Ermənistanın Qərbi Azərbaycan torpaqlarının yerində qurulması, daha sonra Qarabağı və onun ətrafındakı rayonları işğal etməsi, burada Xocalı, Qaradağlı kimi faciələr törətməsi haqqında həm öz vətəndaşlarımız, həm də əcnəbilər müəyyən qədər məlumatladırlar. Ötən hər il Azərbaycan dövləti və disapor təşkilatları gücləndikcə, millətimiz ən yeni təbliğat metodlarından istifadəyə yiyələndikcə bu məlumatlandırma daha da artır. Bütün bunlar çox müsbət haldır.
Amma ermənilərin xalqımıza qarşı faciələri, işğalçılıq siyasəti Qarabağ və ətraf rayonlarda olanlarla bitib tükənmir. Çox az bir qism insanın ötən əsrin 90-cı illərdən başlayan erməni təcavüzünün ilk qurbanlarının Qazax rayonu əhalisinin, onun kəndlərinin olduğu haqqında məlumatı var desəm yanlışlıq etmərəm. Beynəlxalq aləmin isə ümumiyyətlə məlumatı yoxdur.
Qarabağda müharibə başlayarkən Ermənistan Azərbaycanın bütün sərhəd bölgələrinə hücumlar, təcavüz aktları gerçəkləşdimişdir. Ermənistan Qarabağda yaşayan ermənilərin özünümüdafiəsi, öz müqədərratını təyinetməsi kimi yalançı şüarlarla Dağlıq Qarabağ və ətraf rayonlardakı torpaqlarımızı işğal edib. İndiyə qədər də həyasızlıq edərək ermənilərin öz müqəddəratını təyinetmə prinsipindən çıxış etməklə torpaqlarımızdan qoşunlarını çıxartmır. Sual olunur: erməni yaşamayan, Qarabağdan yüzlərlə kilometr uzaqda yerləşən Qazaxın 7 kəndinin Ermənistan tərəfindən işğal edilməsinin, buradakı 7 min sakinin didərgin salınmasının, dinc insanlara qarşı faciələr törədilməsinin adı nədir? Qazaxda da “öz müqəddəratını təyinetmə” var? Qazaxın işğal edilən, faciələrlə üzbəüz qalan kəndlərində ermənilər yaşayıb? Birmənalı şəkildə yox. Bəs nə üçün ermənilər Qazax rayonuna təcavüz ediblər, ərzisinin bir qismini işğal, əhalisini qətl ediblər? Bütün bunlar ermənilərin işğalçı mahiyyətini, qəddarlığını, vəhşiliyini göstərir. Aşağıda sadalayacağımız faktlar onların iç üzünü açıb ortaya qoyacaq, ermənilərin niyyətinin heç də beynəlxalq hüquq çərçivəsində hansısa addımlar atmaq deyil, işğalçılıq olduğunu bir daha göstərəcək.
Ermənistan əvvəlcə Qazax rayonunun 12 kəndini işğal etmişdi. İşğal olunmuş 12 kənddən 5-i Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra geri qaytarılmışdır. Hazırda 7 kənd işğal, 13 kənd isə erməni hərbi birləşmələrinin atəşi altındadır. Xocalı soyqırımında olduğu kimi Qazax rayonunun Bağanıs Ayrım kəndində Dədəş Əsliyevin 4 nəfərdən ibarət ailə üzvü və 3 nəfər kənd sakini ermənilər tərəfindən diri-diri yandırılmışdır.
