Avropa xalqlarının dövlət tarixi yoxdur. Müasir tarixşünaslıqda Roma sonrası Avropada
ortaya çıxan xanədanların, krallıqların, imperiyaların “dövlət” adı altında təqdim edilməsi XIX əsr
kimlikləndirmə siyasətinin bir parçasıdır. Bu tarixi baxış Roma sonrası Avropanı kimliklənmiş
coğrafiyalar (Britaniya, Fransa, Almaniya, Hollandiya, İspaniya, İtaliya, Avıstırya və s.) qəbul
edərək V əsrdən etibarən bu coğrafiyalarda ortaya çıxan siyasi hakimiyyətləri vahid və mərkəzi
bir kimliyin parçası olaraq təqdim edirlər. Lakin Avropa coğrafi kimliklərinin tarixiliyi XIX əsrdə,
xüsusilə də 1860-cı ildən sonra başlamış bir prosesdir.
Dövlət (etat) termin olaraq Qərb düşüncəsində XVI əsrdə ortaya çıxıb. O vaxta qədər
Qərb siyasət dilində istifadə edilən əsas termin “ratio gubrtnatoria” (idari ağıl) və “ratio
postoralis” (hakimiyyət ağlı, çoban ağlı) idi. Roma sonrası Avropada ortaya çıxan krallıqların və
imperiyaların başlıca üç missiyası olub:
(a). Təbəənin təhlükəsizliyinin təmini
(b). Təbəənin Tanrıya və onun kölgəsi olaraq krala itaətinin təmini
(c). Təbəənin kilsəyə itaətini təmini
Bu üç təminat forması qarşısında hakimiyyətin, yəni “ratio postoralis” öz təbəəsindən
vergi toplayır, əsgər yığır və ya əsgər satın alırdı. Dar bürokratiya, saray həyatı və qəsrlərdə
varlığını davam etdirən siyasi iqtidarlar özlərini ilahi kimliyin bir parçası olaraq təqdim edirdilər.
“Dövlət” termini ilk dəfə Ciovanni Botero (1540-1617) tərəfindən “təbəə üstündə
davamlı təhəkküm icra edən təbii güc” olaraq ifadə edildi. 1606-cı ildə Palazzonun qələmə aldığı
“İdarə və həqiqi dövlət ağlı haqqında nitq” əsərində dövlət “respublika” olaraq tərif edilir. Bu iki
humanistlə birlikdə XVII əsrdən sonra Avropa siyasət düşüncəsində “dövlət” anlayışı
formalaşmağa başladı. Onlar dövləti 4 maddədə belə tərif edirdilər:
1.Dövlət ərazidir (etat dominum)
2.Dövlət mühakimə (hüquq) sahəsidir (etat juridiction)
3.Dövlət həyat tərzidir
4.Dövlət bir şeyin keyfiyyət formasıdır
Qərbli fikir adamları tərəfindən səsləndirilən “dövlət” termini “təbii” məzmun ifadə
edirid. Yəni dövlət “təməllər (prinsip/qanun) qoyan və onu “təbiət nizamına” (principia natura)
olaraq tənzimləyən ağıl (ratio) sistemidir. Buna görə də, Qərb düşüncəsində dövlət “ratio
statio”, yəni “dövlət ağlı” olaraq tələffüz edilmişdir.
Belə olan halda Avropa tarixində hakimiyyət və ya iqtidar “ağıl” məsələsidir. Bu mənada
Avropa zehniyyətində ağlın iki forması mövcuddur:
- ilahi əsaslara söykənə hakimiyyət ağıl (ratio postoralis)
- təbiət əsaslarına söykənən dövlət ağlı (ratio statio)
Hegelin “Tarix ağlı” olaraq terminləşdirdiyi anlayış da məhz bu iki təmələ söykənir. Hegel
və onunla birlikdə Qərb düşüncəsində, Marksizmlə birlikdə bizim düşüncəmizə yerləşən tarix
ağlı avropalı zehniyyətinin ağıl normativini müəyyən edir. Hegəl özünün “Tarixdə ağıl” adlı
əsərində başlıca iki təməl üzərində dayanıb: ruh və tarix. Buna görə “ruh” ilahi hakimiyyət ağlını,
tarix isə dövləti ağlını əsas alırdı.
