Müasir anlamda milli dövlətlərin mövcudluğu kimlik məsələsinə yeni məzmun verir. Əvvəllər kimlik daha çox etnik mənsubluq və coğrafi məkan kontekstində dərk edilirdisə, artıq bu anlayışlar keçərli sayılmır. Ümumi səviyyədə bu dəyişiklik hələ keçən əsrin ortalarında Qərb alimləri tərəfindən nəzəri olaraq konkret ifadə edilmişdi. Burada əsas fikir dil, həyat tərzi, mədəni xarakteristikalar kimi dəyərlərin daha çox əhəmiyyət kəsb etməsindən ibarətdir. Bunlara uyğun olaraq hər bir cəmiyyətdə fərdlərin özünüidentifikasiya etməsinin meyarları da dəyişməkdədir. Artıq “qan və kök” faktorları əvvəlki əsrlərdə olduğu qədər aparıcı rol oynamır. Bu, təbii ki, həmin amillərin kənara atılması anlamına gəlmir. Başlıca məqam ideya, konsepsiya, mədəni-mənəvi dəyərlər, intellektin insan kimliyinin formalaşmasında mərkəzi rol oynamağa başlamasından ibarətdir.

Bunlar problemin analizinə elmi yanaşmanın sərhəd şərtlərini müəyyənləşdirməyə imkan yaradır. Öncə, fərdi və kollektiv kimlik məsələsi vurğulanmalıdır. Hazırda fərdi kimliyin daha çox ümumbəşəri səviyyədə dəyərlər əsasında formalaşması tendensiyasından daha çox danışılır. Burada liberal dəyərlərin insanın şəxsiyyət kimi yetişməsində başlıca rol oynadığı qənaətində olanlar az deyil. Şübhəsiz, tarixin heç bir dönəmində ümumbəşəri dəyərlərin mövcudluğu inkar edilməyib. Azərbaycan bədii təfəkküründə bu məqam özünü daha qabarıq göstərmişdir.

Şair və yazıçılar insanın ümumbəşəri dəyərlər əsasında kamilliyə qovuşması haqqında çox yazıblar. Qloballaşma mərhələsində ümumbəşəriliyin əhəmiyyətinin daha da artdığını qəbul etmək lazımdır. İndi ani olaraq dünyanın ən ucqar guşəsində olan informasiyaya əl çatır. Ölkələr arasında əlaqələr sürətlə genişlənir və dərinləşir. İnsan üçün fərqli dilləri bilmək həyat zərurətinə çevrilir. Məsələn, ingilis dilini bilmədən dünya elmi və mədəniyyətində baş verən mühüm dəyişikliklərdən zamanında xəbər tutmaq xeyli çətindir. Hər bir fərd istər-istəməz fərqli kültür mühiti ilə təmasda olur, müxtəlif dini inanclara sahib olan insanlarla ünsiyyətə girir.

Məsələ dövlətlərarası münasibətlərin inkişaf etməsi aspektində daha aktualdır. Qlobal səviyyədə siyasi, geosiyasi, iqtisadi və mədəni proseslər avtomatik olaraq hər bir fərdi müəyyən informasiya axını sisteminə cəlb edir. Nəticədə insan çoxlu informasiya mübadiləsi şəraitində yaşayıb işləməli olur ki, bu da mental xüsusiyyətlərdə ciddi dəyişikliklərin baş verməsini zərurətə çevirir. Obrazlı desək, hər bir cəmiyyət üçün ətraf mühitdən olan bu kimi təsirlərin fərdi və kollektiv kimliyin formalaşmasında oynadığı vacib rolu inkar etmək olmaz. Lakin bütövlükdə problemi bununla məhdudlaşdırmaq da doğru olmazdı. Məsələ ondan ibarətdir ki, hər bir cəmiyyətin öz tarixi təkamül yolu mövcuddur. Buna uyğun olaraq da özəl mental xüsusiyyətlərə malik insan tipi formalaşır.

