Bu dəfə filologiya elmləri doktoru, professor Tərlan Quliyevlə Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin “əl-Möcəm” əsəri, elmi mühitdəki problemlər və əlbəttə, Azərbaycan tarixinin yazıyaqədərki tarixini və eyni zamanda, qədim türk-oğuz boylarının Azərbaycanda varlığını təsdiq edən olduqca qiymətli faktlar – yeni tapdığı və sensasiya sayılacaq oğuz-türk boylarının damğaları barədə danışdıq.

– Tərlan müəllim, çoxdandır mətbuatda görünmürsünüz. Yaradıcılıq işləriniz nə yerdədir?

-Təbii ki, yaradıcılıq işləri davam edir. Amma indi yaşımızın və maraq dairəmizin elə bir dövrünə gəlib çatmışıq ki,  məşğul olmaq istədiyimiz problemlər istər məzmun və istərsə də mövzu baxımından olduqca genişdir. Məsələn, mən ilk baxışda Nizami tədqiqatçısı olmasam da, bir filoloq kimi Nizami yaradıcılığını və onun haqqında çap olunan əsərləri, ədəbi-elmi prosesi daima diqqət mərkəzində saxlamışam. Bu,  mənim tələbəlik dövrümdən belə olub. Amma eyni zamanda, təbii ki, bu illər ərzində Nizami Gəncəvi yaradıcılığı ilə, demək olar ki, birbaşa məşğul olmamışam. Lakin bu yaxınlarda, təqribən qırx ilə yaxın Nizami ilə bağlı ürəyimdə gəzdirdiyim və bu vaxta qədər elmi ictimaiyyətimizə məlum olmayan bir mövzunu nəhayət ki, yazmaq qərarına gəldim. Belə ki, əruz və qafiyəşünaslıq tarixində XIII əsrin əvvəllərində, təqribən 1217-18-ci illərdə Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi adlı olduqca böyük bir filoloq tərəfindən qələmə alınmış əruz və qafiyənin nəzəri əsaslarından bəhs edən “əl-Möcəm” adlı bir əsər var. Orda Nizami Gəncəvinin adı dörd dəfə çəkilib. Bu əsərdə Şəms Qeys Razi bir əruzşünas kimi Nizami Gəncəvi yaradıcılığına olduqca yüksək qiymət verir. O, Nizaminin  “Xosrov və Şirin” adlı böyük həcmli poemasında vəzn baxımından qüsur olmadığını söyləyib, şairlərin, adətən, “Xosrov və Şirin”in yazıldığı bəhrdə həzəc bəhri ilə müşakil bəhrlərini qarışdırdıqlarını, lakin Nizaminin öz əsərində belə bir qüsura bir dəfə də olsa, yol vermədiyini bildirib. Qeyd edim ki, Şəms Qeys Razinin əsərinin dili olduqca qəliz, sintaksisi olduqca ağırdır. Ona görə də əsərin məzmunu, mahiyyəti məlum olsa da, tərcümənin ağırlığından həmişə bu işi təxirə salırdım ki, nəhayət, təqribən bir il bundan qabaq həmin əsərdən “Müşakil bəhri” adlı parçanı keçmiş tələbəm, bu gün isə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dosenti, ərəbşünas Heybət Heybətovla əl-ələ verib həmin parçanı tərcümə edərək dövrü mətbuatda və nəhayət, bir-iki həftə bundan əvvəl “Ədəbiyyat qəzeti”ndə çap etdirdik.

– Elm camiəsi bunu necə qarşıladı?