Kant tərəfindən empirik-rasional xətt üstündə yeri müəyyən edilən, Hegel tərəfindən
“transentental” görüntü qazanan “tarix ağlı” deyilən şeyin qısa tarixi-fikri görüntüsü budur.
Avropada kimliklərin inşaası, yəni feodal təbəələrin kimlikləndirilməsi prosesi XVIII əsrin sonu
XIX əsrin ilk otuz ilində Avropa zehniyyətində mərkəzə yerləşən “tarix ağlı” əsasında
gerçəkləşdirilmişdir.
Erix Hobsbavn 1870-1914-cü illər arasını Avropada “ənənənin kəşfi” dövrü adlandırır.
Onun “ənənə” dediyi şey Avropalı dövlətlərin öz xalqlarını yaratmaq və onlara tarixi bir kimlik
inşaa etmək adına “tarixi yenidən yaratmaq” cəhdləridir. Avropalı kimliklər üçün tarixin yenidən
yaradılması (a) siyasi və (b) ictimai ənənələrin icad edilməsi ilə mümkün olmuşdur. Milli
tarixilərin yazılması, ümumiləşmiş adlar altında xalq ədəbiyyatı, mədəniyyətinin
formalaşdırılması, dövlət simvolları, rəsmi mərasimlər, qısaca ictimai və siyasi sahədə kimlik
zehniyyətinin inşaası aparılmışdır. Beləcə, 1870-ci ildə sonra Eugen Veberin Fransa üçün
səsləndirdiyi mənada Avropa dövlətləri nəzarət etdikləri ərazilərdə yaşayan müxtəlif dillərə,
həyat tərzinə, qəbilə kimliyinə, əxlaqına, hətta xristian olmalarına baxmayaraq fərqli inanclara
məxsus “kəndlilərdən fransız, alman, ingilis, slav, macar, isveç, norveç, italyan” millətləri
yaratdılar. d`Azeglionun 1870-ci ildə işlətdiyi məşhur cümləsində deyildiyi kimi: “İtaliyanı
yaratdıq, indi italyanları yaratmaq məcburiyyətindəyik”.
Beləliklə, XVIII-XIX əsrdə Avropada yaşanan prosesdə bir tərəfdən dövlət anlayışı
insanların zehniyyətində “ilahi hakimiyyət ağlı”nın (Hegelin “ruh” dediyi şeyin) yerini alarkən,
digər tərəfdən də dövlət idari olaraq özünü təbiət kimi insanların istifadəsinə açmışdır. Dövlətə
“dərinlik” izafət edilən anlayış buradan qaynaqlanırdı. Özünü texnolojik, elmi, iqtisadi və hərbi
formada inşa edən bu güc ən son öz təbəəsini yenidən yaratmaq ehtiyacı hiss etmiş və bunun
nəticəsində “millət” kimliyi ortaya çıxmışdır. Qısaca, müasir Avropa avropalı kimliklərin texniki-
elmi, iqtisadi-hərbi mənada dünya gücü halına gəlməsi hadisəsi olmayıb; bütün bu vasitələrə
sahib olan ağlın öz təbəələrini kimlikləndirmə təşəbbüsü idi.
Yəni Avropadakı etnik-milli və siyasi-mədəni kimliklər XIX əsrin sonunda aparılan
kimlikləndirmənin məhsuludur. Günmüzdə tarix kitablarında uzun tarixi hekayəsi nəql edilən
alman, fransız, ingilis, italyan, slav xalqlarının tarixi XIX əsrdə eyni ad altında kimlikləndirilmiş
xalqlar üçün icad edilmiş tarixlərdən ibarətdir.