Burada dini və mənəvi-mədəni dəyərlərin əhəmiyyətini ayrıca qeyd etmək gərəkdir. Təcrübə göstərir ki, bütün sivilizasiyalarda din faktoru aparıcı rol oynayıb. O cümlədən, indi haqlı olaraq demokratik mahiyyətli adlandırılan Qərb sivilizasiyasının əsas sütunlarından biri xristian dini dəyərləridir. Azərbaycan məsələsində problemin daha çox aktuallıq kəsb etdiyini anlamalıyıq. Tarixi təcrübənin sadə təhlili və intuitiv qavrama səviyyəsində bunu əksəriyyət qəbul edir. Lakin problemin elmi-tarixi və fəlsəfi təhlili haqqında pozitiv fikir söyləməkdə çətinlik çəkirik. Hətta bir qədər qəti mövqe tutsaq, deyə bilərik ki, məsələ ciddi elmi-fəlsəfi səviyyədə  öyrənilməyib. Vəziyyəti mürəkkəbləşdirən faktorlar sırasında Azərbaycanda dinin təbliğinin daha çox siyasi-ideoloji müstəvidə aparılması ayrıca yer tutur. Bu məsələ məzhəbçilik prizmasında xeyli kəskin görünməkdədir. İslam reallıqda milli-mənəvi dəyərlər sistemi, həyat tərzi olaraq təşviq ediləndə tamamilə fərqli mənzərə alınır. Burada daha bir əhəmiyyətli məqam üzərində dayanmağa ehtiyac görürük.

Məsələ ondan ibarətdir ki, yuxarıda sadalanan xüsusiyyətlərin nəsildən-nəslə ötürülməsi mexanizmləri əsrlərcə formalaşır. Müasir alimlərin qənaətinə görə, bu proses həmişə gedir (bax: məs., 1). Belə çıxır ki, fərdi və kollektiv səviyyədə kimlik məsələnin iki aspekti vardır. Birinci, əsrlərcə formalaşmış sosial-mədəni faktorların ötürülməsi mexanizmi sayəsində dəyişməz dəyərlər sisteminin mövcudluğu. İkinci, şərti olaraq “mental nüvə” adlanan həmin sistemə zaman-zaman əlavə olunan və mütəhərrik xarakterə malik dəyərlər sisteminin mövcudluğu. Reallıqda fərdi və kollektiv səviyyədə kimlik bu iki aspektin vəhdətindən ibarətdir.

Konkret tarixi mərhələdə onların nisbəti kimliyi müəyyənləşdirir. O cümlədən, milli kimlik həmin əsasda formalaşır və təkamül edir. Bu zaman “mental nüvə”də dini və mənəvi-əxlaqi dəyərlərin əsas rol oynadığını vurğulamaq lazımdır. Məsələnin bu tərəfi baxılan problem aspektində ciddi fəlsəfi-elmi əhəmiyyət kəsb edir. Dini dəyərlərin transformasiyası mümkündürmür? Mənəvi-əxlaqi dəyərlər nə dərəcədə mütəhərrikdir? Bu kimi suallara yalnız ciddi elmi araşdırmalar əsasında tutarlı cavab vermək mümkündür. Məsələnin bu cür qoyuluşuna Qərb və Rusiya alimlərinin yaradıcılığında rast gəlinir. Avropada P.Hatton, M.Halbvaks, F.Aries, J.Mişle, E.Hobsbaum, U.Onq, Rusiyada İ.M.Savelyeva, J.T.Toşenko, V.İ.Merkuşin, A.V.Poletayev, A.M.Rutkeviç, Y.Assman, V.V.Lıkova və başqalarını misal göstərmək olar. Həmin yanaşma milli kimliyin məzmununun tarixi olduğunu qəbul etməyə əsaslanır.

Bu o deməkdir ki, bütün dövrlər üçün dəyişməz olan dəyərlər sistemi mövcud deyil. Sosial təkamül aspektində isə milli kimlik hər bir tarixi mərhələdə konkret struktur və məzmuna malik olur. Ona görə də müasir dövr üçün bu məsələnin öz izahı olmalıdır. Yuxarıda adlarını sadaladığımız tədqiqatçıların Avropa və Rusiya təcrübəsinə əsaslanaraq apardıqları təhlillər bu qənaəti təsdiq edir. Hələ XYIII əsrdə Canbatisto Viko yazırdı ki, “millət gəmisi” həyat təcrübəsində toplanmış “müdrikliklə” irəliyə gedir, lakin o, daim canlı xatirələrə qayıtmaqla yeni linqvistik, institusional, sosial, kültür və s. gerçəkliklər yaradır (2, s.192). İtaliyalı alimin bu mövqeyi sonralar Avropada təkmilləşdirildi, yeni çalarlar əlavə edildi və tətbiq dairəsi genişləndirildi. Bu prosesdə fransız tədqiqatçıların yaradıcılığını xüsusi qeyd etməliyik. M.Aries, F.Fyüre, A.Olyar, J.Mişle, M.Fuko, M.Hobsbaum, P.Nora və başqaları mentalitet, ənənə, müasirlik, yeniləşmə, tarixi yaddaş anlayışları kontekstində fərdi və kollektiv kimliyi analiz etməyə çalışıblar. Onların bir qismi konkret olaraq Fransa Inqilabının fransızların mentalitetində hansı dəyişiklikləri etməsini tədqiq ediblər (bax: məs., 1, s.306-366).

