Məşhur SALARİLƏR haqqında mövzunun davamı.
Parfiya imperiyasının sonuncu hökmdarının adı Salar Ərdaban Ərsaki (214-224) idi. Maraqlıdır ki, 220-226-cı illərdə Sasanilər Ərsakilərə qarşı qiyam qaldırdıqda o, köməyə məhz deyləmiləri çağırmışdı. İmperiyanın və sülalənin faciəli günlərində yalnız indiki Cənubi Azərbaycan və Deyləm camaatı Salar Ərdabana sadiq qalmışdı. Lakin Ərsakilər sülaləsini xilas etmək mümkün olmamış və hakimiyyət Sasanilərin əlinə keçmişdi.

590-591-ci illərdə İran ordusunun adlı-sanlı sərkərdəsi, Ərsakilərdən olduğu güman edilən Bəhram Çubin Sasanilərə qarşı üsyan qaldırdı. Dörd əsr əvvəl olduğu kimi, deyləmilər bu dəfə də Ərsaki nəslinin nümayəndəsini dəstəklədilər. Üsyan yatırıldıqdan sonra Bəhram Çubin və onun deyləmiləri Göytürk xaqanlığına köçdülər. 592-ci ildə Sasanilərin göndərdiyi muzdlu qatil Bəhramı öldürdü. Onlar yalnız bu yolla Ərsaki və deyləmi təhlükəsini sovuşdura bildilər. III əsrin əvvəllərində Azərbaycan şahı Salar Ərdaban Ərsakini dəstəkləmiş deyləmilərin Salarilər soyu – təxminən 800 ildən sonra – X-XI əsrlərdə Azərbaycan dövlətini idarə edən əsas sülalələrdən biri oldu.Haşiyə. Orta əsr müsəlman dövlətlərində qoşun başçısına, sərkərdəyə də bəzən salar deyilirdi. “Kitabi-Dədə Qorqud” dastanının əsas qəhrəmanlarından biri Salur Qazandır. Fəzlullah Rəşidəddin (1247-1318) yazır:

“Hakimiyyət uzun müddət Oğuz ailəsində qaldı. Bütün bu müddət ərzində hökmdarlıq həmin nəslin bir qoluna – Salar boyuna məxsus idi”. Salarilərin paytaxtı qədim Ərdəbil şəhəri idi. Azərbaycan tarixində mühüm rol oynamış bu şəhər XIV–XV əsrlərdə Səfəvilər xanədanının mərkəzinə çevrildi. Səfəvilərin rəhbərlik etdiyi qızılbaş ittifaqının əsas üzvlərindən biri isə salar tayfasının qaraman boyu oldu. Bugün salarlar əsasən Türkiyədə, Türkmənistanda və Çində yaşayırlar. Onlar Çinə Türkmənistandan köçmüşlər. Çin salarları bu ölkədə baş vermiş bütün müsəlman üsyanlarında fəal iştirak etmişlər. 1958-ci ildə sayları 100 min nəfərdən çox olmayan salarlar Çin dövətinə qarşı üsyan qaldırıb kommunistlərə şiddətli müqavimət göstərmişdilər. Onların rəhbəri Han Yimu öz döyüşçülərinə deyirmiş:

“Bu gün Xunhua, sabah Lanzhou, birisi gün Pekin”. Salar üsyançıları inanırdılar ki, Çini üç günə fəth edəcəklər. Amma bu kiçik türk tayfasının fədakarlığına baxmayaraq böyük Çin ordusu üsyanı amansızlıqla yatırdı. Han Yimunu əsir alıb Pekinə apardılar. O, yolboyu seyr etdiklərindən heyrətə gələrək bildirdi: “Bu çinlilərin sayı bizim yakların (camışların) sayından dəfələrlə çoxdur”. Han Yimu Çinin nəhəng və gücü bir dövlət oluğunu indi anlamışdı.

P.S. Qeyd etmək lazımdır ki, İmam Hüseynlə birlikdə Kərbəlada şəhid olmuş Əsləm ibn Əmr məhz türkdilli deyləmilərdən olmuşdur. Ona Əsləm ibn Əmr Türki də deyirmişlər. Əvvəl İmam Həsənə, sonra isə İmam Hüseynə xidmət etmiş Əsləm çox mahir ox atan, nizə və qılınc vuran olmaqla yanaşı, həm də yüksək ədəbə və əxlaqa malik bir şəxs idi. Türkdilli olduğu üçün ərəb dilində ləhcə ilə danışırmış. Kərbəla günü düşmənin qarşısına çıxıb onları əvvəlcə türk dilində hədələmiş, sonra isə ərəb dilində aşağıdakı rəcəzi oxuyaraq döyüşə girib şəhid olmuşdur. Nizə zərbələrimdən dəryalar coşar, Atdığım oxlardan göylər qaralar, Qılıncım əlimdə parlayan kimi, Kibrli paxılın (şeytanın) qəlbi yarılar.
Şeyx Abbas Qumi yazır ki, “İmam Hüseyn Əsləm ibn Əmr Türkinin cənazəsinə yaxınlaşıb onun yanında əyləşdi. Sonra isə əyilib üzünü şəhidin üzünə dayadı və bununla da igid türk (və ya deyləmi) döyüşçüsünə məhəbbətini bildirdi.
Halbuki O, (İmam Hüseyn) öz silahdaşlarının heç birinə belə ehtiram göstərməmişdi”.

Müəllif: Araz Şəhrili

Comments are closed.