Aran adı müsəlman mənbələrində “ər-Ran” şəklində qeyd edilir (1). Burada “ər” ərəbcə ön şəkilçi olduğundan sözün kökü “Ran”dır. Bu adı ərəblər süryanilərdən öyrəniblər. Suryani mənbələrində həmin ad “Ran” şəklində keçir (2).
Aran, müsəlman mənbələrində Cənubi Qafqzın tamamına yaxınını əhatə edən böyük ərazinin adı idi. Buraya indiki Şimali Azərbacyan, Ermənistan və Tiflis daxil olmaqla Gürcistanın bir hissəsi daxil idi. Zamanla Aranın inzibati ərazisi kiçilmişdir. Bunun başlıca səbəbi IX əsrdə ortaya çıxan sülalə hakimiyyətləri və həmin onların öz əraziləri ilə ad çıxartmaları (Şirvan-şirvanşahlar, Layzan-layzanşahlar, Muğan-muşanşahlar, Dərbənd-süləmilər və s.) idi.
Bu bölgüyə uyğun olaraq IX əsrin axırlarından etibarən Aran adı Kür və Araz çayları arasındakı ərazini əhatə edirdi. Müsəlman coğrafiyaçılarına görə, bölgə şimalda Şirvan və Şakki (Şəki) (3), cənubda İrminiyyə və Azərbaycan, cənub-şərqdə isə Muğanla həmsərhəddir.
Belə məlum olur ki, ilkin dövr müsəlman müəllifləri yunan və qrabarca əsərlərdə qeyd edilən Albaniya coğrafiyasını ümumilikdə “Arran” adlandırıblar. İbn Hövqəl “iki Aran”dan (Arraneyn) bəhs edir. Müsəlman coğrafiyaşünaslar Kür və Araz çayları arasında yerləşən Aranı “Beynən-nəhreyn” adlandırıblar.
Antik dövr müəlliflərinin əsərlərində “Albaniya” kimi qeyd edilən Aran Cənub-Şərqi Qafazın tamamını əhatə edirdi. Əvvəllər bölgənin mərkəzi Qarasuyun iki qolunun birləşdiyi nöqtədə yerləşən Kabala (Qəbələ) olmuşdu. Amma Çola üzərindən başlayan hun hücumları nəticəsində bölgənin paytaxtı Bərdəya (Bərdaa) köçürüldü.
Aran adı, pəhləvi, qrabarca əsərlərdə Albaniyanı idarə edən sülaləin adı kimi “Aranşah”lar adında keçir. Ərəb müəllifləri də mərkəzi Girdiman olan Mehranilər sülaləsinin idarə etdiyi dövləti məhz bu adla “arranşahi” (liranşah) adlandırıblar. Bəzi müəlliflər tam ad göstərməsələr də, mehranilər sülaləsindən olan Griqor, Çuvanşir (Cavanşir) və Varazın “aranşahi” titulu daşıdığını qeyd edirlər.
Aran adı türkcədir. Geniş mənada “yaylaq” mənasına gələn bu ad Qaşqarlı Mahmudun “Divan lüğət-it-Türk” əsərində həm “aran”, həm də “aranlıq” şəkində iki yerdə qeyd olunub. Ona görə, türklər “aran” adını “axur, at tövləsi” mənasında işlədiblər. “Aranlıq” isə “heyvan sağlanan yer, axurluq, axuru ola yer” deməktdir (4). Yayı isti, qışı mülayim keçdiyi üçün Aran türklərə görə qışlaq məkandır. Tarixən bu bölgələr qışlaq olaraq istifadə edilmişdir. Azərbaycan şifahi xalq yaddaşında “aran”-“isti, düzən yer, qışlaq yer” mənası kəsb edir (5).