Fransız inqilabları ənənəsinin sosial-mədəni və psixoloji həyata təsirini araşdıran alimlər, bu prosesin mental səviyyədə müxtəlif təzahürlərini ayırıblar. P.Hatton Fransanın inqilab ənənəsi XIX-XX əsrdə liberal, avtoritar, solçu və respublikaçı siyasi-ideoloji cərəyanların yetişməsinə səbəb olduğunu vurğulayır(1, s.306). O, yazır: “Respublika rəmzlərinin sayəsində inqilabi ənənə XIX əsrin sonlarında vətəndaş rituallarında öz təcəssümünü tapdı. Məhz onların sayəsində isə müasir Fransanın dövlət-millət identikliyi formalaşdı(seçmə bizimdir – F.Q.). Bastiliyanın 14 iyulda fəth edilməsi şərəfinə olan bayram hamıya məlumdur. Bu, XIX əsrin sonunda Fransanın milli bayramı (seçmə bizimdir – F.Q.) kimi qəbul edilirdi” (1, s.306).  

P.Hattonun bu izahlarında Fransanın konkret bir tarixi mərhələsində bütövlükdə cəmiyyət üçün əhəmiyyətli olan hadisələr silsiləsinin fərdi və kollektiv səviyyədə sosial-psixoloji, siyasi və mental özəlliklərə necə təsir etdiyi yer alıb. Həmin əsərdə o, “ənənənin təftişi” hissəsində məhz bu aspektdə milli mentallığın bir sıra əlamətlərini təhlil edir (bax: 1, s.306-316). C.Vikodan başlayaraq Qərb tarixşünaslığı və sosiologiyası üçün ənənənin mütləqiləşdirilməsinin ziyanları ilə yeniləşmə zərurətinin (mentalitetə yeni elementlərin daxil olması) ifrat qiymətləndirilməsi arasında optimal nisbəti axtarışı əsas problemlərdən sayılıb.

C.Viko qeyd edirdi ki, tam ənənəyə qapılıb qalmaq milləti tədricən məhv edir. Zaman-zaman toplum əsrlərdən gələn faktorları (onları şərti olaraq “sosial-mədəni kodlar” adlandıraq) təftiş edilməli, onlara yeni əlamətlər əlavə olunmalıdır. M.Halbvaks isə sübut edirdi ki, ənənə kollektiv yaddaşdan indinin xeyrinə istifadə etdiyi üçün qaçılmaz olaraq siyasi məzmunlu məsələ olur (3). Belə çıxır ki, tarixin hər bir dönəmində ənənənin transformasiyaları cəmiyyətin mental sisteminin bütün qatlarında gedən proseslərlə bağlıdır. Müasir dövrdə isə məsələnin siyasi aspekti daha qabarıq özünü göstərir.

Bu analiz milli kimliyin formalaşmasında kompleks faktorların rolunu aydın surətdə ortaya qoyur. O cümlədən, milli kimlikdə siyasi identikliyin önəmli rolu üzərində düşünmək lazım gəlir. Təsadüfi deyil ki, müasir tədqiqatçılar siyasi identikliyi milli-dövlətçi identikliyin əsas komponentlərindən biri qismində təqdim edirlər. Bu təhlillər müasir elmdə milli kimliyin strukturu haqqında fikir söyləmək zərurətini meydana çıxarır. Hazırda milli kimliyin siyasi, etnik və mədəni identiklik kimi üç əsas hissədən ibarət olduğunu qəbul edirlər. Özlüyündə bu tərkib hissələri bir-birindən ayrı mövcud deyillər. Onları şərti olaraq ayırırıq. Lakin onların hər birinin milli kimliyin formalaşmasında xüsusi rolu vardır. Digər tərəfdən, müasir dövrdə milli kimliklə vətəndaş identikliyi arasında tarixdə müşahidə edilməyən sıx əlaqə meydana gəlmişdir. Məsələnin bu tərəfi üzərində geniş dayanmağa ehtiyac vardır.

