Şeyx Heydər (Şah İsmayılın atası) öz tərəfdarları üçün xüsusi papaqların hazırlanmasına göstəriş verir. Bu papaqlar qırmızı rəngli keçədən olmaqla yuxarısı dairəvi və ensiz şiş ucluqla tamamlanırdı. Onun üstünə isə ağ və bəzən də yaşıl parça əmmamə kimi dolandırılırdı. Papağın aşağısından yuxarısına qırmızı rəngdə 12 dilim olmalı idi ki, bu dilimlər şiə imamlarının simvolik rəmzi idi.
Bu zolaqlar bir barmaq qalınlığında qırmızı rəngdə olduqları üçün həmin rənglərə görə də papağa ad vermişdilər. Bu papaqdan istifadə edənlər sonradan “qızılbaş” adlandırıldı. İlk vaxtlar bu papaqdan istifadə edənlər “qızılbaş” adlandırıldılarsa da, sonradan “qızılbaş” sözü hərbi mənasınından daha geniş anlamda işləndə və bütün Səfəvi tərəfdarları qızılbaşlar adlandırılmağa başlandı.12 qırmızı zolaqlı papaq ənənəvi əmmamələrdən fərqlənən bir papaq idi və ona görə də onun tətbiqinə başlanması müəyyən maraq doğururdu.
Doğrudur, Səfəvi təriqətinin tərəfdarları bu papaqların istifadəsinə başlanmasına etiraz etmədilər. Çünki mürşid göstərişi onlar tərəfindən qeyd-şərtsiz qəbul olunurdu. Azərbaycanın hakimi olan Uzun Həsən üçün isə Sultan Heydər tərəfindən yeni bir papaq hazırlanması və istifadəsi müəyyən maraq doğurdu və dərhal da öz elçilərini onun yanına göndərdi ki, həmin papağın nümunəsini ona gətirsinlər. Uzun Həsən bu papağı çox bəyəndi və hətta ailə üzvlərinə də göstəriş verdi ki, qızılbaş papaqlarından istifadə etsinlər. Ailə üzvləri bu göstərişə əməl etdilər. Yalnız Yaqub adlı oğlu qızılbaş papağını qoymadı. Mənbələrdəki məlumata görə, Yaqub, Sultan Heydərə bəslədiyi qısqanclıq üzündən bu papağı qoymadı. Uzun Həsənin vəfatından sonra Ağqoyunlu hökmdarı olanda isə Yaqubun Sultan Heydərə olan qısqanclığı düşmənçiliyə çevrildi. Heç şübhəsiz ki, qızılbaş papaqları güclü ideoloji məzmuna malik idi.
Əvvəla, bu papaqların ilkin dövrlərdə istifadəsi Səfəvi təriqəti tərəfdarlarının birliyinin və vəhdətinin nişanəsi idi. Bu papağı o insanlar qoyurdular ki, onlar mürşidlərinin fikir və baxışlarına etiqad bəsləyirdilər. Digər tərəfdən isə bu papaq onun sahibinin qoşulduğu mübarizənin dini etiqadla bağlı olmasının nümayişi idi. Bu papaqlar qızılbaşlara hər zaman islam müqəddəslərini xatırlatmaqla onların dini dəyərlər ətrafında mübarizəyə səfərbər olmasına sövq edirdi. Bəzi məlumatlara görə, Sultan Heydərin şəhid olmasından sonra qızılbaş papaqlarının istifadəsinə diqqət bir qədər azaldı.
Amma İsmayıl Səfəvi yeni dövlət qurulması istiqamətində öz hərəkatını başlayanda yenidən bu papaqlara diqqət artdı və ondan istifadə bir qədər də kütləviləşdi.
“Şah İsmayıl Səfəvi”, səhifə 68.
Comments are closed.