Orta əsrlərdə, xüsusuilə də Səlcuqlu dövründən etibarən Aran adı bəzən indiki bütün Şimali Azərbaycanı əhatə edəcək şəklidə istifadə edilirdi. Amma Aran adı sadəcə Azərbaycana məxsus deyil. Geniş Türk coğrafiyasında Aran adlı xeyli toponimə rast gəlmək olar. Misal üçün, Krım ərazisində Aranada, İrkutsk vilayətində Aranqala, Sibirdə Arankul kimi yer adları ilə yanaşı, Azərbaycanın özündə də bu adla xeyli yaşayış məskəni var. Misal üçün Tovuz rayonu ərazisində bir dağ Aran adlanır. Həmin dağın ətrafındakı kənd də eyni adı daşıyır. Qəbələ rayonunun ərazisindəki dağ silsiləsi də Aran adlanır. Bundan başqa Lerik rayonu ərazisində Aran dərəsi, Masallı rayonunun Yolacaq kəndində Aran dərəsi, Kəlbəcər rayonunun Mozkənd kəndində Arantəpə, Xocavənd rayonunda Urandağ və s. qeydə alınmışdır (6). Yenə indiki İran coğrafiyasında da eyni adlı məkanlar mövcuddur. Ayrıca pəhləvi dövrü mətinlərində Pers dövlətinin “Aranşahr” və ya “Eranşahr” adlandığı məlumdur. Hətta VIII-IX əsrdə tamamlandığı qeyd edilən pəhləvicə coğrafiya əsəri “Şahrestaniha i Eranşahr”də (6a) açıq şəkildə “Eran” (Aran) adı yer alır (6b). Sasani hökmdarları da öz ölkələrinə “Eran”, hökmdarlarına “şahan şah eran” (Ardaşir şahan şah eran) adını veriblər (6c).
Qərb və müasir İran tədqiqatçıları bu adı bir mənalı olaraq “aryan” sözü ilə açıqlayırlar. Hətta Mac. Kenzie pəhləvicə “eran” sözünü fonetik olaraq düzəldərək “aryan” şəklinə salmışdır. Oysa, pəhləvicə mətinlərdə “aryan” sözü “eran”dan fərqli şəkildə “aryanem” olaraq keçir. Əgər pəhləvi mətinləri özləri “aryan/arian” ilə “eran” adlarını bir-birindən ayırırlarsa, hansı səbəbdən tədqiqatçılar bu iki adı eyniləşdirmək ehtiyacı hiss ediblər?
Buradan da yol çıxaraq bəzi tədqiqatçılar “eran” adının sanskrit dilində kökünü axtararaq “aryan”, oradan da perscə “İran” olduğunu iddia ediblər. Bu təzad tarixşünaslıqda hələ də həll edilməyib. Ehtimal ki, müsəlman dövrü mənbələrində “İran” olaraq oxunan adın əsli “Aryan” deyil, “Eran” olmalıdır. Buna uyğun olaraq ilkin müsəlman müəllifləri “Ərməniyyə” adını “İrminiyyə” olaraq oxuyublar.
Müasir Qərb və İran tədqiqatçılarının “Eran” və “Aryan” adlarını eyniləşdirməsinə baxmayaraq, “Eran” sözü pəhləvicə “Aran”ın fərqli oxunuşundan ibarətdir. Belə olan halda Aran adının yaranması mübahisə doğurur.
Movsey Kalankatuklunun əsərində belə bir maraqlı məlumat var: “Vologez (Part/Parfiya hökmdarı 50-76-cı illər – Ə.N.) öz hakimiyyətini şimal tayfaları üzərində bərqərar edəndə o, yanına şimal düzənliklərində və Qafqaz dağları ətəklərində, dağlardan cənubdakı dərələrlə çöllərdə və düzənlik başlanan yerlərdə yaşayan vəhşi qəbilələrin başçılarını çağrıb, onlara qarətlərlə qətillərdən əl çəkib, çarın vergilərinin itaətlə ödənməsini əmr etdi. Çar qəbilələr üzərində hakim və canişinlər təyin edir və onun əmrilə Yafəs nəslindən və Sisakan (Sünik) soyundan olan Aran onlara hakim təyin olunur. Aran Araz çayından başlayaraq Hunan qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır” (7).
Movsey Kalankatuklu aşıqlamasını belə davam etdirir: “… həmin Aranın nəslindən olan məşhur və cəsur ərlərin çoxunu çar Vologez özü hakim təyin etmişdir. Uti, Girdiman, Tsovd ve Qarqar knyazlıqlarda yaşayan xalqlar da həmin Aranın oğullarının nəslindəndir” (8).