Probelmin kökü milli dövlətçilik anlayışına bağlıdır. Millət varsa, onun dövləti də olmalıdır – bu, aksiomdur. Müasir tairxi mərhələdə milli dövlətin demokratik mahiyyətli olması da zəruri şərt kimi qarşıya çıxır. Bunun geosiyasi, sosial, mədəni, siyasi və iqtisadi aspektləri ayrıca tədqiqatın mövzsudur. Burada onu qeyd edək ki, demokratik dövlətdə vətəndaş anlayışı mərkəzi punktlardan biridir. Belə çıxır ki, ictənilən cəmiyyətdə milli kimlik məsələsi hər bir fərdin cəmiyyətdə malik olduğu sosial, siyasi, mədəni və iqtisadi statusla sıx əlaqəlidir. Bir qədər başqa terminologiya ilə ifadə etsək, fərdin dövlətin vətəndaşı kimi özünüdərki, özü ilə ətraf aləm arasında bağlantıları necə təsəvvür etməsi son dərəcə böyük əhəmiyyət kəsb edir. Hətta bir sıra tədqiqatçılar  cəmiyyəti siyasi-dövləti birlik kimi təsəvvür etdikdə, milli və vətəndaş identikliklərini eyniləşdirirlər. Məsələn, B.Anderson, A.Smit və E.Gellenerin yaradıcılıında buna rast gəlinir (bax: 4). Vətəndaş identikliyinin strukturuna üç əsas element daxildir.

Birincisi, koqnitiv – həmin sosial topluma aidiyyat haqqında təsəvvürlər, ikincisi, dəyər – aid olmaq faktına müsbət və ya mənfi münasibət, üçüncüsü, emosional – vətəndaş ümumiliyini qrupun üzvü kimi qəbul etmək və ya etməmək (4). Buradan aydındır ki, müasir mərhələdə milli və vətəndaş kimliklərini bir-birindən ayırmaq çox çətindir. Lakin onları da tam eyniləşdirmək doğru olmazdı. Əgər vətəndaş identikliyi, ümumi götürdükdə, sosial kimliyin bir komponentidirsə, milli kimlik daha geniş məzmuna malikdir. Bu mənada milli kimlik siyasi, etnik və mədəni identikliklərin vətəndaş identikliyi müstəvisində vəhdəti kimi təsəvvür edilə bilər. Onu deyək ki, “identiklik” ingiliscə “identity” sözündən olub, “eynilik” deməkdir. O, fərdin və onun özünüdərkinin sabitliyini, eyniliyini, irsiliyini ifadə edir. Sosial identiklik “özünün bu və ya digər sosial qrup və topluma aidiyyatı olduğunu dərk etmək və duymaqdır” (5).

Vurğulamaq lazımdır ki, identikliyin hər bir növünün formalaşmasında dini və milli-mənəvi dəyərlər ciddi rol oynayırlar. İlk baxışdan bu müddəa bir qədər mücərrəd təsiri bağışlayır. Lakin problemin dərindən tədqiqi sübut edir ki, müasir demokratik dəyərlərin formalaşmasında dini faktor xüsusi yer tutur. Bir sıra tədqiqatçılar fərdin daxili mənəvi dünyasının cəmiyyətin qloballaşma perspektivinə birbaşa təsir etdiyini yazırlar (bax: 6, s.131-138). Belə çıxır ki, vətəndaş identikliyinin strukturunda dini və mənəvi-əxlaqi dəyərlər mərkəzi yer tutur. Lakin hər bir cəmiyyət üçün bunun xüsusi modeli formalaşdırılmalıdır. Əks halda ən yaxşı ideyalar belə toplumu tənəzzülə apara bilər.

Bütün bunlar müasir fəlsəfə, siyasi nəzəriyyə və sosiologiyada milli kimliyin mürəkkəb struktura malik anlayış kimi qəbul edildiyini göstərir. Təbii ki, bir məqalədə bu problemin bütün incəliklərinə və detallarına varmaq imkan xaricindədir. Ancaq ümumi səviyyədə yuxarıda təqdim edilən yanaşma çərçivəsində əsas məqamlara işıq salmaq mümkündür. Hər şeydən əvvəl, onu qeyd edək ki, müasir dövrün yeni özəlliklərinə baxmayaraq, etnik identiklik öz vacib funksiyasını saxlamaqdadır. Bu kontekstdə kanadalı psixoloq C.Berrinin və Rusiya sosioloqlarının tədqiqatlarına nəzər salmaq olar. C.Berri “akkulturasiya” adlanan nəzəriyyənin banisidir (bax: 7 və 8).

Bu nəzəriyyəyə görə, fərqli kültür dəyərlərinə malik olan qruplar arasında münasibətlərin müxtəlif strategiyası ola bilər – assimilyasiya, inteqrasiya, seqreqasiya, separasiya (7, 9 və 10). Bu məsələyə başqa yanaşmalar da var (S.Bokner və K.Uord). Lakin bütün hallarda inteqrasiya fərqli qrupların etnik və sosial-mədəni identikliyini qarşılıqlı qəbul etməsini nəzərdə tutur (11). Maraqlıdır ki, bu prosesin baş verməsində etnik identiklik xüsusi rol oynayır. Bəlkə də ona həlledici demək olar. Rusiyalı sosioloq Yefremova M.V. Moskvada apardığı tədqiqatda belə qənaət əldə edib ki, öz etnik kimliyi və tarixi haqqında pozitiv fikirdə olan miqrantlar yerli cəmiyyətə daha sürətlə inteqrasiya olurlar (bax: 10, s. 227-250). O cümlədən, tədqiqatda respondent kimi iştirak edən azərbaycanlılardan öz tarixi, etnik mənsubluğu haqqında müsbət fikirdə olanların Moskva mühitinə adaptasiyasının yüksək olduğunu tədqiqatçı qeyd edir.

