“MİLLƏT NƏDİR?” – ÇƏTİN SUAL

2012-2013-cü illərdə BDU-nun Tarix fakültəsində “Etnopolitologiya” fənnindən mühazirələr  oxuyanda, rus dilli sektor tələbələrinin ən çox mənə ünvanladığı  suallardan biri “millət” anlayışının nəyi ehtiva etməsi idi. Sözün əslində sosial antropologiyada ən çətin suallardan biri budur. Suala birmənalı cavab da yoxdur. Adətən,  modern fəlsəfədə və əsasən, marksist dünyabaxışda “millət” kapitalizm dövrünün məhsuludur, dövlət institutu olmadan “millət” mövcud ola bilməz və s. fikirlər dolaşır.

Amma bunun bir çox “əmması” var… Əvvəla, orta əsrlərdə bütün Avropa və islam Şərqi boyunca yəhudi icmaları yayılmışdı. Faktiki Qərblə Şərqi birləşdirən ən güclü informasiya-siyasi-iqtisadi-mədəni şəbəkə məhz yəhudi diasporları idi. Osmanlıdan gələn yəhidi tacir, səyyah, dindar Mediçilərin Fransasında yəhudi icması tərəfindən qarşılanırdı. Çünki dini özünüdərk artıq etnik özünüdərk səviyyəsinədək yüksəlmişdi.

Və ya “erməni” dediyimiz hayları götürək. Orta əsrlərdə erməni katolikosunun ermənilərə məşhur bir müraciəti var ki, gözəgəlimli erməni qızlarını erməniyə ərə verməyə tələsməyin, məqsədlərimizi gerçəkləşdirmək naminə müsəlman zadəganlarının hərəmxanaları üçün saxlayın. Yəhudi icmalarında olduğu kimi hər bir ölkədəki erməni dini icması öz maliyyə fonduna malik idi. Ticarət, sələm, üzvlük haqqı və s. bu fondu ildən ilə artırırdı.

Və ya ingilisləri götürək. Faktiki 16-cı əsrdə kral VII Henrix və xüsusilə, kraliça I Yelizavet dövründə ingilislər latındilli katolik təriqətindən çıxıb, dini ayinləri öz ingilis (latın, bretan, vikinq, sakson, kelt və d. dillərin sintezindən törəmiş) dilində icra edən “milli” xristian təriqətinə iman apardılar. Bundan sonra onlar özlərini xristianlar içində ayrıca həm təriqət, həm də soy kimi tanıdılar. Hələ ingilislərdən öncə ruslar, yunanlar və digər toplumlar öz dillərində dini təriqətə malik olaraq güclü etnik özünüdərkə malik idilər.

Bu soylarda, öz dilində dini təriqətə iman aparması ilə milli özünüdərk hələ kapitalizmdən çox-çox əvvəl yaranmışdı. Çünki onların dünyagörüşündə onlar artıq özünütanıma üçün adlarını (ingilis, rus, hay, yunan, yəhudi və d.)  konkretləşdirmiş, öz dillərini Yaradan ilə ünsiyyət qurmaq üçün yeganə müqəddəs dil olmasını qəbul etmişdilər. Həm də müəyyən dildə dini təsisat özü də milli özünüdərki yaradır, soyu formalaşdırırdı, hətta yad soylardan olaraq bu təriqəti qəbul etmiş fərdləri, bütöv bir tayfaları nəsilbənəsil assimilə edirdi. Sonuncuya gəldikdə, “erməni-qıpçaqların”, “erməni-tatların”, “erməni-aysorların”, “erməni-gürcülərin” və d. haraya yoxa çıxdıqlarını anlamaq olar.

Sosial antropologiyada milli özünüdərkin mahiyyətini təhlil edən çox cərəyanlar var. Onlardan ən güclüsü 3 cərəyandır. Birincisi, primordializm (və ya essentsializm) cərəyanıdır. Primordialistlərə görə, hər bir xalqın (millətin) kökü vardır. Ola bilsin ki, bu kök ayrı dilli və ayrı dinli olub, hətta ayrı bio-antropoloji tipə malik olub. Amma sonradan bu kök üzərində yeni dilli, hətta yeni xarici görünüşlü etnos formalaşıb. Məsələn, primordialist və avroasiyaçı Lev Qumilyova görə, Avrasiyada tunc və ilk dəmir dövründə əvvəlcə irandilli iskit və saklar (onun fikrincə, irandilli Turan) hegemon idi. Sonra bu kök üzərində türk xalqları hegemonluğa başlayır və İvan Qroznıdan eitbarən hal-hazırda, bu kök üzərində ruslar və Rusiya formalaşıb.