Kalankatuklunun verdiyi məlumatdan aydın olur ki, işquz əsilli Part imperiyası zamanında hökmdar Vologez Sünik əslindən olan Aran adlı birisini Aranın (Albaniyanın düzənlik hissəsinin) hakimi təyin etmiş və Uti, Girdiman, Tsovd və Qarqar knyazlıqlarının xalqı da həmin bu şəxsin övladlarının törəməsidir. Buradan Aran adlı hökmdarın Vologez zamanında (50-76) Albaniyanın bir hissəsinin hakimi olduğu və onun nəslindən xanədan sülaləsi “aranşahlar”ın törədiyi aydın olur. Kalankatukluya görə bu şəxs Sisakan soyundandır.
Aran adının etimilogiyasını dəqiqləşdirmək çətindir. Hər şeydən əvvəl Alban-Aran adları arasında paralelliyin olduğun diqqət cəlb edir. Bu yaxınlıq Movsey Kalankatuklu tərəfindən də qeyd edilir: “Onlar öz ölkələrinə Ağvan (Alban) adını ona görə vermişlər ki, Aranın özünü, yumşaq xasiyyətinə görə “ağu” (mehriban) deyə çağırırdılar” (9). Müasir erməni tədqiqatçıları “ağu” (alu) adını ön plana çıxardarak Aluank (alu/ağu+ank) şəklini əsas alıblar. Amma erməni tarixçilərin apardığı etimoloji təhlillər elmi cəhətdən qənaətbəxş deyil (10). Erməni tarixçiliyinin başlıca problemi “erməni kimliyini” (etnik, dini və ölkə kimliyini) mərkəzə alaraq məsələni öyrənməyə çalışmasıdır. Belə olan halda, problemin həlli üçün seçilən metodun özünün problemli olduğu unudulur. Hər şeydən əvvəl “qrabarca mənbələrin” heç bir orijinallığı yoxdur və bunlar yazıldığı iddia edildiyi dövrdən ən azı min il sonraya aiddir. Üstəlik bu əsərlərin istinsah deyil, tərcümə və mətbu əsərlər olması həmin mənbələrə qarşı şübhələri daha da dərinləşdirir. Bu da, müasir erməni tarixçiliyinin ən böyük problemi olaraq qalmaqdadır. Nəticə etibarı ilə Alban+Aran adlarının təhlili üçün gətirilən arqumanlar elmi olmaqdan çox uzaqdır.
Tədqiqarçı-alimlər Alban+Aran adlarının etimoloji təhlili üçün başda kəltcə olmaqla Hind-Avropa və Kafkas etniklərinin dillərini əsas alırlar. Kəlt xalqları və kəltçə haqqındakı iddialar hələ də özünü doğrultmayıp. Kafkaz etniklərinin dil yadigarları isə ən qədim XVIII əsrə ait olduğudan həmin sözün etimolojik tərkibini müəyyənləşdirmək üçün müraciət ediləcək ən son variantdır.
Movsey Kalankatuklunun əsərinin əsas əlyazması olmadığı üçün əsərin orijinallığını təyin etmək qeyri-mümkündür. Böyük ehtimalla XIII əsr tərcüməçilərinin ciddi nəzarətindən keçərək grabarcaya tərcümə olunub. Amma müəllifin hökmdar adı olaraq Aranı, ölkə adı olaraq da hökmdarın adına uyğun Alban adını ön plana çıxartması təsadüfü deyildir.
Bu problemi qədim çincə mətinlərin həll edicəyi qənaətindəyik. Belə ki, hər iki kəlimə qədim türk dilinin ahəng qanunlarına uyğun bir-birinin əvəzləyicisidir. “Igid” mənasında alp (11)ilə “döyüşçü, əsgər, igid, qəhrəman” mənasında ərən (12)adları eynidir. Hər iki söz b.e.ə. 1500-cü ildə Çin mənbələrində xalq mənasında junq (yunq) olaraq qeyd edilir. Çinlilər tilərin (ən qədim türklərin) silahlı qanadını təşkil edən və sonradan müstəqil tayfa ittifaqına çevrilən silahlı qruplara “əsgər, silah, döyüşçü” mənasında alp (junq) deyirdilər. Həmin ad çincə deyildir. Sonrakı dövr mənələrində bu ad alban adının çincə tələffüz qaydalarına uyğun olaraq yüeban şəklini almışdır. Çin mənbələrinə görə, yün/yun/yu adı sak (skif), junq və hun tayfalarının yarandığı ana qəbilənin adıdır (13).
