Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsini imzalamış 26 tanınmış ictimai-siyasi xadimdən biri də Xosrov bəy Paşa bəy oğlu Sultanov olub.İlk hökumət kabinetində Müdafiə naziri vəzifəsini tutan Xosrov bəy Sultanov sonrakı dövrdə Azərbaycanın Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının general-qubernatoru vəzifəsini uğurla icra edib.Xosrov bəy Paşa bəy oğlu Sultanov 1879-cu il mayın 10-da Zəngəzur qəzasının Qasımuşağı obasının Kürdhacı kəndində (indiki Laçın rayonunda) dünyaya gəlib.

Xosrov bəy Sultanov Yelizavetpol kişi gimnaziyasında orta, Odessadakı Novorossiysk Universitetində ali tibb təhsili alıb.1903-cü ildə həmin universiteti bitirdikdən sonra Xosrov bəy Sultanov vətəninə qayıdaraq Zəngəzur və Qarabağda topladığı zəngin müalicəvi bitkilərdən hazırladığı dərmanlarla kəndlərə gedərək təmənnasız olaraq xəstələri müalicə edib. Xosrov bəy Sultanov 1917-ci ildə Müsavat partiyasına daxil olmuş, bir qədər sonra isə Rusiya Müəssislər Məclisinə deputat seçilib.AXC hökumətinin 29 yanvar 1919-cu il tarixli qərarı ilə Xosrov Sultanov Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin olunub. Xosrov bəyin Qarabağın qubernatoru təyin olunması ermənilərin etirazlarına səbəb olur.

Bir qədər sonra isə ermənilər silahlı üsyan başladır.1919-cu il martın 21-də quldur erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini ələ keçirirlər. Amma Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri daşnak generalı Dronun quldur dəstələrini darmadağın edərək Xankəndi və Şuşanı geri aldı.Qarabağın dağlıq hissəsində, Zəngəzurda və ermənilərin planlarına daxil olan digər yerlərdə Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa edilməsində, sülhün bərqərar olunmasında Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov və onun qardaşı Sultan bəyin böyük xidmətləri olub.

Xosrov və Sultan bəy Sultanov qardaşlarının və digər dəyərli vətən övladlarının simasında tarix bir daha sübut etdi ki, Vətənin və xalqın çətin günündə ona sahib çıxa bilən oğulları meydanda olmuşdur, var və olacaqdır!Uzun mübarizədən sonra ermənilər Azərbaycan hakimiyyətini tanımalı oldular. Arxiv sənədlərinə əsasən Şuşikənddə 8 gün davam etmiş 7-ci erməni qurultayının nümayəndələri Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun yanına gələrək Qarabağın dağlıq hissəsinin Azərbaycan hakimiyyətini tanıması haqqında indiyədək həll olunmamış məsələni sülh yolu ilə həll etmək istədiklərini bildirirlər. Xosrov bəy Sultanovun yanına qurultay nümayəndələri ilə birgə erməni ruhaniləri də gəliblər. Danışıqlar iki gün davam etmiş və nəhayət danışıqların mətninin aşağıdakı layihəsi əldə edilmişdir: mövcud toqquşma cərəyanlarının Qarabağda məskunlaşmış xalqlar üçün fəlakətli olduğunu, Qarabağ məsələsinin istənilən həllində ermənilər və müsəlmanların birgə yaşamalı olacaqlarını nəzərə alaraq Qarabağ ermənilərinin 7-ci qurultayının
15 avqust 1919-cu il tarixli səhər iclasında Azərbaycan Respublikası hökuməti ilə müvəqqəti razılığın əldə olunması haqqında qərar qəbul edildi. 26 bənddən ibarət həmin müqavilədə o cümlədən qeyd edilirdi:

“QARABAĞIN, ŞUŞA, CAVANŞİR VƏ CƏBRAYIL QƏZALARININ DAĞLIQ HİSSƏSİNDƏ MƏSKUNLAŞMIŞ ERMƏNİLƏR ÖZLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNDƏ OLDUQLARINI QƏBUL EDİR.


Qarabağ qubernatorluğu nəzdində 6 nəfərdən: üç erməni və üç müsəlmandan ibarət şura təsis edilir. Millətlərarası xüsusiyyətlərə malik bütün prinsipial məsələlər əvvəlcə şurada müzakirə edilmədən həyata keçirilə bilməz. Qarabağ erməniləri mədəni muxtariyyət hüququndan istifadə edir, Azərbaycan Respublikası hökuməti erməni milli şurasının fəaliyyətinə müvəkkil edilmiş ermənilər vasitəsilə nəzarət edir. Azərbaycan Respublikası hökuməti dağıdılmış müsəlman və erməni kəndlərinin tezliklə bərpa edilməsi işinə yardım göstərir” və s.

Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının Qarabağda suveren hüquqları bərpa edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi: “Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll edildi…7-ci erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar.”

Azərbaycan Respublikası hökuməti Qarabağda normal həyatın bərpa olunması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də, Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmış bu qiyam nəticəsində ermənilər Əsgəran qalasını ələ keçirə bildilər. Qarabağda ermənilərin törətdiyi separatçı qiyamlar və soyqırımı 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin işğalını sürətləndirdi.

1923-cü ildən general Xosrov bəy Sultanov mühacirətdə yaşamalı olur. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşayıb. Xosrov bəy Sultanov Almaniyada Tibb Universitetində professor vəzifəsində işləyib. 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov Paşa bəy Sultanov Trabzonda məskunlaşıb. Azərbaycanın qəhrəman oğlu 1943-cü ildə Türkiyədə vəfat edib.


(Milli Arxiv İdarəsinin əməkdaşı Rafiq Səfərov məqaləsi əsasında)

Comments are closed.