Pakistan və Azərbaycan xalqını böyük tarixi tellər bağlayır. Bakının mərkəzində XIV əsr Multan karvansarayının olması, Pakistanda Qızılbaş ailələrinin varlığı hər iki xalqın yaxınlığını və qardaşlığını tarix boyu göstərir.

Hər iki dövlət beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini qeyd-şərtsiz dəstəkləyirlər.

Azərbaycan icması olan Qızılbaşlar Pakistana bir çox ziyalı siyasətçilər, hərbiçilər, mühəndislər, hətta prezident bəxş etmişdir.
Qızılbaşların Pakistana bəxş etdiyi ziyalı hərbçilərdən biri də, Cənab General Əli Rza Qızılbaşdır. O, Pakistan hökumətində Briqada-Generalı və digər nüfuzlu vəzifələrdə çalışıb.

Cənab General Əli Rza Qızılbaşın bioqrafiyası və Pakistan dövlətinə xidmətləri haqqında qısa, lakin dəyərli məlumatları sizinlə bölüşürük.

General Əli Rza Qızılbaş 1954-cü il sentyabrın 27-də Lahorda anadan olub. O, Qızılbaş türklərinin Şamlı tayfasındandır. Şamlı tayfası, Səfəvi dövlətinin qurulmasında və idarə edilməsində ən önəmli rol oynayan Qızılbaş tayfalarından biri idi. Onun soy-kökü və əcdadları arasında, Səfəvilərin Herat hakimi və Qızılbaş sərkərdəsi olan Durmuş xan Şamlı da yer alır.

Həmçinin qeyd edək ki, Durmuş xan Şamlı, Səfəvi hökmdarı Şah İsmayılın bacısının oğlu idi. Səfəvi dövlət xadimi Oruc bəy Bayat, Şamlu tayfası ilə bağlı əsərində qeyd edir ki;
“Şamlu tayfasının üzvləri Səfəvi sarayının başçılarıdır və sarayın idarəsi xüsusilə bu tayfanın əlindədir.”

Cənab General Əli Rza Qızılbaşın əcdadları 1739-cu ildə Nadir Şah Əfşar ilə birgə Hindistanı fəth edərək, orada hakim vəzifələrə təyin olunublar.
Cənab Əli Rza Qızılbaşın mənsub olduğu ailə Hərbçi ailəsidir.

Atası Ağa Cavad Rza Qızılbaş Britaniya ordusunda Mayor rütbəsində xidmət edib və İkinci Dünya Müharibəsində Burma (Myanmar) cəbhəsində artilleriya zabiti olub. Oğlu isə hal-hazırda Polkovnik-leytenant rütbəsi ilə Pakistan Silahlı Qüvvələrində xidmət edir. Ailənin bir sıra üzvləri də, orduda və dövlətin nüfuzlu orqanlarında xidmət etməkdədir.

General Əli Rza Qızılbaş Pakistan Silahlı Qüvvələrinin təhlükəsizlik planlarının hazırlanması və tətbiqində mütəxəssis olmuşdur. 1998-ci ilin mayında Pakistanın Nüvə sınaqlarının uğurla həyata keçirilməsi üçün 5000-dən çox əsgəri maddi-texniki cəhətdən dəstəkləmiş və idarə etmişdir.

O, 1996-1999-cu illərdə Sahə birliyinin Əməliyyat Qərargahı Rəisi (1-ci dərəcəli) vəzifəsində çalışmış və bu müddət ərzində bütün Piyada Diviziyasının əməliyyat və maddi-texniki hazırlığına nəzarət etmişdir.

Bəlucistan əyalətində daxili təhlükəsizlik, terrorla və narkotiklərlə mübarizə əməliyyatlarında silahlı qüvvələrin komandanlığına və maddi-texniki təminatına rəhbərlik edən Baş Sərhəd Korpusunun Müfəttişi olmuşdur.
2001-ci ildə Pakistan prezidenti tərəfindən Briqada-Generalı rütbəsi ilə təltif edilmişdir.

Həmçinin Cənab General Əli Rza Qızılbaş böyük hərbi fəaliyyətlərinə və xalqa xidmətlərinə görə 2009-cu ildə Pakistanın 3-cü ən böyük ordeni olan “Sitara-e İmtiaz [Hərbi]” ordeni ilə təltif edilmişdir.

Cənab General hal-hazırda təqaüddədir və NUST Sülh və Münaqişə Araşdırmaları İnstitutunda (NIPCONS) çalışmaqdadır.
O, illərini Pakistan dövlətinə və xalqına xidmətə həsr edib. Onu tanıyan biri olaraq deyə bilərəm ki, Cənab Əli Rza Qızılbaş yüksək mənəvi dəyərlərə malik təvazökar və alicənab bir insandır. Qızılbaş adının layiqli nümayəndəsidir. Biz onunla fəxr edirik!
Uca Allah onu və ailəsini qorusun və ucaltsın!

© Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru Vahid İbayev

Generalın atası Mayor Ağa Cavad Rza Qızılbaş

Write A Comment