İşğal olunmuş kəndlərlə bağlı ətraflı məlumatdan öncə Qazax rayonu haqqında qısa statistikanı nəzərə çatdırmaq istərdik. Qazax rayonu respublikanın qərb hissəsində, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan Gəncə-Qazax düzənliyinin şərq hissəsində yerləşir. Qazax rayonu Şimal-qərbdən Gürcüstan Respublikası ilə 9 km, cənub qərbdən Ermənistanla 168 km sərhəddir. Ərazisi 692 kv.km, əhalisi 98430 (01.01.2020-ci ilin əvvəlinə) nəfərdir. Ərazinin 77 kv.kilometri (11%-i), yəni 7 kəndi işğal altındadır, 5 kəndi isə erməni silahlı birləşmələrinin daim atəşinə məruz qalır. Rayonda 1 Bakı Dövlət Universitetinin Qazax filialı, 1 Qazax Dövlət Sosial İqtisadi Kolleci və 1 Peşə Liseyi, 46 ümumtəhsil məktəbi, 25 məktəbəqədər və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. “Müalicə Diaqnostika Mərkəzi”, “Labmed” özəl tibb mərkəzi, Qazax Rayon Doğum evi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, 1 Gigiyena və Epidemiologiya Mərkəzi, 6 xəstəxana, 15 həkim və 13 tibb məntəqəsi əhaliyə səhiyyə xidməti göstərir. Rayonda “Heydər Əliyev Mərkəzi”, “Şahmat Məktəbi”, Qazax Dövlət Rəsm Qalereyası, Səməd Vurğun Poeziya Evi, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialı, Qazax Dövlət Dram Teatrı, 1 kinoteatr, “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğu, 3 muzey, 1 ev muzeyi, 2 uşaq musiqi məktəbi, 21 mədəniyyət evi, 43 kitabxana və 24 klub vardır. Qazaxda 112 daşınmaz tarix və mədəniyyət abidələri vardır ki, bunlardan 45-i memarlıq, 54-ü arxeoloji, 7-si monumental və xatirə, 5-i isə dekorativ tətbiqi sənəd nümunələridir. Rayonda “Gənclər Mərkəzi”, Qazax Olimpiya İdman Kompleksi, Şəhər stadionu, 2 üzgüçülük hovuzu, 5 aerobika trenajor zalı və 2 atıcılıq tiri vardır. Qazax rayonu ərazisindən 44 km uzunluğunda Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi beynəlxalq avtomobil yolu keçir. Rayonda 4 siyasi partiya, 4 məscid, 1 ziyarətgah, 4 islam yönümlü dini icma, 17 QHT fəaliyyət göstərir. Qazax rayonunda kütləvi informasiya vasitələrindən “Göyəzən” ictimai-siyasi qəzeti və goyezen.az saytı fəaliyyət göstərir.
30 ildir ki, ermənilər Qazaxın 11 faizini, yəni yeddi kəndini işğalda saxlayırlar. Bu kəndlərin yeddi min nəfər əhalisi müxtəlif bölgələrdə məcburi köçkün həyatı yaşayır. Qazaxın işğal olunmuş və beynəlxalq aləmin diqqətindən kənarda qalmış kəndləri bunlardır: Bağanis Ayrım (24.03.1990), Xeyrimli (08.03.1992), Aşağı Əskipara (14.06.1992), Barxudarlı (27.04.1992), Sofulu (27.04.1992), Qızılhacılı (11.05.1992) və Yuxarı Əskipara (08.06.1992). Qeyd edək ki, Qazax rayonunun kəndləri 1990-cı illərin əvvəlindən erməni işğalçılarının silahlı hücumlarına məruz qalırdı. Həmin dövrdə Sovet hökumətinin qərarına əsasən Qazax rayonunda olan bütün silahlar əhalinin əlindən alındı. Nəticədə yerli əhali silahlı düşmən qarşısında əliyalın vəziyyətdə qaldı. Rayonun milis şöbəsində cəmi 7 ədəd avtomat saxlanıldı. Bununla SSRİ rəhbərliyi yerli azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələrinin törədəcəyi soyqırıma ideal şərait yaratdı.
İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşən və xüsusi strateji əhəmiyyətə malik olan Bağanis Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal edilmişdir. Düşmən sözügedən yoldan gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndi işğal etdi. Bağanis Ayrım kəndi Coğaz çayının sahilindədir. Keçmiş adı Seyid Ayrımdır. Yaşayış məntəqəsini ayrımların seyidli qoluna mənsub ailələr keçmişdə mövcud olmuş Bağanis kəndin yaxınlığında saldığı üçün belə adlanmışdır. Toponim “Bağanis kəndi yaxınlığındakı Ayrım kəndi” mənasında işlədilir. 1990-cı il mart ayında erməni hərbiçilər bir neçə maşınla Bağanis Ayrım kəndinin sərhədinə gəldi və kəndə hücum etdi. Təxminən 20 ev yandırıldı və 8-11 azərbaycanlı kəndli öldürdü. Bir ailənin üzvlərinin cəsədləri, o cümlədən körpələr, yanmış evlərinin qarayanıq xarabalıqları aşkar edilmişdir. Sovet Daxili İşlər Nazirliyinin qoşunları Bağanıs Ayrıma çatanda, təcavüzkarlar artıq qaçmışdı. Martın 24-ü Ermənistan tərəfindən işğal edildikdən sonra kəndin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməyən divan tutulub. 600 nəfər əhalisi və 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları, mal-qara ermənilər tərəfindən mənimsənilib. İşğal zamanı ermənilər kənddəki bir ailənin 39 günlük körpəsindən 79 yaşına qədər 5 üzvünü diri-diri yandırıb. Bağanis Ayrım kəndinin sakinləri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşıb. Bununla da Bağanis Ayrım Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. Bağanıs Ayrım kəndində 1 ibtidai məktəb, feldşer-mama məntəqəsi, klub və 10373 nüsxə kitab fondu olan kitabxana yandırılıb məhv edilmişdir. Hal-hazırda Bağanis Ayrım kəndi erməni silahlı dəstələri tərəfindən işğal altındadır.
