olmuşdu. Bu, əslində, taktiki geriçəkilmə idi.
1921-ci il noyabrın 2-də Qacar ordusu İranın Gilan üzərində suverenliyini bərpa etdi.
Qələbə ilə başa çatmasına baxmayaraq bu müharibə Qacarlar sülaləsi üçün əsl fəlakətə çevrildi. Davamlı mübarizə dövləti zəiflətdi və 1921-ci ilin 21 fevral çevrilişi üçün şərait yaratdı. Həmin çevrilişin iki əsas rəhbərindən biri – Rza xan Pəhləvi əvvəlcə ordu komandanı, 100 gün sonra isə baş nazir oldu. 1921-ci ilin iyunundan etibarən ölkədə real hakimiyyət onun əlində idi.
1925-ci il dekabrın 12-də bu məsələ rəsmiləşdirildi. Beləliklə, əsası böyük hökmdar və alim Ağa Muhəmməd şah Qacar tərəfindən qoyulmuş Azərbaycan əsilli sülalə süquta uğradı.
Müəllif: Araşdırmaçı-jurnalist, Araz Şəhrili
Comments are closed.