Çin mənbələri albanların hun mənşəli olduqlarını açıq şəkildə qeyd edirlər. “Vei-şu” və “T`anq-şu” adlı çincə mənbələrdə “albanların əsli hunların şimal hökmdarının boyundan gəlir” deyilir (14). Çinlilər hunları Kui-çi (Kuça) bölgəsində yaşayan hissəsini alban adlandırırdılar (15). “Mühafizəçi, əsgər” mənasına gələn “alban” adı hun hakim sülaləsi ətrafındakı hərbi birləşməni ifadə edirdi. Bu ad, V.V.Radlova görə, türkcə “alp-alb” (16) şəklində “igid, döyüşçü, qəhrəman” (17) mənasında XIX əsr türk xalqlarının dilində də işlədilirdi (18).
“Alban” adı “alb-an”dan əmələ gəlib (19). Buradaki “an” irani dillərdə yer və ya məkan şəkilçi olmayıb, türkcə sifət bildirən feil şəkilçisidir (kuman, yalpan kimi). “Alp” sözü qədim türk kitabələrində “igid, cəsur, çətin”, Qaşqarlı Mahmudun lüğətində isə “alp, igid, qəhrəman, bahadır” mənasında göstərilib (20). Türk tayfaları arasında “alpaqut” (alpavut) adlı bir tayfadan da bəhs edilir (21).
Çin mənbələri albanların dil və adətlərinə görə qədim oğuz tayfası kao–çelərlə eyni olduğunu qeyd edirlər. Eyni mənbələr albanların kao-çelərdən daha təmizkar olduqlarını yazır: “Saçlarını türklər kimi uzadıb, xüsusi yağ sürtürlər. Belə olan halda saçları parlaq görünür. Onlar yeməkdən sonra gündə üç dəfə yuyunurlar” (22).
Çın mənbələrinin bəhs etdiyi albanlar Yedisu və İli çayı ətrafından hunların yaratdığı Yüeban (Alban) dövləti idi. Orta Asiyadaki Alban dövlətinin Qafqaz Alban dövlətindən təqribən altı əsr sonra ortaya çıxması Azərbaycan tarixçilərini hər iki xalqı eyniləşdirmək fikrindən yayındırb. Bu yanlışlıq albanşünasların Çin mənbələrini bilməmsindən qaynaqlar. Həm Orta Asiya albanlarının, həm də Qafqaz albanlarının ulu babası hesab edilən alplar Çin mənbələrində b.e.ə. XVII əsrdən etibarən adları çəkilir. Çini min il lərzəyə salan alplar, qədim çincə sənədlərdə “junq” adı ilə qeyd olunublar. Junqlar hələ türk mənşəli Çu imperiyası dövründə (b.e.ə. 1050/27 – 250) Çin tarixində müstəsna rol oynamış türk xalqlardan biri idi (23).
Junqlar (yunq) adı qədim çincə “alp, döyüşçü, igid, əsgər” mənasına gəlir. Daha əvvəlki yüzillərdə onların adı çincə kitabələrdə yu və ya yi (yay)olaraq qeyd olunur. Çində Hsia sülaləsi dövründə (b.e.ə.2100-1600) çinlilər şimalda yaşayan əcnəbi xalqlara yi deyirdilər. Şanq sülaləsi dövründə (b.e.ə.1600-1027) yi adı ümumilikdə Çinin şərqində məskunlaşan xalqlara verilirdi. Bu ad daha qədim türk tayfalarından çüan-yilərin adında qorunmuşdur. Çüan-yilər doqquz yi (doqquz yay, yəni doqquz oğuz) adlanırdılar (24).
Qədim Çin mənbələrində yu-albanlar (yo-junq) adlı bir türk tayfasından da bəhs edilir. Huai-nen-tzu təzkirəsində “yo-junqların çuların şimalında” yaşadıqları göstərilib (25). Şanq imperiyası dövründə dini əhəmiyyət kəsb edən dua şeri olan “Böyük Yüksəliş”də belə deyilir: “Yo-junqlar yavaş-yavaş gücləndilər. Junqlu qız Çien-ti hökmdarla evləndikdən sonra bir oğlan dünyaya gətirdi və Şanq dövləti yarandı”. Belə məlum olur ki, Çindəki Şanq dövlətinin ilk hökmdarı ana tərəfdən alban idi (26).