Bundan sonra ermənilər 1990-cı ilin martından 1992-ci illin martına qədər kiçik miqyaslı atışmalar etsələr də hansısa ərazini işğal etmirlər. Lakin Bağanis Ayrım faciəsinin və işğalının layiqli cavabını almayan Ermənistan həvəslənərək Xeyrimli kəndinə hücum edir. Xeyrimli – Gəncə-Qazax düzənliyindədir. Keçmişdə kəndin tam adı Dil Xeyrimlidir. Toponim deli xeyrimli tayfasının adından götürülüb. Erməni hücumları nəticəsində 1992-ci ilin martın 8-də Xeyrimli kəndi işğal edilir və əhali evlərini tərk etməli olur.
Barxudarlı – dağətəyi ərazidədir. Ehtimal olunur ki, kəndi barxudarlı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır. Nəslin adı fars dilindəki bərxurdar – “arzusuna yetişmiş, xoşbəxt” sözündən əmələ gəlib. Barxudar (Bərxudar) Bəy Ənis XVI əsrin ikinci yarısı, XVII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur top tökmə ustası olmuşdur. Səfəvilər dövlətində ona “topçubaşı” ləqəbi və vəzifəsi verilmişdir. XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz, İrəvan, Gəncə və b. şəhərlərin mühafizəsində istifadə edilən iri qaladağıdan toplar Barxudarın başçılığı ilə hazırlanmışdı. Sofulu – yaşayış məntəqəsinin adı Zəngəzur və Qazax qəzalarında yaşamış kəngərlilərin sofulu tayfasının adı ilə bağlıdır. Düşmən qarşısında müqavimət görmədiyi üçün vətənimizin səfalı yerlərindən birini, 1992-ci ilin aprel ayının 27-də Qazaxın Barxudarlı və Sofulu kəndlərini işğal edir. Barxudarlı və Sofulu kəndlərinə hücumlar 1992-ci il aprelin 23-dən başladı və 4 gün davam etdi. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq düşmənə qarşı bir nəfər kimi əliyalın da olsa döyüşdülər. Erməni hiyləgərliyi burada da özünü büruzə verir. Qazax rayonundan köməyə gələn olmasın deyə, dəmiryolu xətti partladıldı. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra, aprelin 27-də işğal edildi. Ağır döyüşlərdə 7 nəfər kənd sakini şəhid olur, 3 nəfəri isə ağır yaralanır. Barxudarlı və Sofuludakı 230 evin hamısı talan edilərək yandırılır. “Sahədə öz mal-qarasını və qoyunlarını otaran iki nəfər kənd sakinini ermənilər güllə ilə vurdular. Onlardan biri 9-cu sinifdə oxuyurdu, o biri isə orta yaşlı bir kişi idi. Köhnə ov silahına sarılan kənd camaatı düşmənə layiqli müqavimət göstərirdi” – deyə o günləri yada salan Barxudarlı kənd sakini, Əhməd müəllim xatırlayır.
1992-ci ilin iyunun 8-də Yuxarı Əskipara kəndi mənfur ermənilər tərəfindən işğal edilir. Yuxarı Əskipara – dağətəyi ərazidədir. Keçmiş adı Əskiparadır. Ondan yaranan yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırıldı. Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və “para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasındadır. Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində bütün tarixi mədəniyyət abidələri dağıdılaraq yandırılıb. Təkcə Yuxarı Əskipara kəndində V-VII əsrlərə aid Alban məbədi, XII əsrə aid yeraltı su kəməri, XII əsrdə inşa edilən Qüllə, Türbə, Qatır körpüsü, Kazım körpüsü, Qulucanlı körpüsü, Koroğlu qülləsi və qədim hamam qalıqları, XIV əsrdə salınan yeraltı yol, XVI əsrdə inşa edilən Şəhərgah qalası və s. yerlə yeksan edilib. Digər işğal edilən kəndlərdə də belə dağıdılan tarixi mədəniyyət abidələri az deyil. Qazax rayonunun işğal olunan ərazilərində mövcud olan təbii sərvətlər də tarixi mədəniyyət abidələri kimi qəddarlıqla dağıdılır və talan olunur. Sərhəd boyu yerləşən meşə sahələrində qiymətli ağac növləri; palıd, fıstıq, vələs, dəmirağac, ağcaqayın və s. ağaclar erməni işğalçı ordusu və orada yaşayan erməni əhalisi tərəfindən məhv edilir.
