Almaniyanın Höttingen universitetinin alimi Gerhard Deyrfer deyib: “Türkmən” sözünün hələ qarışıqlığa səbəb olması çox qəribədir. Leninqradda gördüm ki, İraq-Oğuz ədəbiyyatı “türkmən” adı altında kataloqda yerləşdirilib. Əslində isə “türkman” sözü “oğuz-köçəri” mənasını daşıyır. Ağqoyunlu və Qaraqoyunlu “türkmən”ləri şübhəsiz ki, azərbaycanlılardır”.
Sovet tarix elmi dövründə orta əsrlərin iki Azərbaycan dövlətinin – Ağqoyunlu və Qaraqoyunlunun adlarının rus dilinə “Çernıx baranov” və “Belıx baranov” kimi tərcümə edilməsi ənənəsi yaranmışdı.
Bu doğrudurmu?

Qafqaz Tarixi Mərkəzinin direktoru, azərbaycanlı tarixçi Rizvan Hüseynov əmindir ki, bu dövlətlərin adlarının düzgün yazılışı “Ağ-qoyunlu” və “Qara-qoyunlu” şəklindədir. Bundan əlavə, “qara” sözü eyni zamanda “böyük” anlamı da daşıyır. “Qoyun” sözünün “baran” kimi tərcümə edilməli olduğu düşünülsə də, bu heç də belə deyil.
“Bu, ona görə baş verib ki, Bayandur tayfasının (Ağqoyunlunun hakim sülaləsi) türk dilində “boran/buran” (qasırğa, tufan) kimi qeyd olunan damğası bəziləri tərəfindən səhvən “baran” kimi tərcümə edilib. Daha doğrusu, çox sonradan alimlər hesab ediblər ki, “qoyun/qoyon” və “boran/baran” damğası qoyun kimi təfsir olunmalıdır və dövlətlərin adları “Çernıe baranı” və “Belıe baranı” olmalıdır.
İkincisi, Qaraqoyunlu dövlətinin rəsmi adı “Yıvaiyyə” (Baharlı), Ağqoyunlu dövlətinin rəsmi adı isə “Dövlət-i Bayanduriyyə”dir. Yəni bu dövlətlərin nə adlarında “qoyunlu” sözü, nə də bayraqlarında qoyun təsviri olub”, – tarixçi qeyd edib.

Onun sözlərinə görə, Qaraqoyunlunun hakim boyunun mənşəyi oğuzların Yıva boyunun Baharlı tayfasındandır. Buna görə də rəsmi şəkildə dövlət Yıvaiyyə, hərdən isə Baharlı adlanıb. Qaraqoyunlu tayfa ittifaqının tərkibinə Baharlı, Sədli, Duharlı, Qaramanlı, Alpaut, Çəkirli, Hacılı və Ağaçəri tayfaları daxil idi. Bunların arasında aparıcı rolu Baharlı və Sədli tayfaları oynayırdı. “Ağqoyunlu – Bayandur tayfasının rəhbərlik etdiyi Oğuz tayfalarının konfederasiyasıdır. Bu dövlət Şərqi Anadolu və İranın qərbində 1501-1503-cü illərdə Səfəvilərin fəthinə qədər mövcudluğunu qoruyub saxlayıb.
Üçüncüsü, “qoyon/qoyun” sözü ali hökmdarın sağ əlinə verilən qədim titul anlamı daşıyır. Əgər “noyon” titulunu hakim və hərbi aristokratiyanın namizədləri daşıyırdılarsa, “qoyon” titulu çox nadir və hökmdardan sonra ən yüksək titul sayılırdı”, – Hüseynov bildirib.
Tarixçinin sözlərinə görə, Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin qurucularının öz başlanğıcını əfsanəvi Mukali qoyon Cəlayirdən götürdüyünü çox az adam bilir. Mukali 1170-1223-cü illərdə yaşamış məşhur sərkərdə və Çingiz xanın ən yaxın adamlarından biri idi. Qeyd edək ki, Çingiz xan Mukaliyə “qoyon” ali titulunu vermişdi. Bu titul ona hökmdarı əvəz etmək və imperiya rəhbərinin səlahiyyətlərini icra etmək imkanı verirdi. Mukalinin babası Terqetu-Bayan idi. Onun adı Bayandur tayfasından olmasını göstərir. Bu tayfa əsrlər sonra Ağqoyunlu dövlətini (Bayandur və ya Dövlət-i Bayanduriyyə) yaratdı.

“Orta əsrlər dövlət xadimi və XIII əsr tarixçisi Rəşidəddin “Came ət-təvarix” kitabında Çingiz xan qoşunlarının rəhbərini təsvir edərək yazırdı: “Çingiz xan onu Xitayla sərhəddəki (Mukali-qoyon) Qaraun-Cidun ərazisinə göndərəndə xitaylar ona “Qoyon”, yəni “böyük və hörmətli” ləqəbi verdilər. Onların ardınca Çingiz xan bu ləqəbi təsdiqlədi, onun nəsilləri də “qoyon” adlandırıldı”.
Yəni oğuz, uyğur və qara-kitaylar (xitay, katay) türk tayfalarında “qoyon” sözü “böyük və hörmətli” anlamını ifadə edib. Buradan aydındır ki, Qara-qoyunlu (Yıvaiyyə/Baharlı), və Ağ-qoyunlu dövlətlərinin (Dövlət-i Bayanduriyyə) adları “qara və ya böyük qoyun” kimi deyil, “Böyük və Ali qoyon” (rəhbər) kimi tərcümə edilir. Türk qoyon titulu dövlət və rəhbərin yüksək aristokratik statusu göstərirdi”, – tarixçi fikrini tamamlayıb.

Mənbə: https://www.rizvanhuseynov.com

Comments are closed.