Hindistan coğrafiyasında İslam dinin yayılması Əməvilər dövründə Məhəmməd ibn Qasımın Sind əyalətini tutması ilə başlamışdır. Qəznəvilər dövlətinin Hindistana etdiyi yürüşlər nəticəsində İslam dininin regionda yayılması prosesi gücləndi. Dehli türk sultanlığının zəiflədiyi dövrlərdə, isə 1347-ci ildə nəsli İran şahlarından olan İsfəndiyar ibn Bəhmənə qədər gedib çıxan Əlaəddin Həsən Bəhmən şah Bəhmənilər dövlətinin əsasını qoymuş oldu.[3,s.323] Bəhmənilər dövlətinin dağılması nəticəsində isə,Dekan yaylasında beş iri xanədanlıq meydana gəldi: Bəridşahlar (1482-1619), İmadşahlar (1490-1574), Nizamşahlar (1490-1633), Adilşahlar (1490-1686) və Qütbşahlar(1512-1687). Qütbşahlar dövlətinin adlandırılması problemini araşdırdıqda onu qeyd etməliyik ki, mənbələrdə ilk paytaxt şəhər olan Gülkəndə(Qolkəndə) şəhərinin şərəfinə bu dövləti bəzən Gülkəndə(Qolkəndə) xanədanlığı  olaraq da təsvir etmişdilər.

 1468-ci ildə Qaraqoyunlu dövlətinin süqut etməsindən sonra, baharlı türkmənlərinə mənsub və Həmədanda doğulan Sultanqulu Qütbşah Dekan yaylasına köç etmiş, Bəhməni sarayında hərbi xidmətə başlamışdı.Qısa bir müddət sonra, Telinqana valisi Bəhməni dövlətinə vergi veməkdən imtina etdikdə, Sultanqulu saraydan heç bir hərbi dəstək almadan öz qüvvələri ilə valini cəzalandırmaq üçün meydana çıxdı və o, bölgəni yenidən mərkəzi hakimiyyətə tabe etdi. Xidmətlərinin qarşılığında isə, Qərbi Telinqana valisi vəzifəsinə layiq görülür, həmçinin ’’Qütbülmülk’’ titulu ilə mükafatlandırılır.Bəhməni şahları III Məhəmmədə və Mahmud şaha sədaqətini sübut edən Sultanquluya 1496-cı ildə Gülkəndə şəhərinin idarəçiliyi də verildi.Orissa və Karnataka əyalətlərini idarə edən hindli racaların qaldırdığı qiyamın yatırılmasında da yaxından iştirak edən Sultanqulu Şərqi Telinqana əyalətinin türkəsilli valisi Kıvamülmülkü hakimiyyətdən uzaqlaşdırdıqdan sonra,1512-ci ildə müstəqilliyini elan edərək,Qütbşahlar dövlətinin əsasını qoymuş oldu.

Qütbşahlar dövləti ilə Azərbaycan Səfəvi imperiyası arasında əlaqələr, hələ 1512-ci ildə Sultanqulu Qütbşah (1512-1543) öz adına ilk dəfə xütbə oxutduranda, Səfəvi şahı I İsmayılın adını öz adından əvvəl qoyaraq, Səfəvi imperiyasından vassal asılılığını qəbul etməsi ilə başlamış oldu.1526-cı ildə Babur şahın Moğol dövlətinin əsasını qoyması ilə,ortaq düşmənə qarşı dostluq və müttəfiqlik münasibətləri daha da genişləndirildi.Sultanqulu Qütbşahın varislərinin hakimiyyəti dövründə,Qütbşah Cəmşid(1543-1550) və İbrahimqulunun(1550-1580) Səfəvilərlə qurduğu diplomatik münasibətlər barəsində əlimizdə yetərli məlumatlar olmasa da,təkcə onu qeyd etmək kifayətdir ki,Qütbşahların Moğol imperatorluğuna yox,Səfəvi şahına önəm verib,hörmət və bağlılılığını bildirməsi Əkbər şahı(1556-1605) qəzəbləndirirdi. [5,s.150-151] Bunu Şah Təhmasib(1524-1576) dövründə,özbək hücumları nəticəsində Məşhəddən köçərək,Gülkəndə sarayında xidmət etməyə başlayan Səfəvi şeyxi Şeyx Əli Xatunun və oğlu Şeyx Məhəmməd Xatunun Dekan bölgəsinin üləması kimi məşhurlaşması da sübut edir.

 Sultanquludan sonra ən qüdrətli Qütbşah hökmdarı Heydərabad şəhərini saldıran və paytaxtı Qolkəndədən Heydərabad şəhərinə köçürən Məhəmmədquludur (1580-1612).1590-cı ildə sultan Məhəmmədqulu əhalinin sayının artması və susuzluq probleminə görə, xanədanlığın birinci mərkəzi olan Gülkündədən 10 km. cənub-şərqdə yeni paytaxt şəhər saldırmışdır. Məhəmmədqulu çox sevdiyi, hindu əsilli həyat yoldaşı Bhaqmatiyə ithafən bu şəhəri yerləşdiyi mövqeyə görə,’’bağçalar şəhəri’’ mənasını verən ’’Bhaginaqar’’ adını vermişdir. Həyat yoldaşı sonralar müsəlman olub,’’Heydər Mahal’’ titulunu aldıqdan sonra, şəhərin adı Heydərabad adı ilə əvəz olunmuşdur. [4,s.78-79] 1579-cu ildə həcc ziyarətinə getdikdən sonra geri qayıtmayan Səfəvi şeyxi Mir Məhəmməd Mömin Astrabadi Qütbşahlar sarayında yaşamağa başlamış və şiəliyin dövlət ərazində yayılaraq möhkəmləndirilməsində mühüm rol oynamışdı.

