Cənubi Qafqazda, xüsusən də Azərbaycan ərazilərində xristian irsinə iddia edən erməni xristian kilsəsini daha yaxından tanımaq üçün keçdiyi tarixi dövrü yaxından öyrənmək lazımdır. Erməni kilsə tarixini yaxından öyrənməklə Qafqazda xristian irsi və bugünkü erməni kilsəsinin hansı mərhələlərdən keçdiyini bilmək, erməni kilsə iddialarının həqiqətlərini anlamaq mümkündür.

Tarixçi-alim, tədqiqatçı Əkbər Nəcəf erməni xristianlığını 2 dövrə ayırır.

Birinci dövr: Siyasi xristianlıq (313-1836)

İkinci dövr: Milli xristianlıq (1836-cı ildən günümüzə)

Bu iki xristianlığı birləşdirən iki amil var:

Birincisi monofizitlik

İkincisi ortaq ad (erməni)

Hazırkı erməni xristianlığı öz formasını 1836-cı ildə qazanmışdır.

Eyni zamanda tarixi olaraq erməni xristianlığı 3 mərhələdən keçib. İslamaqədərki dövr, İslam, yəni regionda ərəb-islam xilafəti hakimiyyətinin mövcud olduğu və ondan sonrakı dövr, nəhayət 1836-cı ildən sonrakı, yəni hazırkı milli erməni xristianlığı dövrü. Bu, həm də Azərbaycan ərazisindəki xristian irsinin erməniləşdirilməsi dövrüdür.
Məqalənin 2-ci hissəsinə keçid linki.

Müqəddəs Qriqor

XIX əsrin ikinci yarısından etibarən din ermənilər üçün tarixi, milli və coğrafi kimliyin qaynağıdır. Müqəddəs Qriqor Lusavoriçin xristianlıq baxışını qəbul edənlər birmənalı olaraq “erməni” adlanıblar. Erməni milli kimliyi də dini kimliyin tarixləndirilmiş tərkibi olaraq XIX əsrin ikinci yarısında formalaşdırılmışdır. Bu kimliyin tarixi mənada daşıyıcı olmasının iki başlıca səbəbi olub:

a) Erməni kimliyinin Armina və ya Arminiya deyilən coğrafiyada ortaya çıxması;

b) Erməni kimliyinin siyasi və dini olaraq “Parfiya (Arsak) dövləti” təməlində qurulması.

Qədim dövrdə Arminiya, orta əsrlərdə Erməniyyə olaraq işlədilən coğrafiyanın “Ermənistan” adlanması Fransız qaynaqlıdır. “Ermənistan” adı XIX əsrdən etibarən fransızcadan digər dillərə daxil olmuşdur. Osmanlı mənbələrində bu adı ilk dəfə Əhməd Cövdət Paşa istifadə etmiş, osmanlıcadan Azərbaycan dilinə daxil olmuşdur. Erməni mənbələrində bu ölkə Torkomyan, Torkomaçi, Askenaz, Saka, Hay və Haykazan adlanır. XVI əsrdən sonra, xüsusilə də Mixitaristlər vasitəsilə sistemli olaraq Hay və Haykazan adları işlədilməyə başlanılıb.

Erməni xristianlığı Parfiya xristianlığıdır. Yəni rəsmi və siyasi xristianlıqdır. Erməni kilsəsinin 451-ci ildə Xalkedon sinodundan sonra “kilsələrin qədimliyi mübahisəsi”nin ortaya çıxması nəticəsində özünü “apostolik” adlandırmağa başlayıb.

Orta Şərqdə Skif əsilli bir xanədan olan və İranda 4 əsrlik imperiya yaradan Parfiya 224-227-ci illərdə Sasanilər qarşısında məğlubiyyətə uğrayıb Atropatena və İranda hakimiyyətlərini itirdikdən sonra əsas siyasi və hərbi güclərini Şimali Azərbaycan (Albaniya) və Şərqi Anadoluda (Arminiya) ərazilərdə qorumağa çalışdılar. Bu coğrafiyada Parfiya kökənli Arsak və ya Arşak adında iki xanədan qolu ortaya çıxdı. Hər iki qol eyni kimliyə və eyni kökə mənsubdur.