Bu necə mümkün olmuşdur. Erix Hobsbava görə, bu prosesin əsaslarını belə sıralamaq
mümkündür:
a) ənənə (traditon) və adətlərin (custom) siyasiləşməsi və ictimailəşməsi;
b) davamlılıq və təbii təminat nəticəsində tarixi hadisələrin, ümumi mərasimlərin
davamlı təkrarlanması və təhsil yolu ilə təbliği
c) təmayyül və rituallıqla dövlət-millət kimliyinin birlikdə inşa olunması
d) feodal cəmiyyətin sənaye cəmiyyəti halına gətirilməsi;
e) bürokratik idarəçiliiyn rituallaşdırılması
f) texniki inkişafın bir güc olaraq birləşdiriciliyi
Misal üçün, 19 əsrdə Britaniya parlament binası yenidən inşa edilərkən məqsədli şəkildə
Qotik üslubda tikilmiş və müasir Britaniya ilə keçmiş arasında tarixi bir ardıcıllığın olduğu ifadə
edilmişdir. İngilis “Noel” xalq mahnılarının yerinə Watts-Wesley tərzində ilahi mahnılar
keçirilərək anqilikan keçmiş yaradılmağa və ictimailəşdirilməyə cəhd götərilmişdir. Kral
mərasimlərinə, aristokratik geyimlərə və davranışlara qədər güya kökləri Romaya qədər uzanan
maddi-mənəvi forma və şəkillər verilmişdir. Eyni tarixdə Almaniyada fərqli köklərdən
qaynaqlanan (300 krallığın ölkəsindən) ancaq Prusiya tarixi “almanlaşdırılmağa və
ümumiləşdiirlmə”yə başlandı. Eyni proses Fransa, İtaliya, hətta Çexiya və Macarıstanda belə
labüd hala aldı. Krım məğlubiyyətini unuttudmaq üçün Rusiyada “vətən” anlayışı ön plana
çıxarıldı. 1812-ci ildə Napolyonun məğlubiyyəti ilə bitən müharibəyə “Vətən müharibəsi” adı
verilərkən, Sovet dövründə və günmüzdə Azərbacyan pedaqoqokasının təməli hesab edilən
K.D.Uşinski tərəfində rus dili 1860-cı ildə “ana dili” olaraq təbliğ olunmağa, dil ilə kimlik
üzərindən vətən və tarixi kimliklər formalaşdırılmağa başlandı. Qısaca, XIX əsrin son 30-40 ilində
ABŞ-dan Rusiyaya qədər bütün Qərb dünyasında kimlikləndirmə siyasəti aparıldı.
Kimilikləndirmə siyasəti sırasında dövlətin mənfəətinə uyğun olmayan hadisələr inkar
edilir, unudulmağa buraxılır, bir kimliyi təşkil edən fərqli ünsürlər yox qəbul edilib, ortaq
ünsürlər mərkəzə yerləşdirilir, keçmişdən bu günə mərhələli olaraq hərəkət edən bir ictimai
varlığı tarixi yaradılırdı. Dil üzərindən xalq kimlikləri inşa olunarkən, xalqı təşkil edən çox saydan
fərqli dilə, lənçəyə, şivəyə malik qəbilələrin ən qədim zamandan günmüzə ortaq dildə
danışdıqları imici formalaşdırılırdı. Bu günün tarixi dili və baxışı bütün tarixi əhatə edəcək şəkildə
genişləndirilirdi. Dövlətin sahib olduğu coğrafiya milliləşdirilir, bütün insanlar eyni milli dilin və
tarixi baxışın mənsubu halına gətirilirdi. Bu prosesdə:
birinci, kilsə sekularlaşdırılaraq həyatın kənarına çəkilərkən, bütün vətəndaşlar ilk təhsilə
cəlb edilərək, dövlət nəzarətində yazılan dərslikləri oxuyaraq ortaq bilik hafizəsinə sahib oldular;
ikincisi, mərasimlər dövlətləşdirilmiş və milliləşdirilmişdir; kimliyin ortaq dəyəri olaraq
təbliğ edilməyə başlanmışdır. Milli marşlar, dövlət bayraqları, milli və rəsmi bayramlar və s.
