«Ağa Məhəmməd Əli xan Qızılbaş 17 Sentyabr 1910-ci ildə Britaniya Hindistanın (Pakistan) Kampbellpur (indiki adı Attock) şəhərində anadan olmuşdur. O, Pişəvərin nüfuzlu Qızılbaş-türk ailəsinə mənsub idi və bağlı olduğu tayfa Əfşar idi. Əli xan Qızılbaş Pakistanın 3-cü Prezidenti General Yəhya xan Qızılbaşın böyük qardaşı idi. Onların atası Ağa Səadət Əli xan, Britaniya Hindistanında Pəncab əyalətinin Polis rəisi idi və Əli xan da atasının yolunu davam etdirərək eyni peşəni seçdi. Ataları həmçinin Britaniya höküməti tərəfindən “Xan Bahadur” ordeni ilə təltif olmuşdu.

Ailənin əcdadları 1739-cu ildə Nadir Şah Əfşar ilə Hindistana yürüşdə iştirak edib və Əfqanıstanda məskunlaşıblar. 19-cu əsrdə ailənin üzvləri Əfqanıstandan Britaniya Hindistanına köçərək Pişəvər şəhərində məskunlaşmışlar. Ailənin böyükləri Britaniya Hindistanında yüksək nüfuzlu vəzifələrdə, xüsusən də Qubernator postlarında xidmət etmişlər.

Ağa Məhəmməd Əli xan Qızılbaş 1935-ci ildə Hindistan İmperiya Polisində polis zabiti olaraq işə başlayıb. 1942-ci ildə o, Polis müavini rəisi rütbəsinə yüksəldi və 1947-ci ildə Polis rəisi oldu.

1947-ci ildə bölünmədən sonra Əli xan, yeni qurulmuş Pakistan Dövlətində xidmət etməyi seçdi. Ölkənin müstəqilliyinin xaotik və çətin ilk illərində ona mühüm vəzifələr həvalə edildi.
1948-ci ildən 1951-ci ilə qədər o, Pakistanın ən önəmli şəhərlərindən biri olan Lahorda təhlükəsizlik qüvvələrinin Baş Polis Rəisi vəzifəsində xidmət etdi. Onun dövlət xidmətinə, xüsusilə hüquq-mühafizə sahəsinə verdiyi töhfələr ölkənin inzibati strukturunda əhəmiyyətli bir rol oynadı. 1952-ci ilin sentyabr ayında o, Pakistan Polis Xidmətinin Baş Müfəttişinin köməkçisi vəzifəsinə yüksəldi və bu, onun bacarıqlı və uzaqgörən bir polis zabiti kimi nüfuzunu möhkəmləndirdi.

1965-ci ildə Pakistanın ən önəmli hüquq-mühafizə orqanı olan Qərbi Pakistan Polis Xidmətinin rəhbərliyi Əli xan Qızılbaşa həvalə edildi və Baş Müfəttiş vəzifəsinə təyin olundu. 1965-ci ildən 1972-ci ilə qədər Pakistan Polis Xidmətinin Baş Müfəttişi (General İnspektoru) vəzifəsində çalışıb.
Polis Xidmətinin “Baş Müfəttiş” vəzifəsi ən yüksək rütbəli polis rütbəsi idi və “General-mayor” rütbəsi ilə də, eyni titula bərabər idi. Əli xan Qızılbaş, ölkədə polis idarəçiliyinin və qüvvələrinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli islahatlar həyata keçirdi. Xidmətləri Pakistanın inzibati və hüquq-mühafizə strukturunda dərin iz buraxdı.

Siyasi karyeraları çox fərqli istiqamətlərdə olsa da, Əli xan Qızılbaş kiçik qardaşı Pakistanın 3-cü prezidenti Yəhya xan Qızılbaş ilə olduqca yaxşı bir əlaqəyə sahib idi. O, heç vaxt kiçik qardaşının prezidentlik mövqeyindən şəxsi mənfəəti üçün istifadə etmədi. Bu iki qardaş bir-birinin peşəkar nailiyyətlərinə qarşılıqlı hörmət və heyranlıq göstərirdilər.»

İstinadlar; 1. “Biographical Encyclopedia of Pakistan (1960-61 Edition)”
2. Foto və bir sıra məlumatlar Ailənin üzvü soydaşımız İrtiza Heydər Zahid tərəfindən göndərilmişdir.

© Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru Vahid İbayev

Comments are closed.