Bu, bir paradoksdurmu, yoxsa hər bir fərdin daxilində mövcud olan separatizmə meyllikidirmi? Qətiyyən belə deyil. Əksinə, inteqrasiya hər şeydən əvvəl, fərqli kültür sahiblərinin bir-birinin müstəqilliyini, azadlığını və yaşamağa digərləri ilə ilə bərabər səviyyədə malik olmağı tələb edir. Dialoq yalnız bu halda real məzmun kəsb edir. Ona görə də istənilən cəmiyyətdə sosial-mədəni, siyasi və iqtisadi inteqrasiya ölkə vətəndaşlarının öz keçmişləri haqqında müsbət mövqedə olması şərti ilə real məzmun ala bilər.

Etnik identiklik Vətən obrazı, patriotizm və tarixi yaddaşın vəhdətini tələb edir. Vətən obrazı eyni etnik mənsubluğu olan fərdləri vahid obraz ətrafında birliyini, patriotizm vətənə bağlılıq və sadiqlik dərəcəsini, tarixi yaddaş isə bu iki faktorun kökünü ifadə edir. Tarixi yaddaş daim keçmişlə müasirlik (indilik) arasında körpü yaradır. O, ənənə ilə yeniləşmədə varisliyi təmin edir. Sosial-mədəni varislik milli kimliyin istiqamətverici vektorudur. Buna görə də tarixi yaddaş milli kimliyin formalaşmasında və funksiyasında ciddi rol oynayır. Onun əhəmiyyəti müasir elektron mədəniyyəti mərhələsində daha çox artmışdır. Çünki İnformasiya Kommunikasiya Texnologiyaları insan təfəkkürünün yaddaş qabiliyyətini xeyli dəyişmişdir. Bu proses getdikcə daha da genişlənir. İnsan hansısa informasiyanı öz yaddaşında deyil, süni elektron qurğuda (məsələn, fləş-kartda) saxlamağa üstünlük verir.

Bundan əlavə, informasiya axının çoxluğu və onları seçmək sərbəstliyinin olması, kollektiv maraq (milli, dövləti) baxımından təhlükələr törədir. Milyonları vahid təsəvvürə gətirmək, ortaq ideya mövqeyi formalaşdırmaq xeyli çətinləşir. Kənardan olan təsirləri də nəzərə alsaq, məsələnin son dərəcə mürəkkəb xarakter aldığını görərik. Hazırda dünyanın aparıcı dövlətləri bu sahədə kifayət eədər incə ideoloji, informasion və texnoloji priyomlarla kütlələrin şüurunu manipulyasiya edə bilirlər (bax: məs., 12 və 13). Bütün bunlar “mənəvi-əxlaqi, mədəni və ideoloji immuniteti” zəif olan toplumlarda milli kimlik üçün ciddi maneələr yaradır. Transformasiya mərhələsini yaşayan cəmiyyətlər üçün isə əlavə problemlər meydana çıxarır.

Məsələ ondan ibarətdir ki, milli dövlət quruculuğunun “doyma nöqtəsinə” yetişməmiş cəmiyyətlərdə “millətlərüstü interqasiya” (Y.Habermas mənasında) prosesinə qoşulmasının mümkün sosial, etnik, psixoloji, mədəni və iqtisadi nəticələri kifayət qədər öyrənilməmişdir. Tarixi təcrübədə milli birlik səviyyəsi yetkin mərhələdə olmayan xalqların birbaşa millətlərüstü inteqrasiya formasına keçidi (müasir qloballaşma bunu tələb edir) toplumun varoluşu baxımından faciəvi ola bilər. Hər bir halda bu, ciddi problem kimi hələ araşdırılmalıdır. Dnüyanın inkişaf etmiş kəsimi bunda maraqlı deyil, tarnizitar ölkələrdə isə həmin tədqiqatları təmin edə bilən vahid mərkəz yoxdur. Bu, ziddiyyəti mütləq nəzərə almağın tərəfdarıyıq. Deməli, tarixi yaddaşın saxlanması və müasir tələblərə uyğun transformasiyası milli kimlik məsələsində öncül mövqeyə çıxmaqdadır. Traixi yaddaşın nüvəsini isə milli-mənəvi dəyərlər təşkil edir. Bu aspektdə kültür identikliyinin vacibliyini qəbul etmək lazım gəlir.