Konstruktivizmə görə, bütün tarixi və müasir xalqlar konstruksiyalardır: tarixi gedişatın hökmü ilə müxtəlif köklərdən əmələ gəlmiş və müəyyən müddət mövcud olan mücərrədlikdir. İnstrumentalizm cərəyanı da konstruktivistlərə yaxındır. Amma instrumentalistlərə görə, xalq-millət konstruksiyası özü “alətdir” (instrument), onu müxtəlif məqsədlər üçün yaradan faktorlar var: ya siyasi lider-partiya, ya dini təsisat, ya sülalə və saray, ya dövlət, ya “gizli dövlət” və s., və ya bunların müəyyən birgə təmsilçilik versiyaları.

Beləliklə, “millət” anlayışına dəqiq tərif yoxdur. Bəzi soylar hələ orta əsrlərdə güclü milli özünüdərkə malik ola bilərdilər, baxmayaraq ki, onlar müxtəlif köklərdən qaynaqlanırdılar. Məsələn, “rus” özünüdərki orta əsrlərin məhsuludur. Ad vikinqlərdən gəlib. Müasir rusların böyük əksəriyyətinin bio-antropoloji, etnoqrafik kökləri daha çox fin-uqor xalqları ilə bağlıdır. Amma dil – slavyan dilidir. Çünki dini dil — kilsə-slavyan dili idi.

Digər soylar isə, dərin kökə malikdirlər. Məsələn, farslar antropoloji, tarixi-etnoqrafik  və tarixi ad baxımından elamdilli yerli əhalinin varisləridir.  Sadəcə, e.ə. I minillikdə gəlmə hind-iran tayfalarının dili dini (zərdüştlük, manilik) dil  statusu alır və mövcud yerli əhali yeni dil və dini dünyagörüş altında yeni etnosa transformasiya olunur.

AZƏRBAYCANÇILIQLAR…

Bu gün kimliyimiz barədə düşünəndə müxtəlif versiyalar təklif olunur. Amma praqmatik baxımdan “azərbaycanlı” kimliyi üzərində durmaq istərdik.

Faktiki bu gün biz, vaxtilə anqlo-sakonların üzləşdiyi dilemma ilə qarşılaşmışıq. 17-18-ci əsrlərdə Şimali Amerikanı, Avstraliyanı zəbt edən İngiltərə ora öz əhalisinin bir hissəsini köçürmüşdü. 18-ci əsrin sonu üçün artıq bu müstəmləkələrdə yeni nəsl anqlo-saksonlar heç də özlərini ingilis, britaniyalı kimi dərk etmirdilər. Nəhayət, 18-ci əsrin sonunda britaniyalılarla Şimali Amerikada yaşayan soydaşları arasında müharibə başlayır. Nəticədə, Britaniya uduzur, ABŞ yaranır. ABŞ-ı yaradan mason ideoloqlar anlayırdılar ki, bu yeni dövlətin millətini “ingilis” adlandlrmaq düzgün deyil. Bəs, necə adlandırsınlar? Ortaya “amerikaçılıq” (americanism) ideyası atıldı. Yəni, ərazinin adı üzərində milli dövlətçilik və milli özünüdərk quruldu. Əvvəlcə bu anlayışa yalnız ağdərili xristianlar aid edilirdi, sonra artıq hamıya şamil olundu… Doğrudur, WASP-lar (white anglo-saxson protestants/ağdərili anqlo-sakson protestantlar) ABŞ-da maliyyə və güc strukturlarında əsas çəkisini saxlamaqdadır, amma dünya dəyişir… “amerikalıların Tanrı tərəfindən seçilmiş bir millət olması” barədə ideya (ABŞ-ın ikinci prezidenti C.Adamsın ibarəsi) hələ də yaşamaqdadır.   İngilis dramaturqu İzrael Zanquilla`nın dediyi kimi, ABŞ – ora köçüb gəlmiş xalqları “əridən qazan”a çevrildi…

Kanada, Yeni Zelandiya və Avstraliyadakı ingilisköklü əhali də bu yol ilə getdi: “kanadalı”, “yenizelandiyalı” və “avstraliyalı” millətlər yarandı.