üçüncüsü, məkan ortaq zehniyyətə uyğun formalaşdırılmışdır. Ortaq memarlıq
nümunələri, heykəllər, şəhərlər, meydanlar, küçələrin adlandırılması və s.
Beləliklə tarixi zaman məkanla uyğunlaşdırılaraq ortaq bir kimlik hafizəsi inşa edilmişdir.
Kimlikləndirilmiş xalqla dövlət arasında bağları qurmaq adına ortaq (milli) düşmən anlayışı
yaradılmışdır. Fransa xalqı üçün milli düşmən monarxiya elan edilərkən, alman xalqının milli
düşməni “Fransa” olmuşdur. Hərb dili Karl von Klasuvitzin “Mühaibə haqqında” (Vom Kriege,
1818) əsərində elan etdiyi kimi “dost və düşmən” təməlləri üzərinə yerləşdirilmişdir. “Xalq üçün
dövlət, dövlət üçün xalq” məntiqi üzərinə qurulan müasir sosial sistemdə kimlik davamlı tək
tərəfli olaraq şəkilləndirilmişdir. Qısaca, ənənəvi bayramlar belə yeni şəkildə icra olunmağa
başlanmışdır. Kapitalist iqtisadi münasibətlər, ticarət anlayışı, pul, xəzinə, sosial təminatlar,
kolonyalaşdırma, dünyanın bölüşdürülməsi, siyasi və iqtisadi rəqabət ancaq dövlətin öz güclərini
çoğaldaraq mühahizə edəcəyi ağıl məkanında qavranılmağa başlandı. Alman imperator, ingilis
kralı və ya kraliçası öz xalqının nəzərində doğrudan bir imperator və kral olaraq görünməyib, öz
xalqının dəstəyini alaraq başqa xalqlara qarşı feili bir təkakküm icra etməyə başaldılar.
Avropa dövlətləri arasındakı münasibətlər 1648-ci ildə Vestfalya sülhündən etibarən
“rivalite” (zidləşmə) əsasından çıxardılaraq “concurrence” (rəqabət) biçiminə salınmışdır. Politik,
sosial, iqtisadi, hüquqi tərzdə kənarda və içərdə yaradılan rəqabət münasibətləri və bu
münasibətlərin balaslaşdırılması, bir tərəfdən politik ağlı işlək hala gətirərkən, politikanı
(siyasəti) də bir rəqabət vasitəsinə çevirmişdir. Pariyalar, həmkarlar ittifaqları, assosasiylar,
şirkətlər, seçkilər qısaca bütün kütlənin içində yer aldığı bu rəqabət oyununda “ifşa edənlə ifşa
olunan” eyni zehni normativlər tərəfindən müəyyən edilirdi. Dövlətin “ağıl” olaraq qavranıldığı
bu tərkibdə məqsəd tərəflərin deyil yaradılmış bütünün qorunması idi.