Keçən əsrin ikinci yarısından başlayaraq illərində alimlər “qan və kök” anlayışlarını “dil və kültür” anlayışlarının əvəz etdiyi qənaətinə gəldilər (məsələn, A.Kroeber, K.Klukhon, P.Şedrovitskiy, Y.Ostrovskiy və b.). Bu o deməkdir ki, XXI əsrdə milli kimliyi dilin və mədəniyyətin yayılma dairəsi də müəyyənləşdirəcək. Dövlətlərin sərhədlərini aşaraq dünyanın müxtəlif yerlərində istifadə edilən dilin sahibi etnos aparıcı olacaq (bu artıq indi də belədir). Buradan belə nəticə çıxır ki, fərdin özünü hansı kültür ənənəsinə aid edirsə, onun milli kimliyi böyük ölçüdə bunula müəyyənləşəcək. Burada klassik anlamda milli kimlik anlayışı ilə bir ziddiyyətin olduğu hiss edilməkdədir. Lakin nəzərə almaq lazımdır ki, subyektiv istəklərdən asılı olmayaraq, digər sosial-mədəi parametrlər kimi milli kimlik də mövcud siyasi-dövləti sərhədlər çərçivəsinə sığmamaqdadır. Artıq milli mənsubluq siyasi sərhəd tanımır.

Bu o deməkdir ki, indi milli kimlik uğrunda mübarizə dünyanın hər bir yerində aparılmalıdır. Bir dövlətin sərhədlərinə sığınıb qalmaq perspektivli görünmür. Məhz buna görədir ki, ABŞ dünyanın istənilən guşəsində bir amerikalının hüquqlarının təminini özünün strateji marağı kimi təqdim edir və bunun üzərində ciddi dayanır. Eyni qaydada Rusiyanın müxtəlif ölkələrində dil və mədəniyyəti əhaət edən “humanitar hücum” strategiyasını həyata keçirməyə başlaması təsadüfi sayılmır. Postsovet ölkələrində rus mədəniyyət evləri, dil kursları, rus kitab evlərinin təşkili həmin məqsədə xidmət edir. ÇXR Mərkəzi Asiyada çin dilinin yayılması üçün 100 milyonlarla pul xərcləyir.

Digər böyük dövlətlərdən də misal çəkə bilərik. Ancaq əsas məqam budur: milli kimliyini saxlamaq istəyən cəmiyyət ilk növbədə öz dilinin qorunmasına və toplumda elitar dil funksiyasını yerinə yetirməsinə nail olmalıdır! Bu, hər şedən əvvəl cəmiyyətin elitasına aidiyyatı var. Elitası yad dildə düşünən toplumda dövlət dili həmişə ikincidərəcəli rol oynayacaq. Təsadüfi deyil ki, dünyanın müxtəlif ölkələrində ingilisdilli elitanın formalaşması üçün konsepsiyalar, proqramlar hazırlanır və təhsil sistemi vasitəsi ilə həyata keçirilir. Son illər buna bənzər prosesin Rusiya tərəfindən aparıldığını hiss edirik. Ancaq bütün bunlar başqa dilləri öyrənməmək, elmi-mədəni nailiyyətlərdən istifadə etməmək anlamına qətiyyən gəlməməlidir. Söhbət yalnız cəmiyyətin ana inkişaf xəttindən gedir. Bununla yanaşı, hər bir insanın başqa dilləri bilməsi zəruridir. Bu məqam müasir mərhələdə milli kimliyin perspektivinə böyük aidiyyatı olan gerçəklikdir. Yəni hər bir fərd milli ilə beynəlmiləli orqanik surətdə sintez edə bilməlidir. Məsələnin bu tərəfinə bir qədər sonra qayıdacağıq.

Siyasi identiklik milli dövlətin mövcudluğunda prinsipial rol oynayır. Biz yuxarıda təsadüfən Fransada inqilab ənənəsinin milli kimliyin formalaşmasındakı rolundan danışmadıq. Fransız alimlər problemin bu tərəfini kifayət qədər öyrəniblər və onlar hər bir qəhrəmanın, məsələn Janna Darkın, milli mentalitetdə oynadığı rolu təhlil ediblər. Belə deyək ki, J.Dark obrazı müasir Fransaya nə verə bilər? Eyni qaydada Azərbaycan tarixində olan qəhrəman obrazlarının fəlsəfi-sosioloji analizinə ciddi ehtiyac vardır. Fəlsəfi-elmi yanaşma prizmasında bu problemi öyrənib, müasir mərhələdə siyasi identikliyin optimal modelini tapmaq olar. Bundan əlavə, siyasi identiklik milli mənsubluğun mərkəzi punktunu təşkil etməlidir. Bu mənada “azərbaycanlı” kimliyində siyasi identiklik əsas yer tutmalıdır.