Deyərsiniz ki, axı bu “separatçılıqdır”, vahid ingilis, anqlo-saksonluq parçalandı? Amma mən soruşuram: parçalandımı? İki dünya müharibəsində, Koreya, Vyetnam, Körfəz müharibələrində anqlo-sakson dövlətləri (Britaniya, ABŞ, Kanada, Yeni Zelandiya və Avstraliya) birgə cəbhədən çıxış edirdilər. İndinin özündə də bu injgilisdilli  dövlətlərin hərbi və hətta kəşfiyyat sistemləri inteqrasiyadadır.

Bu gün biz Azərbaycan Respublikası kimi dövlətə sahibik. İndi düşünməliyik ki, bu dövlətin mövcudluğu üçün hansı milli kimlik münasibdir. Uzağa getməyək və dərin polemikaya qatılmayaq. Hər halda, 500 il ərzində bütün planeti öz qurduğu iqtisadi-siyasi sistemə qoşulmağa, cəmi 1 minilliyə yaxın bir dövrdə formalaşmış öz dilində bütün dünyanı danışmağa məcbur edən anqlo-saksonlardan daha ağıllı nəsə fikirləşə bilməyəcəyik.

Sözsüz ki, ağıla ilk gələn ideya “azərbaycançılıqdır”. Çünki aydın məsələdir ki, dövlət millətçiliyi (və ya dövləti millətçilik) üçün ən yararlı qayə budur. Özü də praqmatik “amerikanizmə” yaxındır. 2018-ci ildə bolqar etnoloqları ilə görüşdə azərbaycançılıq ideyasının genezisi barədə danışanda belə bir sual ortaya çıxdı ki, bu ideyanın yaradıcıları ameikanizm ideyası ilə tanış idilərmi? Dəqiq cavab yoxdur ki, M.Ə.Rəsulzadə və ya Ə.Ağaoğlu anqlo-sakson ideoloqlarının əsərlərini oxumuşlar. Bəlkə də, bu, sadəcə  konvergensiyanın nəticəsidir. Yəni, eyni bilik, eyni fikir müxtəlif yerlərdə, müxtəlif dövrdə, biri digərindən asılı olmayaraq yaranır – mühit və hadisələrin gedişatı özü buna gətirib çıxarır.

Məsələn, biz bu gün faktiki Qafqaz Albaniyasının konvergent zühurunu görürük. Cənubi Qafqazda milli ideologiyalı dövlət, Arazın güneyindəkindən fərqli özünüdərk və dövlət sistemi, Anadoludakı Bizansla (bu gün Anadoludakı Türkiyə ilə) müttəfiqlik, şimalda Xəzər imperiyası (bu gün şimalda Rusiya ilə), cənubda Sasani (bu gün İran) imperiyası ilə ehtiyatlı münasibətlər… Bu günki Şimali Azərbaycan Respublikası islamdan öncəki Qafqaz Albaniyasına necə də oxşayır?! Əyani konvergensiya nümunəsi!

Qayıdaq azərbaycançılığa… Vaxtilə, polyak mənşəli amerikalı azərbaycanşünas Tadeuş Svyatoçovski Azərbaycan dövlətçiliyinin banilərindən biri olan M.Ə.Rəsulzadənin ideya genezisi barədə maraqlı qeydlər etmişdi. Onun fikrincə, M.Ə.Rəsulzadə əvvəlcə islamçı və hətta, irançı idi, sonra sosial-demokrat, daha sonra türkçülük ideyasına tərəfdar idi. 1918-ci il 28 May ərəfəsində və sonra artıq o, “azərbaycançılıq” ideyasını formalaşdırır. Onun azərbaycançılığı artıq “dövləti millətçilik” anlamına daha çox cavab verirdi. “Millət” anlayışı üçün əsas etnik kök deyil, vətən və dövlət mənsubiyyəti qəbul edilirdi. Yəni, Azərbaycanda milli-etnik və dini kimliyindən asılı olmayaraq doğulan hər kəs “Azərbaycan millətinin nümayəndəsi” məfhumuna aid edilirdi. İlk dəfə olaraq, islam dövründə Azərbaycan ərazisində milli dövlət yaranırdı və “müsəlman qardaşlığı”, “hümmət” anlamından da güclü özünədərk qayəsi ortaya atılırdı. Nəyə görə, dövləti əsaslı milli özünüdərk ideyası olan “azərbaycançılıq” dini əsaslı özünüdərkdən, yəni “hümmətçilikdən” güclü idi? Çünki Azərbaycanda “hümmətçilik”, “müsəlman qardaşlığı” gerçəkliyə cavab vermirdi. Belə ki, şiə-sünni ayrımçılığı, üstəlik yerli aborigenlər içində müsəvilər və xristianlar var idi. Beləliklə,  M.Ə.Rəsulzadənin azərbaycançılığı  modern millətçilik idi…

