Bu gün Nadir şahın anım günüdür.

1722-ci ilin oktyabrında İsfahan qiyam qaldırmış əfqanlar tərəfindən işğal edildikdən və Şah Hüseyn əsir düşdükdən sonra onun üçüncü oğlu Təhmasib paytaxtı tərk edib qaçmağa müvəffəq oldu və çox keçmədən özünü növbəti Səfəvi şahı elan etdi. Lakin Şah II Təhmasibin real gücü, qüvvəsi yox idi. Bir neçə il Azərbaycan, Gilan və Mazandaran ərazilərində qaçaq kimi yaşayan II Təhmasibin vəziyyəti əfşar tayfasından olan əfsanəvi sərkərdə Nadir xan Əfşarın rəhbərlik etdiyi hərbi birləşmənin ona qoşulmasından sonra dəyişdi.

Fitri istedada malik olan Nadir xan qısa müddət ərzində əfqanları darmadağın edib paytaxt İsfahanı geri aldı. Sonra osmanlılara qalib gələrək Azərbaycanı azad etdi. Ardınca isə əfqan qiyamçılarının axırına çıxmaq üçün Xorasan üzərinə yürüşə başladı. Bu zaman Şah II Təhmasib onunla razılaşdırmadan Osmanlı ordusuna qarşı hərbi əməliyyatlara başladı və müvəffəqiyyətsizliyə uğradı. Azərbaycanın şimalı itirildi, şah özü əsir düşmək təhlükəsindən güclə canını qurtararaq ağır şərtlər altında sülh müqaviləsi imzalamağa məcbur oldu. Bu xəbəri eşidən Nadir qəzəblənərək 1732-ci ildə Şah II Təhmasibi taxtdan saldı və onun 8 aylıq oğlu III Abbası növbəti Səfəvi şahı elan etdi. Bundan sonra hərbi əməliyyatları fəallaşdıran Nadir xan osmanlıları, rusları, qiyam qaldırmış dağlıları, ərəbləri, əfqanları və digərlərini məğlubiyyətə uğratdı. 1736-cı ildə təşkil olunmuş Muğan qurultayında Nadir Səfəviləri devirərək özünü şah elan etdi.

1738-ci ildə Hindistan, 1740-cı ilə kimi isə Orta Asiya Nadir şah tərəfindən işğal olundu. 1740-cı ildə Nadir şahın hərbi yürüşdə olmasından istifadə edən oğlu Xorasan valisi Rzaqulu Mirzə atasının sanksiyası olmadan Şah II Təhmasibi, onun övladları – 8 yaşlı Şah III Abbası və azyaşlı İsmayıl Mirzəni qətlə yetirdi. Nadir şah oğlunun vəhşiliyindən hiddətləndi, qoşun başçılarını toplayıb onlara dedi: “Oğlumun Şah Təhmasibi öldürməsi mənim ruhumu incidib, narahat edib. Buna görə də onu vəliəhdlikdən çıxarıram”.
Rzaqulu Mirzə daha ciddi cəzadan yayınsa da, etdiyi bu zülm yerdə qalmadı. 1742-ci ildə hərbi yürüş zamanı Rzaqulunun onun özünə sui-qəsd təşkil etməsindən şübhələnən Nadir şah oğlunun gözlərinin çıxarılması barədə əmr verdi. 1747-ci il iyun ayının 19-da Nadir şah öz qardaşı İbrahim xanın oğlu Əli xanın təşkil etdiyi sui-qəsd nəticəsində öldürüldü. Taxta çıxan Əli şah mərhum əmisinin övladlarını, o cümlədən kor Rzaqulunu edam etdirdi. Nadir şahın ölümü ilə onun qurduğu nəhəng imperiyanın da ömrü sona çatdı. Nadir şah Asiyanın sonuncu böyük fatehi idi. Napoleon Bonapart özünü yeni Nadir hesab edirdi. Onu Avropanın Nadir şahı da adlandırırdılar. Deyilənə görə, İosif Stalin Nadir şahı və rus çarı İvan Qroznını özünün müəllimləri bilirdi.

Bütün ətraf xalqlar və öz təbəələri Nadir şah Əfşarın qarşısında tir-tir əsirdilər. O, Rusiya, Osmanlı və Böyük Moğol imperiyalarının ən qorxulu yuxusuna çevrilmişdi. Fransız alimi, türkoloq və yezuit Lui Bazen yazır: “Nadir sanki taxt-tac üçün doğulmuşdu. Qəhrəmanlara və böyük hökmdarlara xas olan keyfiyyətləri təbiət ondan əsirgəməmişdi”. Digər fransız alimi, yezuit Pierre Bayen qeyd edir: “Nadir şah Osmanlı imperiyasının dəhşəti, Hindistanın fatehi, bütün Asiyanın hökmdarı idi”.

Araz ŞƏHRİLİ

Comments are closed.