Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə (əyalətlərə) bölünmüşdü. Onlardan biri də mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Bəylərbəyilər qızılbaşlardan təyin olunurdu və onlar həmin ərazini irsən idarə edirdilər.
I Şah İsmayıl dövründə yaradılmış olan Qarabağ bəylərbəyliyi ilk vaxtlar Qara Piri bəy Qacar, daha sonra onun oğlu Rüstəm bəy Qacar tərəfindən idarə edilmişdi. Osmanlı müəllifi Heydər Çələbi öz “Rüznamə”sində Çaldıran döyüşündə öldürülən qızılbaş əmirləri arasında Gəncə və Bərdə valisi olan Sərdar bəy Qacarın da adını çəkir.


Daha sonra Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin tərkibində yerli inzibati-ərazi vahidi kimi xristian məlikliyi yaradılmışdı.
Xəmsə – əvvəllər Qarabağ bəylərbəyliyi, sonra isə Qarabağ xanlığı tərkibində olan beş məsihi məlikliyin XVII—XVIII əsrlərdə işlənilən ümumi adıdır. Bu ad ərəb dilindəki xəms (yəni «beş») sözündən əmələ gəlibdir və «beşlik» mənasını daşıyır. XVIII əsrin ortalarınacan Xəmsə məliklikləri bəylərbəylərə tabe idilər. Həmin məlikliklər bunlar idi: Dizaq, Vərəndə, Çiləbörd, Gülüstan (və yaxud Talış; Talış xanlığına aidiyyəti yoxdur), Xaçın.
Xaçin məlikliyindən başqa digərləri bura gəlmələr idilər. Bu məlikliyin sahibi isə 1240-ci ildə Alban Gəncəsər kilsəsini tikən Həsən Cəlal nəslindən olanlardir. Həsən Cəlalin nəsli isə öz növbəsində Albaniyada hakimiyyət sürmüş Mehranilər nəslinə gedib çıxır.

Erməni müəllifləri və onların digər həmfikirləri Qarabağ ərazisində mövcud olmuş beş xristian məlikliyinin rolunu şişirtməyə, hər bir məlikliyi az qala “erməni milli dövlətçiliyi”nin nümunəsi, “əsrlər boyu erməni dövlətçililiyi ənənələrini qoruyub saxlayan, yaşadan” qurum, knyazlıq və s. kimi təqdim etməyə və eyni zamanda erməni əhalisini tarixi Qarabağ ərazisinin yerli sakinləri olduğunu sübut etməyə çalışırlar.
Məsələn: erməni tarixçisi A.R.İoannisyan Qarabağ və İrəvan torpaqlarını erməni əhalisinin əsas hissəsinin cəmləndiyi “tarixi Ermənistan ərazisi” adlandırmaqla yanaşı, Nadir şah dövründə Qarabağ ərazisində olan xristian məlikləri “faktiki olaraq müstəqil hakimlər, öz ərazilərində tam ixtiyar sahibi, özlərinə məxsus hərbi qüvvəyə malik knyazlıqlar” kimi təsvir etmişdir.

İlk olaraq məliklərin özləri haqda: XIX əsr Qarabağ salnaməçilərinin məlumatlarına fikir verək. Mirzə Adıgözəl bəy Qarabağiyə görə, Xəmsə adı ilə məşhur olan beş mahalın hər birinin ayrı adı vardı. Bu mahalların sayı beş olduğundan, onlara Xəmsə adı verilmişdi. Dizaq məliyi Yeqan – Loridən, Vərəndə məliyi Şahnəzər – Göycədən, Çiləbörd məliyi Allahquluç- Mağavizdən, Gülüstan­ (Talış) məliyi Usub – Şirvandan gəlmədirlər. Digər “Qarabağnamə” müəllifləri də eyni faktı təsdiq edir. Hətta, əslən Cənubi Azərbaycan ermənisi olan Mirzə Yusif Qarabaği də öz əsərində məliklərin Qarabağa gəlmə olduğunu qeyd edir. Dövrün digər bir mənbəsində “Təzkirət-əl-mülk”də Qarabağ məliklərinin adları yoxdur. Bu onunla izah oluna bilər ki, …bu məlikliklər “ölkə”yə nisbətən daha xırda feodal mülkləri idilər, ikincisi məlikliklər XVII-XVIII əsrdə formalaşmışlar və XVIII əsrin əvvəllərində onların irsi mülklər kimi statusu hələ tam tanınmırdı”.

Qarabağın xristian məlikliklərinin əhalisi haqqında: erməni tarixçilərinin və onların həmfikirləri tərəfindən ictimaiyyətin beyninə belə bir fikir yeridilməkdədir: Qarabağ məlikliklərinin əhalisi ermənilərdən ibarət olmuşdur.
Məliklərdən dördünün – İsay, Şirvan, Sergey və İosifin 1723-cü ilin martında rus çarı I Pyotra yazdıqları məktubdan aydın olur ki, o zaman Azərbaycanda yaşayan xristianlar özlərini alban adlandırmışlar. İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə halında yaşayan ermənilərin müstəqil dövlət yaratmaq arzusuna təkan verən amillərdən ən başlıcası XVI- XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Bu müharibələrdə hər bir məqamdan məharətlə istifadə edən ermənilər yeni-yeni Azərbaycan torpaqlarını osmanlılardan satın almışlar.

H.Məmmədov İbrahim Rəhimizadənin “Gəncineyi-fəthi-Gəncə” əsərinə istinadən göstərir ki, 1588-ci ildə Gəncə-Qarabağ bəylərbəyi Məhəmməd xan Osmanlı ordusunun Gəncə şəhərinə yaxınlaşmasından bir neçə gün əvvəl tabeliyində olan 50 minə qədə insanı və öz ailəsini əyalətdən çıxarıb, Araz çayını keçərək Qaradağda yerləşdirsə də, bura gəlmiş Osmanlı ordusu tamamilə onları məhv etmişdir. Gəncə-Qarabağ əyalətinin qeyri-müsəlman olan məlikləri isə gəlib osmanlılara itaətini bildirdilər və bunun müqabilində öz vəzifələrində qalmaqla yanaşı, həm də yeni torpaqlar da aldılar.
Lakin heç bir sənəd heç bir mənbə ermənilərin bu torpaqlarda hakim olmaqlarını görsətmir.
Hətta 1805-ci ildə Qarabağ xanı ilə Rus çarlığı arasında imzalanan Kürəkçay müqaviləsinin müddəalarında ermənilər haqqında bir kəlmə belə yer almayıb.

Comments are closed.