1920-ci il may ayının 25-dən 26-na keçən gecə Azərbaycanın qədim Gəncə şəhərində sovet işğalına qarşı böyük xalq üsyanı baş vermişdir. Bu gün həmin şanlı tarixdən 101 il ötür.
Gəncə üsyanı Azərbaycan xalqının öz azadlığı, milli, dini və mədəni dəyərləri uğrunda mübarizə salnaməsinin ən parlaq səhifələrindəndir. Cəmi 5-8 gün davam edən üsyanın gedişində ən azı 12.000 gəncəli şəhid oldu. Şəhidlərin təxminən 8.000 nəfəri mülki əhali, onların da çoxu qadınlar və uşaqlar idi. İyunun 1-də şəhərə daxil olan qırmızılar südəmər körpələri də öldürürdülər. Qırğın və döyüşlər iyunun 4-dək davam etdi. 1920-ci ilin Gəncə qətliamı miqyasına və amansızlığına görə 1918-ci ilin mart soyqırımından geri qalmırdı.
Gəncə üsyanının məğlubiyyətə uğramasının əsas səbəbi qüvvələrin qeyri-bərabərliyi idi. Mücahidlərin sayı 4.000–6.000 nəfərdən artıq olmadığı halda, qarşı tərəfin şəhər ətrafında cəmləşdirdiyi döyüşçülərin sayı 30.000-ə çatırdı. Bundan istifadə edən işğalçılar şəhəri sıx mühasirə halqasına aldılar və üsyanın yayılmasına, genişlənməsinə imkan vermədilər. Bir məsələni də qeyd edək ki, üsyanda azərbaycanlılarla yanaşı, bolşevik rejiminə müxalif olan rus və polyak zabitləri də fəal iştirak etmişdilər. Onların əksəriyyəti döyüş meydanında şərəflə həlak oldu.
Düşmənin itkilərinə gəlincə, Gəncə döyüşlərində öldürülmüş bolşeviklərin sayı 8.000 nəfərdən çox idi. Keçmiş Rusiya imperiyasının ərazisində 1918-ci ildən 1921-ci ilədək davam etmiş vətəndaş müharibəsinin gedişində sovet qoşunları heç bir şəhər uğrunda döyüşlərdə Gəncədəki qədər itki verməmişdilər. XI ordunun bir neçə alay və diviziyası şəhər ətrafındakı bağlarda, eləcə də Gəncənin dar küçələrində tamamilə məhv edilmişdi. Bəzi ehtimallara görə, məhz Gəncə üsyanı Azərbaycanın gələcək statusu məsələsinə Moskvanın münasibətini dəyişdirdi. Güman edilir ki, bolşeviklər Azərbaycanı muxtar respublika statusunda Rusiyaya birləşdirmək istəyirmişlər. Lakin bu və digər üsyanlar onları milli məsələlərə daha ehtiyatla yanaşmağa məcbur etdi.
Ceyhun Hacıbəyli 1952-ci ildə çapdan çıxmış Azərbaycan dərgisində Gəncə üsyanı haqqında belə yazırdı:
“Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib-götürdü.”
Allah şəhidlərə rəhmət eləsin!
Müəllif: araşdırmaçı jurnalist, Araz Şəhrili
Gəncə üsyanı: qanla yazılmış şərəf tariximiz
In
Tarix
Comments are closed.