Qeyd edək ki, Parfiya dövlətinin hakim sülaləsi iranlılar olub. Ermənilər isə həmin vaxt Parfiya dövləti tərkibində olan çoxsaylı etnik qruplardan biri olub. Yəni parfların erməni olması əsassız erməni yalanlarından biridir. Yazıda da qeyd olunduğu kimi, ermənilər məhz parf xristian mirasına sahib çıxaraq parfları “erməniləşdiriblər”.

Xristianlıq həm Albaniyada, həm də Armeniyada siyasi və rəsmi olaraq Arsaklar xanədanı tərəfindən qəbul edilmişdir. Yəni xristianlığı dövlət dini olaraq qəbul edən Urfa (Odesea), Romadan sonra tarixdə üçüncü dövlət iki Arsak dövlətidir. Buna görə də həm Albaniya, həm də Armeniyadakı xristianlıq eyni tarixdə (313-cü il), eyni şəxs tərəfindən (Maarifçi Qriqor) və eyni məqsədlə (dövlət dini) qəbul edilmişdir. Armeniya Arsaklarında xristianlığı qəbul edən hökmdar Tridat, Albaniyadakı hökmdar isə Urnayr olublar. Alban və erməni mənbələrində Roma, Armeniya və Albaniyanın eyni vaxtda xristianlığı qəbul etdiyi qeyd edilir.

Xristianlığın bölgədə eyni tarixlərdə qəbul edilməsinin səbəbi nə idi?

Roma imperatoru Konstantin xristianlığı qəbul etdikdən sonra Sasani hökmdarı II Şapura məktub yazaraq “özünü bütün xristianların hamisi” elan etdi. Bu dövrə qədər xristianların əsas kütləsi Parfiya, daha sonra da onların yerini alan Sasanilər ölkəsində yaşayırdılar. Sasanilər rəsmi olaraq zərdüşti olduqları üçün, Albaniya və Armeniyadakı Parfiya xanədanların xristianlığı qəbul etməsinə göz yumaraq, bu vasitəylə Romanın şərq xristianları üzərindəki təzyiqini azaltmağa cəhd etdi. Albaniya hökmdarı Urnayrın II Şapuru bacısının əri olması da Parfiya xristianlığı ilə Sasanilər arasında əlaqələrdən xəbər verir. Belə ki, “Albaniya tarixi”ndə Urnayrın xristianlığı qəbulu möcüzəsiz qeyd edilir.
Halbuki eyni tarixdə Tridatın xristianlığı qəbul etməsi möcüzə nəticəsində baş vermişdir.

Ayrıca, niyə görə Urnayırın xristianlığı Albaniyada fəaliyyət göstərən və həvarilərə bağlı xristian din adamlarından deyil, Maarifçi Qriqordan qəbul etmişdir?

Urnayr həvarilliyə bağlı camaat xristianlığını deyil, siyasi xristianlığı qəbul etmişdir. Belə ki, Maarifçi Qriqorun xristianlığı siyasi xristianlıq olub, bu anlayış Müqəddəs Pavelin “hər şeydə öz cisminizdən olan ağalarınıza qorxu və həyəcanla, ürəyinizin sadəliyi ilə İsaya tabe olan kimi, zahirən insana yaxşılıq kimi qulluq göstərməklə yox, ancaq İsanın oğulları kimi Rəbbin əmrini səmimi-qəlblə yerinə gətirməklə tabe olunuz” kəlamını əsas götürürdü ki, erməni və alban mənbələrində də qeyd edilir.