Amma 1920-ci il 28 aprel işğalından sonra bolşevik istilaçıları da öz interpretasiyalarında “sovet azərbaycançılığı” ideyasını təlqin etməyə başladılar. Bu, fərqli azərbaycançılıq idi. “Sovet azərbaycançılığına” görə, “azərbaycanlılar” yalnız “Azərbaycan türkləridir”, “türk” anlayışı yasaq olunurdu. Bu anlayışa görə, Azərbaycandakı irandilli, qafqazdilli toplumlar isə “azərbaycanlı” deyildilər. “Sovet azərbaycançılığı” bir tərəfdən, Azərbaycanı “türk dövlətləri” anlamından  ayırırdı; ikinci tərəfdən, Azərbaycandakı irandilli, qafqazdilli toplumları “Azərbaycan dövlətçiliyi və vətənçiliyi” anlamından kənarlaşdırırdı. Əslində “sovet azərbaycançılığı” təxribat idi, Azərbaycan dövlətçiliyi anlamının fundamentinə qoyulan saatlı bomba idi. Bu bomba 90-cı illərin əvvəlində Azərbaycan müstəqil olanda partladı; məcazi mənada Əlikram Hümbətovu, Sadvalı, gerçək mənada Bakıda 20 Yanvar metrostansiyasındakı terror aktında partlamış bombanı göstərə bilərik…

Beləliklə, biz “dövləti azərbaycançılıq” və “sovet azərbaycançılığı” ilə üzləşirik. Sözsüz ki, məntiqi olaraq bizə “dövləti azərbaycançılıq” milli özünüdərki lazımdır. Bu ideya məhz Azərbaycan dövlətçiliyi üçün öz həyatiliyini göstərdi. Bu gün zəfərlə davam edən Vətən müharibəmizdə 5 türkdilli dövlətdən yalnız biri – Türkiyə bizi yaxından dəstəklədi. İslam ölkələrindən yalnız biri – Pakistan bizi yaxından dəstəklədi. Dünyada yeganə yəhudi dövləti – İsrail bizi, burada yaşayan yəhudi azərbaycanlılara münasibətimizə görə dəstəklədi. Hətta, sayını “30 milyon” dediyimiz və “Güney Azərbaycan türkləri” adlandırdığımız etnik toplumdan bizi dəstəkləyənləri barmaqla saymaq olardı. Amma işğalçıya qarşı əlində silah mübarizəyə qalxan yalnız öz azərbaycanlılarımız – yəni, Azərbaycan türkləri, talışları, kürdləri, ləzgiləri, yəhudiləri, tatları, lahıcları, ingiloyları, xınalıqlıları, rusları və d. soydaşlarımız oldu.      

Sözsüz ki, biz “türkçülük”, “türk” anlamlarını inkar etmirik. Türkdilli respublikalar və toplumlarla münasibətlərimizi davam etdirməliyik. Biz bu məfhumlardan milli maraqlarımız üçün istifadə etməliyik. Müsəlman toplumlar və islam ölkələri ilə də münasibətlərdə biz “islamçılıq”, “hümmət”, lazım gəlsə “şiəçilik” anlamından yararlanmalıyıq. Elə “Bütöv Azərbaycan” ideyası da Şimali Azərbaycanın milli maraqları üçün istifadə olunmalıdır. Nə az, nə çox…  

Əsas və hədsiz inandığımız “azərbaycançılıq” olmalıdır. Çünki pis və dar günümüzdə bu amal özünü doğrultdu. Çünki bu amal gerçək və həyati çıxdı. Qalan amallar isə, necə deyərlər, miyanə…

Amma dövrün tələblərinə görə, müasir “azərbaycançılığımıza” yeni tezislər əlavə edilməlidir. Biz bu ideyaya “Azərbaycanda doğulmuş insanların Tanrı tərəfindən seçilmiş olduqlarını” və “azərbaycanlıların (yəni, Azərbaycan türkləri, talışları, kürdləri, ləzgiləri və d.) digər millətlərdən üstünlüyünün milli birlikdə,  modernləşmədə və texnoloji üstünlükdə özünü göstərməsi” tezislərini gətirməliyik. Bu isə, artıq digər müzakirənin mövzusudur…

Mənbə: Millikimlik Araşdırmaları qrupunun üzvü, Pərviz Paşaoğlu Elay

Comments are closed.