Aprelin 8-i Təbriz Kitabxanasının yaradılmasının ildönümüdür. 1506-cı ildə Səfəvi İmperiyasının qurucusu Şah İsmayıl Təbriz kitabxanasını təsis edib. Bir növ incəsənət akademiyası olan bu kitabxanaya məşhur rəssam Kamaləddin Behzad rəhbərlik edib. Burada mahir ustalar, xəttatlar, rəngkarlar, zərgərlər, cildçilər və nəqqaşlar fəaliyyət göstəriblər.

Təbrizin bu Şah kitabxanasında təbabətə, riyaziyyata, astronomiyaya, tarixə, ədəbiyyata, incəsənətə dair minlərlə kitab toplanıb. 1522-ci ildə Şah İsmayılın şəxsi təşəbbüsü ilə kitabxana dövlət kitabxanası səviyyəsinə yüksəlmiş, kitabxana haqqında ilk dövlət fərmanı imzalanıb.

Görkəmli şərqşünas-alim H. Araslı yazır ki, “hələ XVI əsrin ilk günlərindən siyasi fəaliyyətə başlayan Şah İsmayıl Xətai (1502-1524) qədim Ağqoyunlu sarayının bütün mədəni irsinə sahib olub. Təbrizdə öz sarayında və Ərdəbildə Şeyx Səfi məqbərəsində böyük kitabxana təşkil etməyə müvəffəq olmuşdu. Bu kitabxananın əsası hələ XV əsrin axırlarında Ağqoyunlu hökmdarı Uzun Həsənin hökmdarlığı dövründə qoyulmuş, onun oğlu Sultan Yaqub tərəfindən inkişaf etdirilmişdi. Sultan Yaqubun kitabxanasında çox qiymətli əlyazmaların olması haqqında məlumat vardır. Bu əlyazmalar içərisində Əbdürrəhman Caminin əsərləri və digər nəfis əsərlər xüsusi əhəmiyyət kəsb edirdi”.

Şərqşünas-alim Ə.Məmmədov göstərir ki, Uzun Həsənin saray kitabxanasında “Əmələyi-kitabxaneyi hümayun” deyilən 58 nəfərdən ibarət kitabxana məmurunun xidmət etdiyi tarixi bir həqiqətdir.

Səfəvilər sülaləsinin banisi Şah İsmayıl görkəmli dövlət başçısı olmaqla yanaşı, istedadlı alim və şair idi. Onun sayəsində ölkədə Azərbaycan dilində yazılan kitabların sayı çoxaldı, Azərbaycan kitabı beynəlxalq arenaya çıxmağa başladı. Həmçinin Azərbaycan kitabxanalarının fondunda milli dildə kitabların sayının artmasına, Azərbaycan dilində kitab oxuyan oxucuların miqdarının çoxalmasına səbəb oldu. Şah İsmayıl Azərbaycan dilində yazılan kitabların sayının çoxalmasına diqqət yetirməyi lazım bilirdi. O, özü Azərbaycan dilində yazır, Azərbaycan dilində kitab oxumağa üstünlük verirdi.

Şah İsmayıl kitab yaymaq, kitab yaratmaq və kitabxanalar təşkil edilməsi işinə xüsusi qayğı göstərirdi. Şah kitabxanasında saxlanılan kitabxanalara öz adı ilə yazılmış möhür vurulmasını məsləhət bilirdi. Kitablara şah möhürünün vurulması kitabın şah kitabxanasına məxsus olduğunu bildirməklə, onların itib batmamasına şərait yaradırdı.

Kitabxana işinə böyük diqqət yetirən Şah İsmayıl sarayda kitabxana üçün ən yaxşı otaqlar ayırmışdı və kitabxananın yaradılmasına, avadanlıqla təchiz edilməsinə, tərtibatına xeyli vəsait sərf etmişdi. Nizaminin, Firdovsinin, Əssaı* Təbrizinin, Sədinin əsərləri saray kitabxanasının rəflərini bəzəyirdi. Bu kitabxana üçün kitabların əldə edilməsinə, kitab fondunun yeni, qiymətli əlyazmalarla zənginləşməsi işi ilə Şah İsmayıl şəxsən maraqlanırdı. Kitabxana öz dövrünün ən zəngin kitabxanalarından biri hesab edilirdi. Bu kitabxanada demək olar ki, Şərqin ən nadir əsərlərinə rast gəlmək olardı.

Şah İsmayılın şəxsi təşəbbüsü sayəsində bu kitabxana dövlət kitabxanası səviyyəsinə yüksəlmiş, kitabxana haqqında ilk dövlət fərmanı imzalanmışdı. Görkəmli rəssam Kəmaləddin Behzadın kitabxanaya rəis təyin edilməsi haqqında olan bu fərmanda Kəmaləddin Behzadın şəxsiyyətinə, sənətinə böyük şahın etimadı və hörməti ifadə edilir. O, görkəmli, nadir rəssam, şaha sədaqətli, bacarıqlı insan, Şah kitabxanasının böyük kollektivini idarə edən bir şəxs kimi göstərilir. Həmçinin fərmanda kitabxananın dövlət kitabxanası olması haqqında, o dövrdə kitabxananın quruluşu, kitabxana işçilərinin tərkibi haqqında çox qiymətli məlumatlar vardır. Bu fərman Şah İsmayıl tərəfindən 1522-ci ildə imzalanıb. Fərmanda göstərilirdi (ixtisarla verilir):