Azərbaycançılığın İDEYA, KONSEPT VƏ İDEOLOGİYA qismində həmin aspektdə böyük perspektivləri vardır. Milli kimliyin formalaşması prosesi bu ideya üzərində inkişaf etdirilsə, faydalı olardı. Çünki azərbaycançılıqda müasir tarixi mərhələyə uyğun olan nisbətdə siyasi, etnik, vətəndaş, kültür və sosial-mədəni identiklik sintez şəklində mövcuddur. Heydər Əliyev həmin məqamları lakonik formada gözəl ifadə edib. Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqi zamanı ulu öndər vurğulamışdı: “Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir – ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şerlərimiz, mahnılarımız, xalqımıza mənsub olan adət-ənənələrdir.

…Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır…Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir” (14).

Multikulturalizm də həmin aspektdə aktuallıq kəsb edir. Müxtəlif etnik qrupların əsrlərcə birgə yaşadığı Azərbaycanın bu sahədə zəngin və pozitiv təcrübəsi vardır. Azərbaycan modeli Qafqaz üçün gözəl nümunə ola bilər.

Yuxarıdakı təhlillərdən belə nəticə çıxır ki, hər bir tarixi dönəmdə milli kimlik ənənə, dəyişməz milli-mənəvi və tarixi “kodlar”la yeniləşmənin sintezindən ibarətdir. Bu mənada o, tarixidir, dinamik struktura malikdir, daim yeniləşməyə can atır. Həmin prosesdə ümumi səviyyədə ənənə ilə müasirliyin optimal nisbəti hər bir etnos üçün aktuallıq kəsb edir. Bu qayda etnosun inkişaf səviyyəsindən asılı olmayaraq həmişə mövcudluğunu qəbul etmək gərəkdir. Bəs milli kimlikdə ənənə ilə yeniliyi birləşdirən mexanizm vardırmı? Erik Hobsbaumun “ənənə ixtirası” nəzəriyyəsi bu aspektdə diqqəti çox çəkir (15 və 16). Onun qənaətinə görə, hər bir tarixi dövrdə spontan yaranan ənənədən başqa, xüsusi məqsədlə “ixtira edilən ənənə” də olur. Bu, konkret subyekt və ya qrup tərəfindən edilə bilər.

Əsas məqsəd keçmişə müraciət əsasında müəyyən ritual və formallaşma meydana gətirməkdir. Bu zaman “ixtira edilən ənənə” tarixi təkamülə uyğun olmaya da bilər. Həmin məqamda təhlükə yaranır. Yəni “süni ənənə”nin “ixtira edilməsi” mümkündür. Müasir tarizi mərhələdə məhz həmin üsulla hansısa etnosu öz təbii inkişaf yolundan sapdırmaq, onu real ənənəsindən yayındırmaq olar. Bunun qarşısını etnosun özünün və onun aparıcı kəsiminin (elitanın) təşəbbüsü ələ alması kəsə bilər. Deməli, ənənə millətin öz daxili potensialı hesabına “ixtira” edilməlidir. Başqa sözlə, etnos daim öz ənənəsini yeniləşdirmək qabiliyyətində olmalıdır. E.Hobsbaum vurğulayır ki, “ənənə ixtirası” özünü əsas olaraq Yeni Dövrdə Avropada milli dövlətlərin yaranması ilə göstərməyə başladı. Məsələn, H.Trevor-Rouper ingilis iş adamı T.Roulinsin 1733-cü ildə “şotland ətəyi”ni ixtira etməsindən yazır (17, s.15-41). Doğrudur, onun bu fikirləri ilə razılaşmayanlar az deyillər, lakin opponentlər heç bir sübutu yoxdur. Belə qəbul etmək olar ki, bir iş adamı bütöv bir xalqınənənəsinə yeni element daxil edə bilib. Bu, ənənənin “ixtirası”dır. Eyni qaydada yalançı və süni ənənə “ixtira” etmək xalqı məhv edə bilər.

Beləliklə, milli kimlik özündə siyasi, etnik, mədəni identikliyi ehtiva edir. Milli kimlik vətəndaş identikliyi anlayışı ilə sıx bağlıdır və onunla qarşılıqlı əlaqədə dərk ediməlidir. O, fəlsəfi və sosioloji kateqoriya kimi mürəkkəb sturkuta malikdir. Dini və milli-mənəvi dəyərlər isə onun nüvəsini təşkil edirlər. Onlar həm milli kimliyin dəyişməz, həm də yeniləşməyə açıq olan qatlarını əhatə edirlər. Milli kimliyin yad ünsürlərlə təmasları məhz dini və mənəvi dəyərlər sahəsində baş verir.

