Bildiyimiz kimi, Səfəvi imperiyasında dövlət dili türk dili idi. Sarayda, orduda və xalq arasında əsas istifadə olunan dil azərbaycan türkcəsi idi. Səfəvi xanədanı Şahları da həm məktublaşmada, həm digər sahələrdə doğma dilimizdən istifadəsinə üstünlük verirdilər.

Misal olaraq, alman səyyahı və tarixçi Adam Oleariy öz “Описание путешествия Голштинского посольства в Московию и Персию” adlı əsərində Səfəvilərin Şah Abbas dönəmi haqqında yazırdı:

“İsfahanda Şah sarayında olanlar türk dilində böyük həvəslə danışırlar və nadir hallarda onlardan bir fars sözü eşidərsən.”

Eynilə, Olearinin təsvirində göstərdiyi başqa bir hadisə maraq doğurur: “Ərəb Xan paltarını çıxartdı və tamamilə solğun və qorxudan kədərli halda durdu. Sonra (saray məmuru) yüksək səslə Xana türk dilində müraciət etdi: “Ai Areb Chan!” (Hey, Ərəb Xan!) Ərəb cavab verdi: “Nediersen?” (Nə deyirsən?) Məmur şəxs sözünə davam etdi: “Schah Sefine Chalet kunderdi we Rakem, Schah Sefi dustsen!” (Şah Səfi hədiyyələr göndərdi, sən Şah Səfinin dostusan!). Buna Khan sevinclə cavab verdi: “Shahueng doewleti berkarar olsun! We birkuni minkun olsun!” (Şahın dövləti bərqərar! Bir günü min gün olsun!”).

1684-1695-ci illərdə İranda yaşayan Fransız missioner Sanson, iranlıların mütəmadi olaraq “qorban olim, din imanum padshah, bachunha dunim” kimi ifadələrdən istifadə edərək Şahın mənəvi gücünə müraciət etdiklərinə işarə edirdi.

İngilis Coğrafi Cəmiyyətinin jurnalında deyilir:

“Fars dilini bilmək, səyahətçiyə bu ölkələrdə kömək edəcək; lakin Türk dili sonsuz dərəcədə daha çox əhəmiyyətə malikdir. İndi Türkiyənin özündə danışılanı deyil, Türkmanların [Azərbaycan türklərinin] dili olanı nəzərdə tuturam. Bu dil İranda, xüsusilə köçəri qəbilələr tərəfindən danışılır və ya anlaşılır. “

Comments are closed.