Sonrakı dövrlərdə çinlilər “kəsib öldürən, vəhşi, silah və əsgər” mənasında da “junq” sözünü işlədiblər (27). Belə məlum olur ki, çinliləri vahiməyə salan junqlar onların nəzərində bütün bu xüsusiyyətləri özündə cəmləşdirirdilər (28). Türkcə junq adı “alp” (igid, qəhrəman, döyüşçü) idi. Hətta junq tayfaları arasında junq-man=yue-man (alban) adını daşıyan ayrı bir tayfa da vardı. Junqlar türklərin döyüşçü süvari dəstələrini təşkil edirdi. Yəni junq-alp adı hərbi-siyasi termin olaraq ortaya çıxıb.
Çincə mənbələrdə junqların “yun” soyadını daşıdıqları qeyd edilir. Yun-junqların Çində Ç`in və Çin dərəbəylikləri arasındakı toraqlarda yaşadıqları qeyd edilir. Qədim çinlilər saka (skif) xalqlarının həmin yun-junqlardan törədiklərini yazırlar. Çin mənbələrdinə sai/say adlanan yun-jinq əsilli sakların Qansu əyalətinin Tunq-huanq bölgəsində məskunlaşdıqları qeyd edilir (29).
Alban adı ilə Aran adı eyni mənalıdır. Bunu qədim çincə mənələrdə yer alan məlumatlar da təsdiq edir. Belə ki, Çu dövrü sənədlərində (b.e.ə.1050-250) junq adı “Ronq” (Ron) olaraq da oxunurdu. Bu adın çincə olmadığı məlumdur. Çünki süryani mənbələrində də Aran adı “Ran” şəklində qeyd edilib. Qədim çinlilər “Ronq” (Ron) adını “alp” (döyüşçü, ordu, əsgər, düşmən, döyüş arabası) olaraq açıqlayırlar. Ronq çincədə “Aran (Aranq)” adının pozulmuş tələffüzüdür (30). Maraqlı cəhətdir ki, yi-ronq (yun-junq) tafalarından bəhs edərkən, qədim çinlilər buradakı “yi” (yun-yunq-junq) adını xüsusi mənada “yay”, ümumi mənada isə “düzən, ovalıq” (aran) şəklidə izah edirlər. Çincə işarələrdə “yi” – “bardaş qurub oturan insan” şəklində təsvir olunub (31). Qeyd edək ki, qədim türk dilində “Aran” – “düzənlik” mənasında işlədilib.
Yəni qədim çincədə “Alban” və “Aran” adları junq-ronq (alp-aran) sözlərindən yaranıb. Bu ad isə qədim türklərdə hərbi-siyasi termin idi.
Əslində alban və ərən sözlərində “an, ən” şəkilçiləri “qaydasız cəm şəkilçisi” olub Türk dilləri üçün spesivikdir: oğlan=oğul+an, kızan=kız+an. Amma “an” sifət şəklçisi də ola bilər: baran=bar+an, kuman=kum+an. Qədim Uyğur dilində “alp” sözü a`lp, a`lıp şəklində qeyd edilir (32). Orxun kitabələrində alpaqu adı keçir. Orta əsr türk tayfaları arasında alpagut adlı boy vardı. Bu adın qədim forması “yılpaqut” olup “yılp=alp, aqut=iqit/igid” sözlərinin birləşməsindən əmələ gəlmişdir (33). Qədim çincədə tayfa adı olaraq qeyd edilən jinq (yunq) adı qədim türk dilində “yeğ/yiğ”lə bağlı olub “ən yaxşı” mənasındadır. Bu ad da “seçilmiş əsgər, silahlı” (alpağu – cəsur döyüçü, igid döyüşçü) mənasına gəlirdi. Movsey Kalankatuklunun əsərinin istinsah müəllifləri Aranın hökmdar kimliyinin bir ifadəsi olan “yeğ”i qrabarcada “yumuşaq, mehriban” mənasında “ağu” olaraq tərcümə ediblər. Bütün bunları nəzərə aldığımızda Alban və Aran adı “cəsur döyüşçülər, cəsir igidlər” mənasında hərbi-siyasi termin olaraq qarşımıza çıxır.