Maraqlıdır ki, müasir tarixi dövrdə dini faktor siyasi, etnik və mədəni identikliyi bir-birinə bağlayan əsas mənəvi sahə rolunu oynayır. Mentalitetə sintez olunmuş bu dəyərlər mədəni-əxlaqi faktorlarla birgə müasirləşmənin məzmununu təşkil etməlidir. Problemin mürəkkəb tərəfi bu məqamla əlaqəlidir. Çünki modernləşmə şəraitində  milliklə müasirliyin uzlaşması prinsipial əhəmiyyət kəsb edir. Şərti olaraq “qarşılıqlı əlaqələrin “sərhəd zolağı” adlanan təmas xəttində yeni “mənalar” yaranır. Onlar etnosun sosial-tarixi ənənəsinə uyğun gəlirsə, müəyyən vaxtdan sonra qəbul edilir, əks halda isə kənarlaşdırılır.

Belə çıxır ki, milli kimliyin qorunması və tarixi şəraitə adaptasiyası ənənədən gələn “dəyişməz kodları” (milli-mənəvi dəyərlər, din, əxlaqi elementlər və prinsiplər, tarixi yaddaş) saxlamaqla yanaşı, yeniliklərə açıq olması ilə də bağlıdır. Cəmiyyət özünün hər bir transformasiya mərhələsində bu iki aspektin harmoniyasını təmin etməlidir. Milli kimlik onların vəhdətinin konkret məzmunda ifadəsidir.  

ƏDƏBİYYAT

  1.  Хаттон П. ХИстория как искусство памяти. СПб.: Владимир Даль, 2004, 424 с.
  2.  Вико Дж. Основания Новой науки об общей природе наций. М., Киев, 1994, 613 c.
  3.  Хальбвакс М. Коллективная и историческая память //«Неприкосновен- ный запас» 2005, №2-3(40-41).
  4.  Водолажская Т.В. Идентичность гражданская/ Энциклопедия культуры и общества//http://glossword.info/index. php/term/
  5.  И.Кон. Идентичность/Социология, Словарь online//http://www.cnru123.com/ index.php/term/.xhtml.
  6.  В.И. Аршинов, Н.Г. Савичева. Гражданское общество в контексте синергетического подхода/Общественные науки и современность, 1999 № 3, c. 131-138.
  7. . Berry J.W. Acculturative Stress // Psychology and Culture / Ed. by. W.J. Lonner, R.S. Malpass. New York, 1994.
  8.  Sam, D.L & Berry, J.W (Eds). The Cambridge handbook of acculturation psychology. Cambridge: Cambridge University Press, 2006.
  9.  Стратегии межкультурного взаимодействия мигрантов и населения России/ Под общ.ред. Лебедева и Н.М., Татарко. М.: Российский университет дружбы народов, 2009, 410 с.
  10. Ефремова М. В. Влияние этнической и гражданской идентичности на адаптацию инокультурных мигрантов в Москве и Ставропольском крае/ В кн.: Стратегии межкультурного взаимодействия мигрантов и населения России. Стратегии межкультурного взаимодействия мигрантов и населения России, 2009, с.227-250.
  11.  Bochner S. The social psychology of cross-cultural relations // Cultures in Contact: Studies in Cross-Cultural Interaction / Oxford, Pergamon, 1982.
  12.  Кара-Мурза C. Манипуляция сознанием. M.: Эксмо-Пресс, 2001, 832 c.
  13.  Кара-Мурза C. Манипуляция сознанием-2. M.: Эксмо-Пресс, 2009, 528 c.
  14.  Dünya Azərbaycanlılarının I Qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi // “Azərbaycan” qəzeti, 11 noyabr 2001-ci il.
  15.  The Invention of Tradition, eds. Eric Hobsbawm, Terence Ranger. Cambridge University Press, 1983, 320 pp.
  16.  Eric Hobsbawm, Mass-producing traditions: Europe, 1870–1914// Representing the Nation: A Reader. Eds. David Boswell, Jessica Evans. – London, New York: Routledge, 2007
  17.  Hugh Trevor-Roper, ‘The Invention of Tradition: The Highland Tradition of Scotland//The Invention of Tradition, eds. Eric Hobsbawm and Terence Ranger. Cambridge: Cambridge University Press, 1983, pp.15-41.

Müəllif: Milli Kimlik Araşdırmaları qrupunun üzvü, Füzuli Qurbanov

Comments are closed.