“Şah İsmayil Səfəvi”, bu ad nəinki Azərbaycanda, bütün dünyada məhşur olan və hələdə araşdirilan simalarindandir. Azərbaycan Səfəvilər (Dövlət-i Qizilbaş) imperiyasinin banisi ölkəmizdə xüsusi fəxarətlə yad edilən şəxsiyyətlər içərisində xüsusi yer tutur. Bir çox tədqiqatçilar və tarixçilər Səfəvi dövlətinin banisi haqqinda müxtəlif araşdirmalar apararaq onun heyatini öyrənir və haqqinda fikirlər irəli sürürlər.
Azərbaycanın son yüz ilini müəyyənləşdirən şəxslərin Şah İsmayılla bağlı düşüncələri maraq kəsb edən mövzulardandir. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularindan olan Rəsulzadənin Şah İsmayıl haqqında düşüncələrini sizinlə paylaşmaq istərdik.
Rəsulzadə “Azərbaycan mədəniyyətinin qaynaqları” əsərində yazır: “İllərdən bəri çevrələrindəki xalq kütlələri üzərində, bütün türk ellərindəki dədələr kimi dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl şiə dövlətini qurmaq üzrə hərəkətə keçir. Avropalılarca xalis bir İran sülaləsi sayılan Səfəvi dövlətinin bu müəssisi isə həqiqətdə bir türk sufisi və azərbaycanlı bir şairdi. İstinad etdiyi qüvvət də tamamilə türk qüvvəti idi. Bu məzhəb türkmən qəbilələri, bu qüvvətin kökünü təşkil edirdi. Onun sadə bir türkcə ilə yazılan ilahiləri rəsmi hüdudların çox irəlilərində belə türk topluluqlarının ruhları üzərində müəssir olurdu.
Şah İsmayılın sarayı azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şeirdə “Xətai” təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə yazırdı. Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi İranın Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi. Rəsmi türk dövlətlərində misali yox ikən, çevrəsindəki türkdilli şairlər Şah İsmayıla “Türki-tacdar” deyə xitab edirlərdi.
İştə Tüfeyli adında hürufi bir şairin ona yazdığı xitabdan bir parça:
Qovsalar, eldən, ulusdan qövm ilə qardaşlar,
Dostlar düşmən olubən min atarsa daşlar,
Haqq bilir, budur sözüm, gər yüz gedərsə başlar
Qılmazam, vallahi, Türk-tacdarın tərkini.
Bu dövrdəki şairlər yalnız “Taclı türk”ə deyil, onun da xitab etdiyi əsil türk kütləsinə müvəffəqiyyətlə xitab edə bilmək üçün türkcə yazırlardı. İdarələrini yürütmək üçün içindən yetişdikləri mühitin zövqünə uyaraq onun ağıl və vicdanına qolay bir yol bula bilmək üçün özü ilə türkcə danışırlardı. Sonralar İran ideolojisi – deyə bəllənən şiəlik bu xüsusda özlərinə mane olmurlardı. Əksinə, bu, onların türkçülüyünü gərəkləndirirdi. Türk ədəbiyyatının parlaq günəşi Füzuli bu dövrün böyük sənətkarıdır”.
Əslində Rəsulzadənin bu yanaşması çox önəmlidir, çünki o həm Şah İsmayılın dini kimliyinin mənşəyini, həm əhatəsində olan tayfaların kimliyini qabardır, həm də ki onun dönəmində şah sarayındakı mühiti qeyd edir.
Comments are closed.