Pavelin bu kəlamı siyasi iqtidarı hüquqi və ilahi güc olaraq qəbul edilməsinin təsdiqidir. Roma, Armeniya və Albaniyada xristianlığın “kilsə-dövlət” ittifaqı üzərində qurulmasının başlıca səbəbi budur. Buna görə də, hər üç dövlətdə kilsə hakimiyyəti siyasi iqtidar tərəfindən təsdiq edilməli və böyük dini mərasimlərdə kilsə başçısı ilə birlikdə hökmdar da yer almalıydı.

Problem, Erməni siyasi xristianlığının, yəni Parfiya xristianlığının 1836-cı ildən sonra milliləşdirilməsi və “erməni milli kimliyi” halına gətirilməsi olmuşdur.            

Erməni kilsəsi, dövlət kilsəsi olaraq qurulmuşdur. Bunu erməni mənbələrində patriklik vəzifəsinin Maarifçi Qriqora hökmdar tərəfindən təklif olunması faktı da təsdiq edir.

Digər tərəfdən Maarifçi Qriroq özü də Parfiya (parfiya) əsillidir. İlk erməni dini lideri olan Müqəddəs Qriqor Lusavoriç (Suren Pahlav), Anak Parfiyaev adlı Parfiyalara mənsub bir əsilzadənin oğludur. Qriqor dini təhsilini Kayseridə almış və Kayseri katolikosu qrek (yunan) əslli Gevondios tərəfindən “16 işxanın (soyun) hökmdarı ilə birlikdə” təqdis edilmiş və “Erməni kilsəsi” Kayseri kilsəsinin bir parçası olaraq qurulmuşdur.

“Erməni kilsə”sinin özünü həvari (apostol) kilsəsi elan etməsi 451-ci ildə Xalkedon sinodundan sonradır. Buna görə də Həvari Faddey haqqında erməni mənbələrində hekayələr uydurulmuşdur.

Beləliklə, “Erməni kilsəsi” Parfiya (Arsak) siyasi xristianlığı olaraq ortaya çıxmışdır. Buna görə də, erməni kilsəsi Parfiya kilsəsi, Parfiya ənənəsi və siyasi baxışı üzərində inşa olunmuşdur. Bu məqsədlə erməni kilsəsi “k`ahanayapet” (katolikosluq) adlanır. K`ahanayapetlik ikili baxışa əsaslanır: hökmdar və dini lider. Erməni kilsəsinə ilahi təməl təşkil edən vaftizçi Yəhya və şəhid Atanaqinenin sümükləri Qriqora Kayseri katolikosluğu tərəfindən verilmişdir.

Beləliklə, Erməni kilsəsi Parfiya (Arsak) xanədanı tərəfindən siyasi olaraq qəbul edilmiş və Parfiya siyasi ənənəsini diniləşdirmişdir. Parfiya sülaləsinin ortadan qalxmasından sonra onun siyasi mirası xristianlaşdırılaraq kilsə tərəfindən davam etdirilmişdir. Bunun başlıca iki tarixi səbəbi olmuşdur:

–           Parfiya sülaləsi dövründə kral-katolikos (siyasi-dini) ikili idarəsinin yaradılması;

–           Bölgədəki bütün paqan inanclara mənsub ərazilərin və mülklərin kilsəyə verilməsi

Parfiya xristianlığının xüsusiyyəti

Parfiya xristianlığını siyasi xristianlıq olub, bölgədə Arsak xanədanlığının mənfəətlərinin və siyasi hakimiyyətinin qorunmasına xidmət edirdi. Arsaklar bu haqlarını dini çərçivəyə alarkən başlıca 3 prinsipi nəzərə alıblar: 1) Roma əleyhdarlığı; 2) Diofizilik; 3) Xristian olmayan bölgənin hakimlərinə qarşı kilsənin dəstəyini əldə etmək.