1608 və 1617-ci illərdə Moğol sərkərdəsi Əbdürrəhman Xanxanan və Böyük Moğol imperatoru Cahangirin böyük oğlu Cahanın Nizamşah və Adilşah xanədanlıqlarına etdiyi yürüşlər nəticəsində, digər Dekan hakimlikləri kimi,Qütbşahlar da müstəqilliklərini qorumaq məqsədi ilə, Şah Abbas Səfəvinin yanına elçisini göndərmişdi. [8,s.135-136] 1612-ci ildə Sultan Məhəmmədqulu vəfat edəndə, Səfəvi şahı I Abbas yeni sultan Məhəmməd Qütbşahı(1612-1627) taxta çıxmasına görə təbrik etmək, keçmiş dostluq əlaqələrini qorumaq və davam etdirmək üçün,elçisi Hüseyn Keçəçi Təbrizi bəyi paytaxt Heydərabad şəhərinə göndərmişdi.

1627-ci ildə Sultan Məhəmməd Qütbşahın vəfatından sonra taxta keçən Abdulla Qütbşah(1627-1672) Moğol imperatoru Şah Cahanın Dekan xanədanlıqlarına qarşı təcavüzkarlıq siyasətini daha da artırdığına görə,elçisi Xeyrat xanı Şah I Abbasın yanına göndərmişdi. Lakin Xeyrat xan Səfəvi sarayına gəlib çatanda artıq Şah I Abbas vəfat etmişdi, buna baxmayaraq taxta yeni çıxan Şah I Səfi Qütbşah elçisini böyük təntənə ilə qarşılamışdı.

Səfəvi şahı II Abbas (1642-1666) 1660-cı ildə elçisi Budaq bəyi Moğol imperatoru Övrəngzəbin yanına göndərərək, Qütbşah və Adilşah xanədanlıqlarının müstəqilliyinin qalmasına yazılı şəkildə, yəni məktubla təminat verilməsini bəyan etmişdi. 1666-cı ildə Şah II Abbasın ölümündən sonra hakimiyyətə keçən zəif iradəli Şah Süleymanın(1666-1694) hakimiyyəti dövründə Övrəgzəb Qütbşahlara təzyiqini daha da artırdı. Sonuncu Qütbşah hökmdarı Əbülhəsənin(1672-1687) 1683-cü ildə Səfəvi şahına göndərdiyi məktubda, 1677-ci ildə Moğol sərkərdələri Dilər xan və Bəhlul xanın Qolkəndəyə dağıdıcı yürüşlərindən bəhs etsə də, çox güman ki, bu məktub cavabsız qalmışdır.1687-ci il 21 sentyabr tarixində isə, Moğol imperatoru Övrəgzəbin qoşunları Qütbşahlar xanədanlığının ərazisinə daxil olaraq, xanədanlığın müstəqilliyinə birdəfəlik son qoymuşdu.

Dünya tarixində ilk urdu dilində divanın müəllifi Qütbşah Məhəmmədqulu olmuşdur. Hökmdar-şair şeirlərini ’’Külliyatı-Qulu-Qütbşah’’ başlıqlı divanında toplamışdır.[5,s.158-159] Qütbşahlar xanədanlığı Hindistanda qurulub-möhkəmlənməsinə baxmayaraq, orta əsr Şərq mədəniyyətinin təsiri istər ədəbiyyatda,istərsə də memarlıqda aydın hiss olunur. XVII əsr əvvəlləri-1656-cı illərdə yaşamış Şeyx Əhməd Dakani ’’Leyli və Məcnun’’ və ’’Yusif və Züleyxa’’ məsnəvilərini qələmə almışdır. Mənbələrin verdiyi məlumata görə, 1659-cu ilə qədər yaşamış və Məhəmmədqulu Qütbşahın məliküş-şüərası olan Molla Vaçi ’’Sab Ras’’ adlı urduca ilk mənsur əsərin müəllifi olmuşdur. [7,s.76-77] Məhəmmədqulu Qütbşahın Heydərabad şəhərində tikdirdiyi Çar Minar (Zəfər abidəsi), Çar Kaman, Çar Su Ka Havd (su anbarı), Dar üş-Şəfa, Dad Mahall (ədalət sarayı) və digər memarlıq abidələrinin adını çəkmək olar. Qütbşah Abdullanın hakimiyyəti dövründə Məkkə məscidinin tikintisinə başlanmış, xələfi Əbülhəsənin dövründə davam etdirilmiş, lakin xanədanlıq Moğol istilasına məruz qaldıqdan sonra inşaat Moğol imperatoru Övrəngzəb tərəfindən tamamlanmışdır.

Müəllif:Qaffarov Tural.Tarix fakültəsi Tarix ixtisasının IV kurs tələbəsi.

Comments are closed.