Ədəbiyyat
1. Traver K.V., Oçerki po istirii i klture Kavkazskoy Albanii IV v. do n.e.-VII v.n.e, Moskva 1979.
2. Xətib Zəkəriyya “Aran” şəklində yazıb (Psevdo-Zaxariy Ritor, XII:7).
3. MinorskyV.F., İstoriya Şirvana I Derbenda X-XI vekov, Moskva, İzdatelstvo Vostoçnoy literaturı 1963, s. 29.
4. Kaşgarlı Mahmud, Diban-i Luğat-it-Türk, B. Atalay nşr., v. I, s. 76, 148.
5. Yusifov Y.B., Kerimov S.K., Toponimikanın esasları, Bakı, Maarif 1987, s. 14; Əhmədov T., Azərbaycan toponimikasının əsasları, Bakı, Bakı Universiteti nəştiyyatı 1991, s. 34.
6. Azərbaycan Toponimlerinin Ensiklopedik Lüğəti, Tərtibçilər: R.Əliyeva, Q.Məşədiyev, E.İnanc, T.Baxşıyeva, Ş.Qocayeva, Bakı, Şərq-Qərb 2007, s. 42-43.
6a. Markwart J, A Cataloque of the Provinical Capitals of Eranshahr, Pahlavi text, version and commentary, ed. G.Mwssina pontificio istiuto Bilbico, 1931.
6b. Daryaee T, Şahrestaniha i Eranşahr, Encyclopaedia İranica, Online edition, April 7, 2008.
6c. Eyni ad Kəbə-yi Zərdüşt kitabəsində də “hökmdarlıq” (eranşahr) şəklində də qeyd edilib. Bax. Mac Kenize D.N., Eran, Eranşahr, Eİ, vol. VIII, fasc 5, p. 534.
7. Moisey Kalankatuklu, Albaniya tarixi, Tərcümə edən, müqəddimə, qeyd və şərhlərin müəllifi Z. Bünyadov, Bakı 2006, I:5, s. 19.
8. Eyni yer.
9. Kalankatuklu, Albaniya tarixi, I:5, s. 19.
10. Bu sahədə aparılan çalışmaların son təhlilü üçün bax. Svazyan Q.S., İstoriya stranı Aluank (s drevneyşix vremen po VIII vek), Erevan 2008, s. 52-57.
11. Qədim Türk dilində (Orxon-Yenisey abidələrində) alp, Qaşqarlı Mahmudun “Divan”ında alp olaraq keçir. Bax. Bax. Gülensoy T., Türkiye Türkçesindeki Türkçe Sözcüklerin Köken Bilgisi Sözlüğü, Ankara 2007, c. I, s. 67.
12. Qədim Türk dilində (Orxon-Yenisey abidələrində) “eren – igid, əslzadə, qəhrəman, ərlər”, Qaşqarlı Mahmudun “Divan”ında “er+ən” və Müasir Türk dilində “eren” – nəfər, insan mənasında işlədilir. Bax. Gülensoy, Köken Bilgisi Sözlüğü, c. I, s. 336-337.
13. Çin mənbələrində albanlar haqqında geniş məlumat üçün bax. Nəcəf Ə.N., Hun minilliyi (b.e.ə. IV-b.e. VI əsrlərdə Türk Dünyası), Bakı 2014, s. 125-133.
14. T`anq-şu, 196:3152b-c.
15. Tai-pinq yü-lan, 795:2a-b
16. Quba rayonunda Alpan kəndi var. Qədim Paytakaran ərazisində Alpan, Albana, Alven, Aqven adlanan bir şəhərdən bəhs edilirdi. Bu “alp-alb-alv” adlarındakı səs dəyişməsinin normal olduğunu göstərir.
17. Qaşqarlı Mahmudun “Divan”ında “alp” – “alp, igid, qəhrəman, bahadır” mənasında keçir. Bax. Divan, Atalay nşr., I, s. 41, 123, 125, 139, 182, 183, 237, 239, 359, 370, 388, 413, 517, II, s. 223, 349.