1.         Erməni kilsəsi Roma əleyhdarı mövqeyə sahibdir. Bu Eçmiədzinin inşasına dair rəvayətlərdə də vurğulanır. Eçmiədzində inşa edilən üç kilsədən biri Roma imperatorunun zülmündən qaçmış 35 rahibənin şəhadətini təmsil edir. Erməni mənbələrində “X`r`ip`simyanlar” olaraq məşhur olan bu hadisə Müqəddəs rahibələr Ripsime və Qayanenin xatirəsinin müqəddəs qəbul edilməsinə söykənir. Bu rahibə hekayəsi, Romaya “düşmən”çiliyi ifadə edərkən, eyni zamanda bölgədə bərəkət ilahəsi Anahida inancının mənimsənməsinə və xristianlaşmasına xidmət etmişdir.

2.         Erməni kilsəsinin “monofizit” olmasının başlıca səbəbi də siyasi olub, özünü Roma diofizitliyindən ayırmaqdır. Xüsusilə də 451-ci ildə Xalkedon sinodundan sonra Erməni kilsəsi özünü Roma kilsəsindən tamamilə ayırmışdır. Bu, 1836-cı ilə qədər davam edəcək diofizitlər ilə monofizitlər arasında ciddi münaqişəyə və mübarizəyə səbəb olmuşdur.

3.         Həm Albaniyada, həm də Armeniyada xristianlığı tam qəbul edilməsi 3-4 əsrlik uzun bir proses nəticəsində gerçəkləşmişdir. Belə ki dövlət xristianlıq əli ilə bütpərəstliklə mübarizə adı altında bölgə hakimlərinə qarşı ağır və çətin mübarizə vermişdir. Dövrün erməni və alban mənbələrində bu hadisələr birmənalı olaraq “bütpərəstliklə mübarizə” adı altında pərdələnmiş və mistik məzmunda izah edilmişdir.

Parfiya dövləti

Parfiya xristianlığı

Parfiya dövləti Roma zülmünə qarşı xristianların sığınacağı olmuşdur. Buna görə də həvarilərin və onların şagirdlərinin əsas fəaliyyət sahəsi Parfiya coğrafiyası idi. “Ərbil vəqayinamə” (550-ci ildə yazılıb) Parfiyada ilk yepiskopluğun Ərbildə Müqəddəs Fomanın şagirdi Faddey tərəfindən qurulduğunu qeyd edir. Sasanilərin 224-cü ildə hakimiyyətə gəldiklərində Parfiya dövlətinin Parfiyahia, Midiya, Kaşan, Xorasan, Mosul, Qaşqar və Persia əyalətləri daxil 20 əyalətdə yepiskopluqlarının olduğu bildirilir.

Buna görə də Parfiya dövləti özünü xristianlığın himayəçisi olaraq qəbul edirdi. 325-ci ildə Konstantinin özünü “bütün xristianların himayəçisi” elan etməsi xristianlığın Şərq və Qərb olaraq siyasi mənada bölünməsinə yol açdı. 410-cu ildə keçirilən Mar İshak sinodunda xristianlığın rəsmi olaraq “Şərq və Qərb” olaraq ayrıldığı vurğulanır. Buna görə, Qərb xristianlığını Roma, Şərq xristianlığını isə Parfiya, daha sonra da Sasanilər ərazisindəki xristian kilsələr təmsil edirdi.

Şərq xristianlığının ana mərkəzi Ərbil olmuşdur. Ərbildə yüksək dini məqam (yepiskopluq və ya patriarxlıq) Şümson (120-123) tərəfindən təsis edilmiş, Aha d Abuhi dövründə (273-291) bütün Şərq kilsələrinin ali dini məqamı qəbul edilirdi.

311-ci ildə xristianlığın Romada sərbəst elan edilməsi və 325-ci ildə İznik sinodundan sonra İmperator Konstantinin özünü “bütün xristianların hamisi” elan etməsi Şərq-Qərb xristianlığı arasında siyasi parçalanmaya səbəb oldu. Bu eyni zamanda Parfiya xristianlığının da parçalanmasına yol açdı. Bu parçalanma Xalkedon sinodundan sonra ortaya çıxdı.