– Farslar demişkən, çefayda? Biz 30 il-40 il ürəyimizdə bəslədiyimiz bir mövzunu bu illər ərzində sığallaya-sığallaya, hər bir sözün, terminin mənasını, məzmununu araşdıra-araşdıra min bir zəhmətlə tərcümə edərək, çap etdirib elmi ictimaiyyətə təqdim etsək də, heç kimdən  səs çıxmadı. Heç kim şifahi şəkildə də olsa heç olmasa bir “maraqlıdır” sözünü də demədi. Belə ki, müasir günümüzdə bütün dünya miqyasında Nizamişünaslığa maraq artsa da, elmi ictimaiyyətimiz bu məqaləyə, belə tədqiqata münasibət bildirmədi. Mən bu münasibəti ona görə gözləyirəm ki, bu tipli məqalələr hər gün yazılmır. Nizami haqqında bu xarakterli faktlar elmi dövriyyəyə hər gün çıxarılmır. Mən bu məqalə ilə qırx ilə yaxın yol gəlmişəm. Bu mənada, gözləntim təbii idi. Təəssüf ki, əgər sovet dövründə Nizamini,  klassiklərimizi mahiyyətindən, məğzindən, demək olar ki, bütün klassiklərin yaradıcılıqlarından bir qırmızı xətt kimi kecən sufizimdən ayırıb öyrənirdilərsə, bu gün də klassiklərimizin tədqiqindən daha çox onun təbliği ilə məşğuldurlar…Yenə də əsl tədqiqatlar arxa planda qalaraq, pafosla yazılmış, üzdəngetmə tədqiqatlar meydan sulayır…  Amma bəzən düşünürəm ki, bu gün elm aləmində hökm sürən mənəvi-psixoloji durum elə bir vəziyyətdədir ki, bəlkə də heç bu münasibəti gözləməyə də dəyməz. Çünki bir-iki məqalə çap etdirənlərin hamısı ən azından özünü böyük bir alim sayır, müxtəlif adlara, titullara layiq görülürlər. Bu isə onların maddi vəziyyətlərini düzəltməklə yanaşı, eyni zamanda, özünəgüvənlərini artırır, cəmiyyətdə sözükeçərli edir. Biz isə qiymətli bir məqaləni ictimaiyyətə çatdırmaqdan ötrü dəridən-qabıqdan çıxırıq…

– Sizcə, bu etinasızlığın səbəbi nədir?

– Bu gün elm aləmində monopoliya, müxtəlif qruplaşmalar elə həddə çatıb ki, bu da elmi mühitin yox olmasına gətirib çıxarıb. Ortada  olan elmi mühit isə görüntüdür, mahiyyət deyil. Məsələn, dediyiniz kimi, iki il bundan öncə mən “Dədə Qorqud” dastanının Vatikan nüsxəsini çap etdirmişəm. Bu kitaba müxtəlf ölkələrdən müsbət rəylər gəlsə də, Azərbaycan elmi mühiti hələ də dərin yuxuya gedib. Bu münasibətlərin elmi dəyərlər nəticəsində deyil, elmi mühitin eybəcərliyi nəticəsində meydana çıxması isə çox utancvericidir.

Mənə gəldikdə isə təbii ki, mən “Dədə Qorqudla” bağlı tədqiqatlarımı davam etdirirəm. Lakin başqa istiqamətdə və başqa məzmunda. Belə ki, təqribən bir il bundan əvvəl oxuduğum elmi ədəbiyyatın nəticəsində  Şirvan bölgəsində baş daşlarında  Dədə Qorqud dastanlarında, Mahmud Kaşğarinin “Divani lüğat-it-türk” əsərində və orta əsrlərə məxsus başqa abidələrdə adları çəkilən oğuz-türk boylarının damğaları  əks olunan  böyük bir  məzarıstanın izinə düşdüm. Və bu ilin yanvar, fevral, mart aylarında min bir əziyyətlə həmin məzarıstana dörd dəfə səfər edərək, elmi ədəbiyyatdan oxuduqlarımı gözlərimlə gördüm. Həqiqətən də, tapıntı olduqca qiymətlidir. Belə ki, təqribən iki hektara yaxın ərazini əhatə edən bu məzarıstanda qədim məzarlar öz əksini tapır ki, bu məzarların baş daşları və balbalların üzərində türk-oğuz damğaları vardır. Bu, Azərbaycan tarixinin yazıyaqədərki tarixini və eyni zamanda, qədim türk-oğuz boylarının Azərbaycanda varlığını sübut edən, təsdiq edən olduqca qiymətli faktdır. Bizcə, tədqiqatlar aparılsa, bu məzarstanın, elmi əhəmiyyətinə görə hətta, Türkiyədəki Göbəklitəpə abidəsindən də geri qalmadığı da aydınlaşmış olar.

– Dediyiniz türk-oğuz  damğaları orta əsr abidələrində nə şəkildə təsvir olunub və tariximizlə nə dərəcədə bağlıdır? 

