SONADƏK OXUYUN Kİ UNUTQAN OLMAYAQ!!!
1918-ci ildə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi ən qəddar qətliamlardan biri də Şamaxıda baş verib. Erməni silahlı dəstələri Şamaxıda və ətraf kəndlərdə yaşayan müsəlman əhalini qətlə yetirib, qadınlara, qoca və uşaqlara rəhm etməyib.Şamaxı qırğınları ilə bağlı 1919-cu ildə AXC Fövqəladə Təhqiqat Komissiyası Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdiyi vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialı tərtib edib. Bu sənəddə Şamaxı qırğınları şahid ifadələri, fotoçəkilişlər və birbaşa müşahidə əsasında hadisələr bütün detalları əksini tapıb.
Materiallarda qeyd olunur ki, 1918-ci il martın 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlı sakinləri top atəşlərinin səsinə oyanıb şəhərin cənubdan ermənilər, şimal-şərqdən isə molokanlar tərəfindən mühasirəyə alındığını gördülər. Şəhərin azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tutdular. Bu hücum müsəlmanlar üçün tam gözlənilməz olur. Çünki bir gün əvvəl erməni yepiskopu Baqrat və molokanların nümayəndəsi Karabanov Xaç və İncil qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə and içmişdilər. Əvvəlcədən döyüşə hazırlıq görməyən azərbaycanlılar müdafiə olunmağa təşəbbüs göstərsələr də, top və pulemyot atəşləri altında dayana bilməyib geri çəkilməyə məcbur oldular. Ermənilər və molokanlar bir neçə saatdan sonra şəhərin azərbaycanlılar yaşayan və erməni hissəsi ilə sərhəd olan “Piran-Şirvan” məhəlləsinə soxularaq evləri talan edir, yandırır, mülki əhalini qəddarlıqla qətlə yetirirlər.
Şəhərin ən abad, varlı və tanınmış müsəlmanlarına məxsus evlərinə od vurulurdu. Axşama yaxın müsəlmanlar ermənilərin yanına nümayəndələr göndərib sülh xahiş etsələr də ermənilər atəşi dayanmır. Yanğınlar bütün məhəllələrə yayılır və səhəri gün şəhərin ən zəngin evlərinin yalnız xarabalıqları qalır. Yanan evlərdən canını qurtarmaq istəyən sakinlərə – kişi, qadın və uşaqlara heç bir fərq qoymayan ermənilər onları ən amansız üsullarla qətlə yetiririlər. Şəhərin küçələrində meyitlərdən qalaqlar yarandı. Ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağılasığmaz qəddarlıq və işgəncə ilə həyata keçirirdilər. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyitləri atılıb qalmışdı. Onların döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla işgəncələrə məruz qalmışdı. Küçələrdə diri-diri pazlara mıxlanmış uşaq meyitləri də atılıb qalmışdı. Azərbaycanlıların evlərindən qarət və talan edilmiş əmlakları araba və furqonlarla erməni və molokan kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki bu vəhşilikləri bir neçə gün davam etdi. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrinin Şamaxı şəhərinə köməyə gəlməsini eşidən ermənilər və molokanlar Şamaxı qəzasının Qozlu-çay molokan kəndinə çəkilirlər. Ancaq Gəncədən gələn silahlı dəstələr Şamaxını tərk etdikdən iki gün sonra erməni və molokan quldur dəstələri ikinci dəfə Şamaxıya daxil olaraq bu dəfə şəhərin talan edilməsi və əhaliyə divan tutulması daha qəddarlıqla həyata keçiriblər. Şəhərin bütün azərbaycanlı hissəsinə od vurulmuşdu. Şəhərdəki bütün məscidləri (on iki məhəllə məscidin və 800 illik tarixi olan böyük memarlıq abidəsi “Cümə məscidi”), onların nəzdindəki müqəddəs yerlər yandırıldı.
Bir sözlə, şəhərin azərbaycanlılar yaşayan bütün məhəllələri tamamilə xarabazarlığa çevrilmiş, bir dənə də olsun azərbaycanlı evi salamat qalmamışdı. Şamaxıda qətllər xüsusi qəddarlıqla həyata keçirilib. Belə ki, qətlə yetirilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilmiş, gözləri çıxarılmış, qarınları yırtılmış, yandırılmış və böyük işgəncələrlə öldürülmüşlər. Ermənilər təkcə Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard manatlıqdan yuxarı dəyəri olan əmlakı qarət etmiş, şəhərin azərbaycanlılara məxsus bütün evlərini yandıraraq məhv etmişlər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan “Cümə məscidi yandırılmışdır. Şamaxı şəhəri kimi Şamaxı qəzasının da 86 azərbaycanlılar yaşayan kəndi ermənilər tərəfindən yandıralaraq məhv edilmişdi.Erməni silahlı birləşmələri martın 18-də sübh çağı Şamaxı şəhəri ilə yanaşı, onun 3-4 verstliyində yerləşən Əngəxaran kəndinə də hücum ediblər. Təhqiqat materiallarında həmkəndlilərinin və şahidlərin ifadələrinə görə tərtib edilmiş siyahılarda ermənilərin işgəncələrlə qətlə yetirdiyi 237 nəfərin adı vardır. Fövqəladə Təhqiqat Komissiyasının araşdırmasına görə Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetiriblər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaqlar olmuşdur.
Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu
Comments are closed.