XANƏGAH – sufilərin toplaşma və yaşayış yeri. Bəziləri bu sözün “süfrə, yemək olan yer”, bəziləri isə “ev, xanə” mənası verdiyini yazmışlar. İlk dövrlərdə xanəgahların kasıb və miskin dərvişlərdən ötrü tikildiyi ehtimal edilir.
Bəzi sufi mənbələrində xanəgah peyğəmbər (s) zamanında əhli-suffənin yaşadığı suffənin prototipi hesab edilir. Sufi ədəbiyyatında xanəgahın sinonimi olaraq təkkə, ribat, zaviyə, sovmiə məfhumları da işlənir.
XI-XII əsrlərdən etibarən İslam dünyasında xanəgahların sayı sürətlə çoxalmağa başlamışdı. Böyük sufi Əbu Səid Əbul-xeyrin (967-1049) nəslindən Məhəmməd ibn Münəvvər tərəfindən qələmə alınmış “Əsrar ət-tövhid fi məqamat Şeyx Əbi Səid Əbi-l-xeyr” risaləsində qeyd edilir ki, XII əsrdə təkcə Şirvanda Əbu Səid Əbül-xeyrin ardıcıllarına məxsus 400-dən artıq xanəgah vardı və dərvişlər orada rahatlıq içində təriqət həyatını yaşayırdılar.
Xanəgahlar adətən hökmdarlar, vəzirlər, sərvətli şəxslər tərəfindən tikilir və maliyyələşdirilirdi.
Məsələn, Elxani hömdarlarının vəziri olmuş, həm də görkəmli tarixçi, filosof, şeir və sənət hamisi kimi tanınmış Rəşidəddin Fəzlullah (1247-1318) bir neçə xanəgahın, o cümlədən Şeyx Səfiəddin Ərdəbili xanəgahının bütün xərclərini ödəyirdi.
Xanəgahlar gah yerləşdiyi məntəqənin, gah da məxsus olduğu təriqət şeyxinin adı ilə adlandırılırdı. Xanəgahlarda həm daimi sakinlər yaşayır, həm də müsafirlər müvəqqəti qalırdılar. Müsafirlər adətən günortaya kimi qəbul edilirdilər. Onlar xanəgaha daxil olandan sonra iki rükət namaz qılır, yemək zamanı bütün azuqələrini süfrəyə qoyub xanəgah sakinləri ilə bölüşürdülər.
Xanəgahda mürşid və qütb (təriqət şeyxi) üçün ayrıca otaq, ibadət yeri olardı. Xanəgah əhlinin toplaşması və mürşidin moizəsinə qulaq asması üçün nəzərdə tutulan zala isə “camaatxana” deyilirdi. Xəlvət ayininə riayət olunan təriqətlərin xanəgahlarında xəlvətxana üçün də otaqlar ayrılırdı.
Xanəgahın başçısı şeyx idi, əsas qərarlar onun tərəfindən verilirdi. Xanəgahın idari və təsərrüfat işlərini şeyxin seçdiyi pişrov və ya müqəddəm aparırdı. Xanəgaha məxsus adətlər və qaydalar mövcud idi ki, onlara ciddi əməl olunurdu. Xanəgaha daxil olan müsafir orada olanlara ədəblə salam verməli, ayaqqabısını çıxarandan sonra ayaqlarını yumalı, iki rükət təhiyyə namazı qılmalı idi.
Xanəgahda üç gündən artıq qalan müsafir də təsərrüfat işlərinə qatılırdı. Burada sufilər növbə ilə işləyir, hər işi ədalət əsasında icra edirdilər. Yemək bişirmək, süfrə salmaq, qabları yumaq, xanəgahı süpürmək, xalça-palazı çırpmaq, xanəgah əhlinin paltarlarını yumaq, namaz üçün azan vermək, qapıda ayaqqabıları cütləmək və s. işlər fəxr sayılırdı.
Səfəvilər dövlətində ən böyük xanəgah Ərdəbil şəhərində yerləşən Şeyx Səfiəddin Ərdəbili ocağı idi. Şahlar tərəfindən verilmiş vəqf torpaqları, ticarət obyektləri, daşınmaz əmlakı ilə birlikdə bu xanəgah zənginlik baxımından yalnız İmam Rza (ə) hərəmindən geri qalırdı.
Hər gün Şeyx Səfi xanəgahında fəqir insanlar üçün yemək ehsanı verilərdi. Elxanilər dövründən qalmış, Səfəvilər zamanında da davam etmiş ənənəyə görə, xanəgahın qapısında təbil vurulub şeypur çalınardı, səsi eşidən fəqirlər bura axışıb süfrə arxasında oturardılar.
İstinad: “Qızılbaş Ensiklopediyası”