Qızıl Hacılı – yaşayış məntəqəsinin adı qızılhacılı tayfasının adından götürülüb. Qazax Ərazi Ekologiya və təbii sərvətlər şöbəsinin balansında dövlət meşə fonduna daxil olan 45359 hektara yaxın meşə ərazisindən, əksər hissəsi dağ meşələri qrupuna aid olan meşə fondunun 2224 ha ərazisi hazırda ermənilərin işğalı altındadır. Həmin meşə sahələrində Ermənistan Respublikasının hərbiçiləri yerləşdirilıb. Meşələrin mühafizəsi demək olar ki, müəssisəsinin nəzarətindən çıxdığına görə orda baş verənlərə məsuliyyəti birbaşa Ermənistan höküməti daşıyır. Hazırda qiymətli ağac növləri ilə zəngin olan həmin meşələrin erməni işğalçıları tərəfindən kütləvi şəkildə qırılaraq talan edilməsi davam edir. Ermənistanla 168 km-lik sərhəd boyunca yerləşən meşə sahələrində qiymətli ağac növləri: palıd, fıstıq, vələs, dəmirağac, ağcaqayın və s. kimi ağaclar yetişir. Ağaclar erməni işğalçıları və orada yaşayan erməni əhalisi tərəfindən qəddarcasına qırılaraq daşınır. Bu haqda dəfələrlə ərazidə olan hərbi hissənin rəhbərliyi ilə birlikdə aidiyyəti qurumlar aktlar tərtib edərək aidiyyatı orqanlara təqdim ediblər. Meşələrin qırılması nəticəsində həmin ərazidəki torpaqlar eroziyaya uğramağa başlayıb, mənbəyini həmin meşələrdən götürən bulaqlar quruyur və içməli suya olan təlabat artmaqda davam edir.
Aşağı Əskipara – yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağının ətəyindədir. Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və “para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasını daşıyır. 1971-ci ildə Respublikamızın qərbində Ermənistan Respublikası ilə sərhəddə 120 min m3 su tutan Ağstafaçay su dəryaçası tikilərək istifadəyə verilib. Bəndin hündürlüyü 52 m, uzunluğu 2 km-dir. Dəryaçadan iki kanal 12,5 km uzunluğunda sol sahil kanalı və 63 km uzunluğunda sağ sahil kanalı başlanır. Dəryaça 70 min ha sahəni suvarmaq üçün nəzərdə tutulub. Dəryaçanın suyundan içmək üçün də istifadə olunur. Ağstafaçay su dəryaçası Ermənistandan gələn çayın suyu ilə qidalanır. Müxtəlif zamanlarda götürülən su nümunələrinin analizlərinin nəticələri göstərir ki, suda fenol və misin miqdarı normadan 5-10 dəfə artıq olur. Deməli Ermənistan tərəfi bilərəkdən içməli su hövzələrini çirkləndirərək beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozur. Ermənistanda yerləşən müxtəlif sənaye müəssisələrinin, o cümlədən İncevan rayonundan tütün fermentasiya, bentonit, iki şərab, yağ-pendir zavodunun, dəri aşılama fabrikinin, Dilicanda yerləşən hərbi zavodun (KOD radio) sənaye və məişət çirkab sularının Ağstafaçay su dəryaçasını qidalandıran çaya axıdıldığını sübut etməyə ehtiyac belə yoxdur.