451-ci il Xalkedon sinodu

Xalkedon sinodu

İsanın təbiəti ilə bağlı kilsələr arasında meydana gələn böyük mübahisəyə son qoymaq məqsədilə 451-ci ildə Roma imperatorun əmriylə Kadıköydə sinod keçirildi. Kadıköy sinodu “monofizitliyi” rədd edib, “diofizitliyi” qəbul etdi. Sinodun bu qərarı kilsələrin parçalanmasına səbəb oldu. Sinodda rəsmi olaraq iştirak etmədikləri halda Alban kilsəsi Kadıköyün qərarını qəbul edib diofizit olarkən, monofizit xristianları da himayə etdiyini açıqladı. Erməni kilsəsi isə rəsmi olaraq monofizitliyi seçərkən, gürcü kilsəsi də diofizit olmuşdur. Bu Alban kilsəsinin Roma kilsəsi ilə ortaq mövqedə olduğunu göstərir.

506-cı il Dvin sinodu

Dvin sinodu Kadıköy sinodu qərarlarına qarşı şərq kilsələrinin ilk reaksiyası idi. Bu sinodda diofizitlik rədd edilmiş və Xalkedonçuluq qəbul edilməz olaraq göstərilmişdir. 506-cı ildə keçirilən Dvin sinodunda Sasanilərin təsiri ilə Alban kilsəsi də Romadan ayrılaraq “monofizit”liyi qəbul etmişdir. 551-ci ildə isə Alban kilsəsi tamamilə müstəqil (autocephon) olmuşdur. 551-ci ildən etibarən Alban kilsə rəhbəri özünü “papa” elan etmişdir.

Alban kilsəsinin bu vəziyyəti 704-cü ilə qədər dəyişmədən davam etmişdir. Lakin 699-cı ildən etibarən Alban kilsəsinin diofizitliyə qayıtması kilsələr arasındakı toqquşmaya səbəb oldu.

632-ci il Ərzurum sinodu

Erməni kilsə tarixində “lənətlənmiş sinod” olaraq qeyd edilən bu sinodda ilk dəfə Erməni kilsəsi diofizitliyi qəbul etmişdir. Bizans imperatoru Heraklin dəstəyi ilə katolikos Ezr başçılığında keçirilən sinod monofizidliyi tərk edib diofizit olduğunu açıqlamışdır.

Bu sinodun aldığı qərar ermənilər ilə yunanlar arasındakı düşmənçiliyə səbəb olmuş və Erməni kilsəsinin Xilafət hakimiyyətini qəbul etməsində təsirli olmuşdur.

Nəticə:

1.         Erməni xristianlığı siyasi xristianlıq olaraq yaranmış və Parfiya (Parfiya) xristianlığı olmuşdur.

2.         Parfiya xristianlığının mərkəzi Ərbil olmuşdur

3.         311-ci ildə xristianlığı Romada sərbəst elan edilməsindən sonra Roma siyasi hakimiyyətinə qarşı olan Şərqi Anadolu (Armenia əyaləti) və Şimali Azərbaycandakı (Albaniya) Parfiyanın iki hakim qolu olan Arsaklar xanədanlığı özlərini rəsmi xristian dövlətləri elan etmişdilər.

4.         Erməni kilsəsinin təsisçisi Maraifçi Qriqor adlı Parfiya əsilli bir skif olmuşdur. Qroqor Kayseri yepiskopluğu tərəfindən təqdis edilmiş və Eçmiədzin kilsəsi kilsə iyerxiyası olaraq Kayseriyə bağlı olmuşdur.

5.         Siyasi xristianlıq olaraq ortaya çıxan Erməni kilsəsi 451-ci ildə Kadıköy sinodu qərarlarına qarşı çıxıb özünü monofizit elan etmiş və həvari kilsəsi olduğunu iddia etmək məqsədilə həvarilər haqqında uydurulmuş hekayələri qabartmağa başlamışdır.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Əkbər Nəcəf

Comments are closed.