Kimlikləndirmə sadəcə, daxildəki sosial, hüquqi, mənəvi, etik və iqtisadi bütünlüyü əks
etdirmir, dövlət ağlı vasitəsilə özünü kənara da ixrac edirdi. Bu məqsədlə avropalı dövlətlər
özlərinin təhsil orqanlarını, universitetlərini, dini, milli və elmi qurum və quruluşlarını başqa
ölkələrin insanlarının üzünə açaraq, başqa ölkələrdən gələn siyasi, ictimai, fikiri mültəcilərə
sığınma haqqı tanıyırdılar. XIX əsrin ikinci yarısı ilə XX əsrin əvvəllərində Rusiyanın bütün
ziyalıları Avropada sərbəst hərəkət etmək haqqına sahib idilər. Osmanlı və digər Şərq ölkəsindən
istibdatdan qaçanlar Avropa məkanında hər cür fikri münasibətə, siyasi diyaloğa girə bilir, öz
əsərlərini həmin ölkələrdə sərbəst şəkildə yayırdılar. Bu və digər yollardan aparılan
kimlikləndirmə kopyalaması bütün xalqları və millətləri nəhyətdə ortaq zehni terminlərlə
düşünməyə, öz tələb və haqlarını eyni qəliblərdə dilə gətirməyə və eyni qavramlarla ifadə
etməyə məcbur edirdi. Necə ki, 1893-cü ildə Katolik pasxasına etiraz olaraq Fransada ilk dəfə
keçrilən 1 May “Əmək pasxası” adıyla qeyd edilmiş, papanın “bütün ölkələrin xristianlarını”
birlik və bərabərliyə çağıran xitabına qarşı fəhlələr də “bütün ölkələrin proletariyası birləşin”
şüarını səsləndirmişdilər. XX əsrin əvvəllərinə isə bütün Avropa işçiləri vahid bir sinifin mənsub
olaraq “proletar” kimliyi içində düşünülürdü. Yəni, zehni münasibətlərin istehsalı mərhələli
olaraq sosial münasibətlərin dilinə və həyat tərzinə çevrilərək dünyaya yayılırdı. Yəni
müasirləşmə elmi-texniki tərəqqinin bir parçası olmaq deyil, özünü, çevrəni və ətraf mühiti
dəyişdirmə tərzi idi. XIX və XX əsrdə (Sovet ittifaqında Stalin tərəfindən “ideoloji rahib”ə
çevrilənə qədər) “ziyalı” bu missiyanı icra edirdi. Dəyişdirmək, hətta dəyişdirdiklərini
dəyişdirmək ziyalının dəyişməz missiyası hesab olunurdu.
Ziyalı zamana bağlı olaraq çalışırdı. Onun üçün mühim olan zamanın yayılması və
zamanın tələbatının qarşılanması idi. Karl Marksın “Lui Bonapartın 18 bürümeri” əsəri vasitəsilə
əvvəlcə dilimizdə, davamında zehnimizə yayılan məşhur ifadə də deyildiyi kimi “zamanın
tələblərinə uyğunluq” ziyalı tərəfindən bir həyat tərzi olaraq təbliğ edilirdi. Maarifləndirmənin
böyük sirri də elə bu idi: zamanın istehsalı.
Zamanın istehsalı Kantın “Mariflənmə nədir?” yazısında dilə gətirdiyi kimi “bu günkü
dünyada biz kimik?” sualının cavabı idi. “Bu gün”ün bütün tarixi zamanların mərkəzinə
yerləşdirilərək cavablandırılması, “bu gün”ü zaman olaraq bütün tarixi zamanların yaradılış
səbəbi olaraq qəbul edilməsi idi. Kimlikləndirmə zamanın tələbi olaraq inşa edildiyində, ziyalı bu
tələbatı heç bir məkan tanımadan dünyanın tamamında qarşılamağa cəhd edirdi.
“Əcnəbi göydə balonlarla gəzir
Biz hələ avtomobil minməyirik”
– deyən ziyalı zehniyyətinin arzualdığı “zaman”, yəni “bu gün olaraq zaman” idi. Ziyalını
maraqlandıran və narahat edən “zaman” haqqında bu gün Azərbaycan tarixçinin “kimin zamanı”
deyə soruşmaq haqqı yaranmışdır. Yəni, hər tarixçinin mənsub olduğu kimlik adına XIX əsrdən
bəri kimin zamanının yaşadığını, kimin zamanının tələb edildiyini mühakimə etməsi gərəklidir.
Mənbə: Millikimlik Araşdırmaları qrupunun üzvü, Əkbər N.Nəcəf
Comments are closed.