Bu kəndlərin işğalı nəticəsində Qazax rayonunda 7902 nəfər olmaqla 2005 məcburi köçkün ailəsi, 656 nəfər olmaqla 178 qaçqın ailəsi məskunlaşmışdır. Qazax rayonunun işğal olunmuş kəndlərinin əhalisi hazırda Qazax şəhərində və rayonun digər kəndlərində məcburi köçkün kimi məskunlaşmışlar. Bunlardan 299 ailə Qazaxbəyli kəndi ərazisində salınmış qəsəbədə, 113 ailə Dövlət Qaçqınkomun xətti ilə tikilən evlərdə, 123 ailə ictimai binalarda, 291 ailə qohum- tanış evlərində, 31 ailə kəndlərdə, 33 ailə təhsil müəssisələri və uşaq bağçalarında, 12 ailə öz şəxsi mənzillərində, qalanları isə bu və ya digər yerlərdə müvəqqəti məskunlaşmışdırlar. Qazax rayonunun erməni hərbi birləşmələri tərəfindən daim atəşə məruz qalan kəndləri bunlardır: Cəfərli, Bala Cəfərli, Quşçu Ayrım, Məzəm, Fərəhli, Daş Salahlı, Aslanbəyli, Qaymaqlı, Kəmərli, II Şıxlı, Xanlıqlar, Ağköynək. Eyni zamanda aşağıda qeyd olunan tarix və mədəniyyət abidələri dağıdılmış və yandırılmışdır: Yeraltı yol XIV əsr, Yeraltı su kəməri XII əsr, Qüllə XII əsr, Qatır körpüsü XII əsr, Kazım Körpüsü XII əsr, Qulucanlı körpüsü XII əsr, Hamam qalıqları XII əsr, Koroğli qülləsi XII əsr, Türbə XII əsr, Şəhərgah XVI əsr, Aşağı Əskipara kəndində – Dəyirman XVI əsr, Aşağı Əskipara kəndində – Alban kilsəsi VI-VII əsrlər, Qızıl Hacılı kəndində-Qızıl Hacılı körpüsü XII əsr, Məzəm kəndində- Qatır körpüsü XIX əsr, Şəkər qalası.
Qazaxdan 7 nəfər Milli qəhrəman adına layiq görülmüşdür. Bunlar – Mustafayev Alı Mustafa oğlu, Çobanov Şamoy Məhyəddin oğlu, Nəsibov Mərfət Əhməd oğlu, Şamoyev Firuddin İsa oğlu, Musayev Aqil Hüseyn oğlu, Alıcanov Rafiq Cəfər oğlu, Babayev Əjdər Xalıqverdi oğludur. 285 nəfər isə şəhidlik zirvəsinə ucalmışdır. Bunlardan Orucov Mühüd Qurban oğlu “İgidliyə görə” medal, Hərbi xidmətdə fərqlənməyə görə “2- ci dərəcəli” və “3- cü dərəcəli” medal, AzRSQ “90 illiyi yubileyi” medalı və “95 illiyi yubileyi” medalı, Qüsursuz xidmətə görə “3- cü dərəcəli” medalı, Namazov Elvin Məmməd oğlu “Vətən uğrunda” medalı, Almazov İsə Ziyad oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” 3- cü dərəcəli medal, Mikayılov Azad Tanrıverdi oğlu “Hərbi xidmətdə fərqlənməyə görə”medalı, Əliyev Orxan Məhəmməd oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, Kazımov Arif Nəbi oğlu “Hərbi xidmətə görə” medal, Hacımahmudova Qaratel Şəmi qızı “Azərbaycan bayrağı” ordeni, Əsgərov Mərdan Məhəmmədəli oğlu “Hərbi xidmətə görə” medalı, Məmmədov Fidat Əhməd oğlu “Hərbi xidmətə görə”medalı, Məmmədov Müşfiq Sabir oğlu “Azərbaycan bayrağı” ordeni, Türkiyənin Bətər Federasiyası tərəfindən fəxri fərman, Əhmədov Yaşar Mayıl oğlu “Qüsursuz xidmətə görə” 3- cü dərəcəli medalı, Nəbiyev Arzu Abdulla oğlu “Hərbi xidmətlərə görə” medalı, Hüseynov Elmar Nazim oğlu “Azərbaycan bayrağı” ordeni, “İgidliyə görə” medalı, Həsənov Səlamət Muxtar oğlu “Hərbi xidmətə görə” medalı ilə təltif olunmuşdurlar.
Ermənistanın işğalçı siyasəti, törədilən faciələr, insanların məcburi köçkün düşməsi Qazaxa, onun inkişafına mənfi təsir edib. Amma baş verən hadisələr insanların mübarizə əzmini, gələcəyə ümidini, torpaqların işğaldan azad olunacağına inamını qətiyyən azaltmayıb. Heç kimin şübhə etmir ki, torpaqlarımız işğaldan mütləq azad olunacaq və hər kəs öz doğma yurd-yuvasına qayıdacaqdır. Azərbaycanın güclü Ordusu, inkişaf edən dövləti, mübarizə əzmi qırılmayan milləti o torpaqları düşmən işğalından mütləq azad edəcəkdir.
P.S. Məqalə hazırlanarkən Dövlət Statistika Komitəsinin məlumatlarından, vikipediadakı mənbələrdən, qazax-ih.gov.az, ordu.az və heydaraliyev-centers.az saytlarından istifadə edilmişdir.
Müəllif: Milli Kimlik Araşdırmaları qrupunun üzvü, Mübariz Göyüşlü
Comments are closed.