18. Albaniya haqqında bir monoqrafiya hazırlayan Ermənistan tarixçisi Q.S.Svazyan keltlərin dilində “alp, alb” sözünün olduğuna diqqət çəkərək bu adın mümkün versiyaları arasında kəlmənin Hind-Avropa dilində olduğu üzərində dayanıb (bax. Svazyan Q.S., İstoriya stranı Aluank (s drevneyşix vremen po VIII vek), Erevan 2008, s. 51-52). Halbuki keltcəyə bu söz hunlardan keçmişdir. Üstəlik, filoloji qanunlarına görə bir sözün bir dilə mənsub olduğunu təsdiq etmək üçün həmin sözün o dildə birdən çox nümunələri olmalıdır.
19. Bu sözü “al, qırmızı” sözü ilə izah etmək cəhdi uğursuzdur. Bax. Məmmədov T., Qafqaz Albaniyası ilk orta əsrlərdə, Bakı 2006, s. 54-55.
20. T.Tekin, Orhon Yazıtları (Kül Tigin, Bilge Kağan, Tunyukuk), İstanbul 2003, s. 97; Kaşqarlı Mahmud, Divan, Atalay nşr., I, s. 41, 123, 125, 139, 182, 183, 237, 239, 359, 370, 388, 413, 517, c. II, s. 223, 349, c. III, s. 65, 332, 393, 406.
21. “Alp tigin” – “igid qul” (Kaşgarlı Mahmud, Divan, c. I, s. 413), “alpaqut” isə “tək başına düşmənə hücum çəkən, heç cürə ələ keçməyən igid” və eyni zamanda tayfa adı idi (eyni əsər, c. I, s. 144, III, s. 422).
22. Eberhard, Çinin Şimal Komşuları, s. 89.
23. Bu barədə geniş məlumat üçün bax. Tu-Çen-Şen, “Çou ve Çin sülalələrinin milli mədəniyyətində junq və ti təsirləri” (çincə), Ta-lu Tsa-çi, V, Tai-pei 1993, 11, 5.
24. Vanq-Kuo-Vei araşdırmaları, Tai-pei 1968, 5517.
25. Sih-çi, 91.
26. Yuan-yuan, 626-da “junq” adının yazılışı “qadın junq” şəklindədir. Bu da “junqlu qız”a işarədir.
27. Bu xalqın adı ən qədim çincə mətinlər hesab olunan Tunc yazılarda qeyd edilir. K`anq-hsi lüğətində isə “junq” sözü “əsgər və silah” mənasında göstərilib. Bax. K`anq-hsi, Pekin 1984, s. 441.
28. Vanq-Kuo Vei, Ven-hua-Ç`u-pen Kunq-si, Tai-pei 1968, s. 585-586.
29. Yuan-yuan, 1813.
30. Kırilen G., Çin Klasik Metinlerinde Yabancılar: Yi, Di, Rong ve Hu Terimleri, Ankara Üniversiteti Sosyal Bilimler Enstitüsü Doktora Tezi, Ankara 2012, s. 85.
31. Eyni əsər, 63.
32. Gülensoy, Köken bilgisi Sözlüğü, s. 67.
33. Kəlmə yılpaqut şəklində Bilgə Xaqan Kitabəsinin Şərq üzünün 31-ci sətidinə keçir: Anta Tonqra yılpağitı bir uğuşuğ Tonqa Tigin yoğ(ınta) eğire tokıdım – Orada Tonqra (tayfası) igidlərindən bir qrupu Tinqa Tiginin cənazə mərasimində əhatə (mühasirəyə dalıb) edib döydüm (Bax. Orhon Yazıtları (Kül tigin, Bilge Kağan, Tunyukuk), T.Tekin nrş., İstanbul 2003, s. 72-73). Hər nə səbəbdənsə türkoloqlar “alpaqut” adını “alplar, igidlər” mənasında tərcümə edirlər. Halbuki bu sözü “alp-ərənlər”, “alp-igidlər” mənasında izah etmək daha doğrudur. Türkoloqlar bu adın açıqlamasında kəlmənin monqolcadakı “alpaut” formasını əsas alaraq “ut”u cəm şəkilçisi kimi qəbul etdiblər. Amma monqolcadakı alpaut, qədim türkçədəki “alpaqut” tələffüzündən ibarətdir. Əslində “yiğit, igid” sözü qədim türkçə “yeğ+it” = “ən yaxşılar” mənasında “it” cəm şəkilçisi almışdır.
Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Əkbər Nəcəf
Comments are closed.