Qadınların cəmiyyətdən təcrid olunduğu bir şəraitdə Qızılbaş icmasının xanımları Azərbaycandilli məktəbdə həm müəllim, həm də şagird kimi fəal iştirak edirlər.

Videoda gördüyünüz Məktəbin Azərbaycan dili müəlliməsi Gülsüm İbrahimi Əfşar xanım şagirdlərə Azərbaycan dilini tədris edir. Qızılbaş xanımları isə ana dili ilə yanaşı digər ümumi fənlər üzrə də həm müəllim, həm də şagird qismində təhsil prosesində yer alırlar.
2004-ci ildə qəbul edilmiş Əfqanıstan Konstitusiyasının (5-ci bəndində) Qızılbaşlar ölkənin bir Xalqı kimi tanınır və bu etnik qrup Əfşar, Bayat və Cavanşir kimi nəsilləri birləşdirir.

Əfqanıstanın Azərbaycandilli məktəbi paytaxt Kabilin Əfşar-nənəkçi şəhərciyində yerləşir. “Əfşar-nənəkçi” şəhərciyi əsrlərdir Azərbaycan türkcəsini yaşatması ilə diqqət çəkir.
Əfqanıstan İslam Respublikası dövründə Qızılbaşlar arasında milliyyətpərvər düşüncələr geniş yayılmağa başladı. Kabil, Qəndəhar, Herat və digər iri şəhərlərdə yaşayan Qızılbaş icmaları bir araya gələrək “Əfqanıstan Qızılbaş Həmrəylik Şurası”nı təsis etdilər.

Qeyd edək ki, bu Şura 2020-ci ildə baş vermiş Vətən Müharibəsi zamanı da Azərbaycana açıq dəstəyini bəyan etmiş və Azərbaycanın haqq mübarizəsini dəstəkləmişdir.

▪️ Qızılbaş Qlobal İrsi Təşkilatının SMM-u, araşdırmaçı Vahid İbayev

Comments are closed.