“…Bu ölkədə zəmanənin nadiri, rəssamların ustadı və müzəhhiblərin rəisi ustad Kəmaləddin Behzaddır. Onun çöhrə açan fırçasından Maninin ruhu xəcil olmuş və surət bəzəyən qələmindən “Ərtəng” (Maninin kitabının adıdır – red.) utandırılmışdır. O, həmişə başını qələm kimi lazımi işlərdən ötrü fərman xəttinə qoyaraq, itaət etmiş və ayağını hərgah kimi xilafət astanasının xidmət mərkəzində sabit etmişdir. Onu şahın lütflərinə və xalqının təvəccöhlərinə şamil edib fərman verdik:

Bütün padşah kitabxanasının üzvləri və katibləri, rəssamlar və müzəhhiblər, cədvəl çəkənlər, bəzəkçilər, zərgublar və başqa adı çəkilənlərin işləri məmləkət daxilində rəislik məqamı ona (Behzada) bağışlanılmış və əlaqədar edilmişdir. Bütün ziyali əmrlər, misilsiz vəzirlər, padşah dərgahının naibləri, göylə fərqlənməyən sarayın elçiləri, ümumən, sultanlıq işinin müdirləri, divan işinin məsulları, şah kitabxanasının əhalisi qeyd olunmuş cəmiyyət ustad rəisliyinə tanılıb, kitabxananın işlərini onun səlahiyyətinə və nəzərinə çatdırırlar. O, şeyləri ki, lazım bilir onu yazsın və möhürünü etibarlı düşünməlidir. Onun məsləhət və sözünə, şah kitabxanası işlərinin saxlanılması və buraxılmasına təcavüz və hörmətsizlik etməməli və bütün lazımı işlər ona məxsus tanıdılmalıdır. O da gərək əmanət və dəyanət surətini işıqlı qəlbinin səhifəsinə və xatirə lövhəsində təcəssüm etdirib, düzlük yolu ilə işə başlasın və bu yoldan çıxmasın Şahın bu fərmanını zati-alilərin imzası şərəfinə yetişdi, imza ilə bəzədildi və etimad etsinlər”.

Bu fərmanın şərtindən göründüyü kimi, Şah İsmayıl Xətainin kitabxanası çox böyük kitabxana olmuş, burada müxtəlif sənət sahibləri olan onlarla görkəmli şəxslər işləmişdir. Ümumiyyətlə, kitabxananın böyük işçi kollektivi olmuşdur. Kitabxanada kitabxanaçılar, katiblər, rəssamlar, müzəhhiblər, cədvəl çəkənlər, bəzəkçilər, zərgublar fəaliyyət göstərirdilər. Deməli, kitabxana təkcə kitabı toplayıb saxlayan bir müəssisə deyildi. Burada xəttatlar tərəfindən kitabın üzü köçürülür, rəssamlar tərəfindən rəsmlərlə, miniatürlərlə bəzədilir, müzəhhiblər (qızıl suyu ilə yazan rəssam) tərəfindən qızıl suyu ilə işlənilir, diaqramlar, cədvəllər və s. ilə təmin edilir, bədii tərtibat verilir, qiymətli materiallardan istifadə edilərək cildlənir, kitabxanaya təhvil verilirdi. Göründyü kimi, kitabxana həmçinin əlyazma kitabının hazırlanması üçün lazım olan bütün iş prosesini və sənətkarları özündə birləşdirən bir mərkəz-kitab sarayı olmuşdur. Buradan aydın olur ki, orta əsr Şərq kitabxanaları öz quruluşu etirbarilə Avropa kitabxanalarından, müasir kitabxanalardan o qədər də fərqlənmirdi.

Şərqşünas alim, prof, В.К. Zaxoder Qazı Əhmədin “Kalliqraflar və rəssamlar haqqında traktat” əsərinin rusca tərcüməsinə yazdığı müqəddimədə göstərir ki, orta əsrlərdə kitabxana kitab saxlanılan otaqla yanaşı, kitablara bədii tərtibat vermək, onları bərpa etmək və bəzəmək işləri ilə məşğul olan emalatxanadan ibarət olmuşdur.

Orta əsr kitabxanamızın tarixinə dair ilk elmi məqalənin müəllifləri şərqşünas Ə.Minayinin və Ə. Rəhimovun belə bir fikri ilə razılaşmaq olar ki, orta əsr saray kitabxanaları üç şöbədən ibarət olmuşdur: Birinci şöbə kitab saxlanan yer idi. Burada qiymətli materialdan hazırlanmış kitab rəfləri və təmtəraqlı geniş salonlar olurdu. Bu şöbədə kitabları toplayıb, xüsusi qaydalara görə düzüb saxlayan və oxuculara verən kitabxanaçılar işləyirdi. İkinci şöbə rəssam, xəttat və müzəhhiblər işləyən, yəni kitabın üzünü köçürən, onu gözəl rəsmlərlə bəzəyən, qızıl suyu ilə zinətləndirən sənətkarlara məxsus emalatxana idi. Üçüncü şöbə isə kitabı cildləyən emalatxanalardan ibarət olmuşdur.

Həmçinin orta əsr kitabxanalarının müdiri və işçiləri vəzifəsində çox görkəmli alimlər, rəssamlar, şairlər işlədiyi üçün bu kitabxanalarda geniş elmi iş aparılır, bədii əsərlər, rəsm əsərləri nəfis incəsənət nümunələri yaradılırdı. Elmi müəssisələr olmadığından və yaxud az olduğundan kitabxanaların işində dövrün kitab mədəniyyəti haqqında elmi-məlumat fəaliyyəti də diqqəti cəlb edirdi.

(Abuzər Xələfovun “Azərbaycanda Kitabxana İşinin tarixi” əsərindən)

Comments are closed.