Bəzi klassik mənbələrdə (“Həbib əs-siyər”, “Xülasət ət-təvarix”, “Xüldi-bərin” və s.), o cümlədən Həsən bəy Rumlunun “Əhsən ət-təvarix” kitabında yazılıb ki, 1501-ci ildə mühasirə nəticəsində Bakı qalası fəth edildikdən sonra “əzəmətli qazilər həzrət Sultan Cüneydi şəhidlik izzətinə çatdırmış Mirzə Xəlilullahın qəbrini açdılar və onun cəsədini bayıra çıxarıb yandırdılar. Onun günbəzində çoxlu qızıl tapdılar”.

Bəzi iddialara görə, təkcə I Xəlilullahın qəbri deyil, Şirvanşahların ümumi ailə məzarlığı (mavzoleyi) da dağıdılıb yerlə yeksan edilmişdi.

“Əhsən ət-təvarix” kitabını Azərbaycan dilinə tərcümə etmiş tarixçi alimlər O.Əfəndiyev və N.Musalı bu məsələ ilə bağlı ətək yazısında aşağıdakı qeydi vermişlər:
“Lakin 1945-1947-ci illərdə Şirvanşahlar sarayındakı türbədə aparılan arxeoloji kəşfiyyat işləri zamanı türbədə açılmış qəbirlər bu məlumatın dəqiq olmadığını göstərir” (Ş.K.Məmmədova. “Xülasət ət-təvarix” Azərbaycan tarixinin mənbəyi kimi, s.65).

Görkəmli alim Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” kitabında bu məlumatı “Əhsən ət-təvarix” kitabından nəql etdikdən sonra şərh bölümündə Şirvanşah I Xəlilullahın məzarını tapmağın mümkün olmadığını qeyd etmişdir. Amma bunun ardınca alim 1947-ci ildə Şirvanşahlar sarayında arxeoloji qazıntılar aparmış ekspedisiyanın hesabatına istinad edərək yazır:

“Sərdabanın taxta döşəməsinin altındakı zirzəmidə içərisində insan cənazələri olan beş toxunulmamış qəbir tapılmışdır və bunlar da, güman edildiyi kimi, I Xəlilullahın ailə üzvlərinə məxsusdur. Yazıları olan başdaşılar saxlanmamışdır. Ehtimal etmək olar ki, onlar (başdaşılar) məhv edilmişdir” (Н.В.Минкевич-Мустафаева. Гробницы в усыпальнице Ширваншахов, ДАН Азерб. ССР, 1947, том 3, №1, стр.41-43).

Tədqiqatçı alim S.Aşurbəyli də “Şirvanşahlar dövləti” kitabında Həsən bəy Rumlunun verdiyi məlumatı nəql etdikdən sonra qeyd etmişdir: “Bakının İcəri şəhər hissəsindəki sarayın ərazisindəki Şirvanşahlar türbəsində aparılan qazıntılar nəticəsində Xəlilullahın ailə üzvlərinin türbələrinə toxunulmadığı aşkar edilmişdir”.

Görkəmli rus alimi İ.P.Petruşevski fərqli əsərlərində mövzu barədə ziddiyyətli məlumatlar vermiş, “Azərbaycan XVI-XVII əsrlərdə” kitabında isə “bütün məqbərələrin toxunulmaz olduğunu, onların yalnız bir hissəsinin dağıdıldığının mümkünlüyünü” qeyd etmişdir.

M.Süleymanov da “Səfəvilər” kitabında bu mövzuya toxunaraq yazır: “Amma sonrakı faktlar göstərir ki, …Əmir Xəlilullahın qəbri salamat qalmışdı. Tədqiqatçıların fikrincə, ola bilsin ki, qızılbaş əmirləri yalnız qəbrin uçurulması ilə kifayətlənmiş, amma Xəlilullahın sümüklərinə toxunulmamışdı”.

Göründüyü kimi, Şirvanşahların Bakıdakı məqbərəsinin dağıdılması və cənazələrinin təhqir olunması iddiası ilə arxeoloji qazıntıların nəticələri və tədqiqatçı alimlərin rəyləri arasında uyğunsuzluq mövcuddur.

Klassik mənbələrdə qızılbaşların Şirvanşahlara məxsus məzarlara qarşı hörmətsizlik etmələri barədə məlumatın səbəbini isə o dövrün düşüncəsində və yazı üslubunda axtarmaq daha düzgün olar. Mümkündür ki, bəzi Səfəvi müəllifləri I Şah İsmayılın hərbi uğurlarını şişirtmək, onun qətiyyətini göstərmək və düşmənlərdə qorxu yaratmaq məqsədilə öz kitablarında belə bir məlumatı yerləşdirmişlər.

İstinad: “Qızılbaş Ensiklopediyası”

Write A Comment