Heydəri Tacı (qızılbaş papağı) – mənbələrdə qızılbaşlığın simvolu, Səfəvi şahlarının və əyanlarının fəxri baş geyimi kimi təsvir edilir.

Qırmızı rəngli parçadan tikilirdi, 12 sarığı və ortasında uzun çıxıntısı vardı. Adətən onun ətrafına əmmamə şəklində saya və ya zolaqlı ağ parça sarıyırdılar, amma əmmaməsiz də qoyulurdu. Hətta bəzən dəmir dəbilqənin yuxarısında dəlik açıb, papağın çıxıntısını ora yerləşdirirdilər. Səfəvilər dövrünə aid miniatürlərdə qızılbaş papağının fərqli formalarını görmək mümkündür.

Heydəri tacının mənşəyi, Səfəvi mənbələrinə görə, I Şah İsmayılın atası Şeyx Heydərin adı ilə bağlıdır. Səfəvi salnamələri ona mistik məna verirlər. “Aləmarayi-Səfəvi”də yazılıb ki, bir gecə həzrət Əli (ə) Şeyx Heydərin yuxusuna gəlib ona buyurur: “Ey övladım! Vaxt gəldi ki, sənin belindən bizim bir övladımız dünyaya gəlsin və aləmin üzündən küfr ləkəsini silsin. Amma əvvəlcə gərək öz sufi və müridlərin üçün tac hazırlayasan”.

Sonra yuxuda İmam Əli (ə) qayçı götürüb qırmızı parçadan tac kəsir və onu 12 dilim edir. Şeyx Heydər yuxudan ayılıb göstəriş verir ki, hər sufi o qayda ilə tac hazırlayıb başına qoysun. Ona “heydəri tac” adını verirlər. “Aləmarayi-Səfəvi”də göstərilir ki, müridlərin hamısı tac qoyandan sonra türk dilinə uyğun olaraq onlara qızılbaş dedilər. “Tarixi-aləmarayi-Abbasi” və digər mənbələrdə də bu hadisə təsvir edilib. Mənbələrdən məlum olur ki, o zamanadək Şeyx Heydər və ətrafındakılar başlarına türkman taqiyəsi deyilən araqçın qoyurdular.

Yuxarıdakı mənbələrdə bu papağa qızılbaş tacı deyilməsinin səbəbi İmam Əli (ə) tərəfindən Şeyx Heydərə tövsiyə edilməsidir; qızılbaş müəlliflər bu yuxunu imamın Şeyx Heydəri hakimiyyətə təyin etməsi və başına tac qoyması kimi yozurlar. Mənbələrdə bu baş geyimi “qızılbaş papağı (külahı)” kimi də qeyd edilir. Salnamələrdə “başına heydəri tacı və ya qızılbaş papağı qoymaq” ifadəsi qızılbaş əqidəsini qəbul etmək və Səfəvilərin tərəfinə keçmək mənasını verir.

Səfəvi papağının qırmızı rəngdə olmasının səbəbini İslam tarixinin bəzi səhifələri ilə əlaqələndirmək cəhdləri də olmuşdur. Belə ki, rəvayətlərə görə, peyğəmbərin məşhur səhabəsi Əbu Dücanə döyüşlərdə başına qırmızı rəngdə papaq qoyardı və bu, onun şücaətinin rəmzi sayılardı. İmam Əlinin (ə) Xeybər döyüşündə qırmızı libas və qırmızı dəbilqə geyindiyi, Siffeyn savaşında onun əsgərlərinin başlarına qırmızı rəngli papaq qoyduqları rəvayət edilir. Səfəvilər nəslinin nümayəndəsi, I Şah İsmayılın ulu babası Firuz şah Zərrinkülahın ləqəbinin tərcüməsi də “qızılpapaq” mənasını verir.

Mənbələrin bir qismində qızılbaş tacının meydana gəlməsini I Şah İsmayılın adı ilə bağlayır və onun göstərişi ilə papaqçı tərəfindən hazırlandığını bildirirlər.

Qızılbaş tacının 12 zolağını əsasən imamların sayı ilə əlaqələndirirlər. Digər izaha görə, bu rəqəm sufinin özündən uzaqlaşdırmalı olduğu mənfi xüsusiyyətlərin sayını göstərir (paxıllıq, nifrət, qəzəb, kin, xudbinlik, başqasında eyib tutmaq, təkəbbür, şəhvət, camaata əziyyət vermək, çox yemək, çox yatmaq, pis işlər). Səfəvilərdən əvvəl yaşamış böyük sufi Şah Nemətullah Vəli “Tacnamə” adlı mənzum əsərində buna işarə etmişdir.
Qızılbaş tacına işarəni Şah İsmayıl Xətainin şeirlərində də görürük:

Qızıl ələm, qızıl bayraq, qızıl tac
Geyinsə qazilər, ol gün həzərdür.
(Ş.İ.Xətai)

Write A Comment