Tarixə diqqət yetirsək, azərbaycan icması olan Qızılbaşlar, həm Əfqanıstan dövlətinin qurulmasında, həm də sosial, iqtisadi və media inkişafında ən önəmli rol oynamışlar.

Əfqanıstan qəzet və media tarixinin qurucuları olan Qızılbaşlar; Mirzə Abdal Əli Qızılbaş və Cənab Ehsan Bayat.

“Şəms əl-Nəhar (Günorta günəşi)” 1873-cü ildən 1878-ci ilə qədər fəaliyyət göstərmiş Əfqanıstanın ilk dövri Qəzeti idi. Bu qəzet, Əfqanıstan hökmdarı Əmir Şirəli xan dövründə nəşr olunurdu. Ölkənin ən erkən qəzeti kimi tanınan bu qəzet Əfqanıstan media tarixinin rəsmi başlanğıcı hesab olunur. Qəzetin müəllifi, baş redaktoru Qızılbaş Mirzə Abdal Əli idi.

Əfqanıstan tarixi üzrə mütəxəssis Jonathan L. Lee, “Afghanistan: A History from 1260 to the Present” əsərində qeyd edir ki;
“Dürrani (Əfqan) başçılarının əksəriyyəti oxuyub yaza bilmədikləri üçün Qızılbaşlar demək olar ki, bütün dövlət işlərinə nəzarət edirdilər.”
Corc Vaşinqton Universitetinin Kolumbiya İncəsənət və Elmlər Kollecinin fəlsəfə doktoru, professor Elham Baxtari “Mirrors for Ulama: Kabul at the Crossroads of Eastern and Western Islamic Reformism. (səhifə 72, 73)” dissertasiyasında qeyd edir ki;
“Nəşrlərin kolofonlarında ən çox rast gəlinən adlardan biri Mirza Abdal Əlidir.

O, ‘Şəms əl-Nəhar’ qəzetinin hər nömrəsində redaktor (mühtəmim) kimi qeyd olunur və ehtimal ki, baş yazılarının müəllifi də o idi. Abdal Əli adı onun Şiə mənşəli olduğunu göstərir. Həm Dost Məhəmməd Xan, həm də Şirəli Xan Kabildəki Şiə Qızılbaş əhalisindən olan Katiblərə etibar edirdilər və Mirzə Əbdal Əli də bu (Qızılbaş) icmanın üzvü idi.”
Diqqət yetirsəniz, qəzetin birinci buraxılışında Qızılbaşların məşhur gerbi “Şiri-xurşid/Aslan və Günəş” təsvir olunmuşdur.

“Şəms əl-Nəhar” 1878-ci ildə İkinci İngilis-Əfqan müharibəsinin başlamasından və Əmir Şirəli xanın ölümündən sonra nəşrini dayandırdı.
İngilis işğalçıları Şəms əl-Naharı dayandırmaq üçün Əfqanıstan hakimiyyətinə təzyiq göstərdilər və bununla da mətbuatı faktiki olaraq susdurdular. Qəzetin bağlanması Əfqanıstanın media tarixinin inkişafında geriləmə olduğunu göstərirdi.

20-ci əsrin əvvəlinə qədər heç bir əhəmiyyətli nəşr meydana çıxmadı və ‘Şəms əl-Nəhar’ Əfqanıstan jurnalistikası sahəsində, qısa ömrünə baxmayaraq, əhəmiyyətli bir iz buraxdı.
Əfqanıstanın müasir media qurucusu və xeyriyyəçi Qızılbaş Ehsan Bayatın fəaliyyətinə nəzər yetirək.
Ehsan Bayat Əfqanıstanın Qızılbaş icmasından olan amerikalı iş adamıdır. O, 15 iyul 1963-cü ildə Kabildə Qızılbaş türklərinin Bayat ailəsində anadan olub. O, Əfqanıstanın ən böyük özəl şirkəti Bayat Qrupunun, Bayat Media Qrupunun qurucusu və rəhbəridir. O, həmçinin beynəlxalq müstəvidə tanınmış nüfuzlu bir iş adamıdır.
Ehsan Bayat 2002-ci ildə Əfqanıstanın ilk simsiz rabitə şirkəti olan Əfqan Simsiz Rabitə Şirkətinin (Afghan Wireless Communication Company) qurucusudur. Bu şirkət ölkənin simsiz telekommunikasiya və yüksək sürətli qlobal rabitə infrastrukturunu qurdu.

Ehsan Bayat 2005-ci ildə Bayat Media Qrupunu təsis edərək, Əfqanıstanın ən böyük özəl televiziya şirkəti olan “Ariana Radio və Televiziya Şəbəkəsini (Ariana TV-ni)” yaratdı.

Ehsan Bayat və həyat yoldaşı Fatimə xanım Bayat 2006-cı ildə Bayat Fondunu ( Bayat Foundation – Nourishing the Lives of Afghans ) təsis etdilər. Bayat fondu, Əfqanıstanda ehtiyacı olan insanlara yardım etməklə, onların həyat şəraitini yaxşılaşdırmağa və cəmiyyətin inkişafına töhfə verən xeyriyyə təşkilatıdır.

Fond yetimlər və aztəminatlı uşaqlar üçün məktəblər, universitetlərdə kompüter laboratoriyaları və kitabxanalar inşa edib. Həmçinin səhiyyə istiqamətində 13 doğum evi inşa edib, yetimlər və qadınlar üçün dəstək proqramları təşkil edib və yoxsulluğun azaldılmasına töhfələr verib.
Ehsan Bayat, Əfqanıstanın inkişafına böyük töhfələr vermiş bir şəxsiyyətdir və ölkənin müasir inkişafının simvolu olaraq qəbul edilir.

Cənab Ehsan Bayat “Afghan Wireless”ə (2 iyun 2015) verdiyi müsahibəsində Azərbaycan və Əfqanıstan əlaqələrindən bəhs edərək qeyd edir ki;
“Azərbaycan Əfqanıstanın inkişafına, bərpasına və sabitləşməsinə töhfə verən bir ölkə kimi meydana çıxmışdır. Azərbaycan mina agentliyi əfqan xalqı üçün minalara qarşı maarifləndirmə layihələrinə nəzarət edib. Azərbaycan Əfqanıstanda məktəb tikintisini maliyyələşdirir. Əfqanıstan və Azərbaycan 1994-cü ildən güclü diplomatik əlaqələrə malikdir və bu əlaqələr möhkəmlənməkdədir.”

© Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru, araşdırmaçı Vahid İbayev

Write A Comment