– Elmi qənaətə görə, ümumiyyətlə, damğaların beş min ilə yaxın yaşı vardır. Bu mənada, müxtəlif xalqlara mənsub olan damğalar sırasında türk-oğuz damğaları da xüsusi yer tutur. Damğalar hər bir xalqın, hər bir tayfanın öz dövlət, tayfa atributlarına, məişət əşyalarına vurduqları işarələr, simvollardır. Tayfalar bu damğalar vasitəsi ilə də bir-birlərindən fərqlənirmişlər. Türk-oğuz damğalarına, simvollarına orta əsrlərdən etibarən elmi ədəbiyyatda da rast gəlinir. Belə ki, orta əsr alimləri məişətdə, həyatda istifadə olunan bu damğaları elmi ədəbiyyata da gətirmiş, onları sistemli şəkildə elmi ictimaiyyətə təqdim etmişlər.  Hələ XI əsrdə böyük türkoloq Mahmud Kaşğari “Divanü lüğat-it-türk” adlı əsərində iyirmi iki oğuz boyunun adını çəkərək, bu boylara məxsus olan damğaların təsvirini verir. Sonralar biz bu damğalara müxtəlif şəkillərdə orta əsrlərə məxsus digər abidələrdə, məsələn, XIII əsrə aid Rəşidəddin Fəzlullahın “Came ət-təvarix”, XVII əsrə aid Əbülqazi Bahadır xanın “Şəcəreyi-Tərakimə” və s. əsərlərində də təsadüf edirik.        Tariximizlə isə bu damğaların birbaşa əlaqəsi vardır. Çünki hər hansısa abidənin üzərində türk-oğuz damğasının təsvir olunduğu bölgə, ən ibtidai şəkildə həmin damğanın mənsub olduğu boyun həmin bölgədə yaşadığını sübut edən ən bariz faktdır. Bu mənada, bu məzarıstanda bir neçə müxtəlif damğanın öz əksini tapması, heç şübhəsiz, vaxtı ilə bu ərazilərdə də bir neçə oğuz boyunun yaşadığını göstərir.

Bu damğaların,  abidənin yaşına gəldikdə isə onu deyə bilərəm ki, əgər hələ  Mahmud Kaşğari XI əsrdə bu damğaları qeydə alıbsa, deməli bu damğalar  XI əsrə qədər də bir neçə minilliyi arxada qoymuşdur.

Bu abidə ictimaiyyətə az məlumdur. Mənim axtarışlarıma görə, ilk dəfə erməni əsilli Fituni adlı bir tədqiqatçı 1924-cü ildə bu məzarıstana səfər edərək, 1927-ci ildə onun haqqında bir məqalə yazmış, sonra isə digər azərbaycanlı bir xanım tədqiqatçı 1966-cı ildə yenə də həmin məzarıstana gedərək 1976-cı ildə bu haqda Akadmeiyanın jurnallarndan birində kiçik bir məqalə çap etdirmişdir. Nəhayət, biz də  xeyirxah insanların- elmə, tarixə, mədəniyyətə hörmətlə yanaşan ziyalılarımızın dəstəyi ilə yenidən həmin məzarıstana səfər edərək, min bir əziyyətlə bu haqda 35 dəqiqəlik  “Dədə Qorqud yurdu Azərbaycan” adlı  sənədli film çəkdik, bu damğaları “Dədə Qorqud” dastanı və bu dastanda adları çəkilən boylarla əlaqələndirdik. Və istədik ki, Azərbaycan tarixinin bu unikal abidəsini hamı görsün.   Nəhayət, film hazır oldu. Lakin təəssüflə qeyd etməliyəm ki, iki aydan artıq bir müddət ərzində film hazır olsa da və biz də müxtəlif ziyalılara, dövlət xadimlərinə, televiziya kanallarına müraciət etsək də, heç kim bu filmlə, daha doğrusu bu tariximizlə maraqlanmaq istəmir, tariximizə laqeyd münasibət bəsləyirlər.

– Yenə etinasızlıq…
– Bəli. Amma “Kitabi-Dədə Qorqud”la bağlı  tədqiqatlarımızı davam etdirir, ən sadə şəkildə bu filmlə də damğalara əsasən, damğaların mənsub olduğu və Dədə Qorqud dastanlarında adları çəkilən boyların Azərbaycanda məskun olduqlarını söyləmək istəyirik. Yəqin ki, bu sətirləri oxuyandan sonra istər Mədəniyyət Nazirliyi, istərsə də digər aidiyyatı qurumlar həm bu sənədli filmlə və həm də bu qədim məzarıstanla bir daha maraqlanacaq, istər bu filmin, istərsə də qədim tariximizin təbliğinə köməklik göstərəcəklər.

– Abidə hardadır?

– Biz bilərəkdən bu tarixi abidənin – məzarıstanın yerini, ünvanını hələlik dəqiq göstərmirik. Çünki informasiyanı bizdən alib bu haqda mətbuata, ictimaiyyətə məlumat vermək və hətta bizə şərik çıxmaq istəyənlər var.. Film ekranlara çıxandan sonra, yəqin ki, hər şey məlum olacaq…

Vasif Sadıqlı, 
ilkxeber.org

Comments are closed.