Lələ – Səfəvilər dövlətində hakim sülalə nümayəndələrinə uşaqlıq və yeniyetməlik yaşlarında təhkim edilmiş tərbiyəçi. Dədə vəzifəsinin daşıyıcıları ilə yanaşı fəaliyyət göstərirdilər; belə ki, dədə təriqət həyatı ilə bağlı işlərdə təlim-tərbiyə verir, lələ isə dünyəvi məsələlərdə tərbiyəçi rolunu oynayırdı.

Səfəvilərdən əvvəl də türk dövlətlərində bu vəzifəni daşıyan şəxslər mövcud olmuşdur. Məsələn, Səlcuq dövlətində şahzadələr atabəyin tərbiyəsinə verilirdi. Bəzi Səfəvi mənbələrində “lələ” sözü ilə yanaşı “atabəy” və “atalıq” ifadələrinə də rast gəlinir.

Səfəvilər dövlətində lələ təsisatnın tarixini iki əsas mərhələyə bölmək mümkündür: Səfəvilər dövlətinin əvvəlindən I Şah Abbasın hakimiyyətinədək olan dövr və I Şah Abbasın zamanından dövlətin süqutuna kimi davam edən dövr.

Birinci mərhələdə lələlər dövlətdə ən mühüm söz sahiblərindən sayılırdılar. Səfəvilər tarixində lələ adlandırlan ilk şəxs I Şah İsmayılın tərbiyəçisi Hüseyn bəy Lələ Şamlu olmuşdur (vəf. 1514). Şeyx Heydər tərəfindən əvvəlcə böyük oğlu Sultan Əli Mirzənin lələsi təyin edilmiş Hüseyn bəy Sultan Əli Mirzənin ölümündən sonra İsmayıl Mirzə üçün eyni vəzifəni daşımışdır. Bundan sonra hakim sülalənin hər yeni doğulmuş körpəsinə qızılbaş türk sərkərdələrindən birinin lələ təyin edilməsi ənənə halını aldı.

Maraqlıdır ki, şahlar təkcə oğul övladları üçün deyil, qız övladları üçün də lələ təyin edirdilər. Şahzadələr körpəlikdən ölkənin müxtəlif vilayətlərinə hakim təyin edilib həmin məntəqəyə göndərilirdilər. Təbii ki, bu yaşda öz vəzifəsini yerinə yetirməyə qadir olmayan şahzadənin qəyyuma ehtiyac vardı. Şahzadə ilə birlikdə bölgəyə gedən lələ orada həm onun təlim-tərbiyəsi ilə məşğul olur, həm də idarəçilikdə yardım göstərirdi. Lələnin əsas vəzifəsi şahzadəni gələcək şah kimi yetişdirmək, dövlət idarəçiliyinin sirlərini ona öyrətmək, onun təhsil və hərbi hazırlıq prosesinə nəzarət etmək idi.

Adətən, şahzadə hansı tayfanın mənsubu olan lələdən tərbiyə alırdısa, həmin tayfaya daha çox bağlanır və hakimiyyətə keçdikdən sonra da bu tayfanın mənsublarına daha çox etibar edirdi. Əksinə, qəyyumluq mərhələsində öz lələsi ilə yola getməyən şahzadələrdə lələnin mənsub olduğu tayfaya qarşı nifrət və etimadsızlıq yaranırdı. Lələ vəzifəsini daşıyan şəxslər adətən dövlətdə böyük ixtiyar sahibi olur, şahın etibarından istifadə edərək öz qohum və dostlarını yüksək vəzifələrə yerləşdirirdilər.

I Şah İsmayılın lələsi Hüseyn bəy Lələ Şamlu, I Şah Təhmasibin lələsi Div sultan Rumlu, Şah Məhəmməd Xudabəndənin lələsi Məhəmməd bəy Şərəfəddinoğlu Təkəlü, I Şah Abbasın lələsi Əliqulu xan Şamlu yüksək nüfuz sahibi idilər. Lakin bu nüfuz lazım olan anda onların cəzalanmasına mane olmurdu.

Məsələn, I Şah İsmayılın lələsi və dövlətdə şahdan sonra birinci sima sayılan vəkil mənsəbinin sahibi Hüseyn bəy Lələ Şamlu 1507-ci ildə bütün üstünlüklərdən məhrum olaraq həm vəkil, həm də əmir əl-üməra (baş komandan) vəzifələrini itirdi. I Şah Təhmasib üzərində güclü təsiri olan, lələlikdən əlavə həm də vəkil vəzifəsini daşıyan Div sultan Rumlu 1527-ci ildə 13 yaşlı şahın əmri ilə aradan götürüldü.
Tarixi mənbələrdən məlum olur ki, bəzən eyni şahzadəyə bir neçə lələ təhkim olunur, bəzən də bir qızılbaş əmiri iki şahzadəyə lələlik edirdi.

Bəzən qeyri-türk mənşəli əmirlərdən də şahzadələrə lələ təyin olunurdu. Məsələn, I Şah Abbasın oğlu Hüseyn Mirzənin lələsi kürd mənşəli Budaq xan Çigini, Şah Məhəmməd Xudabəndənin oğlu Təhmasib Mirzənin lələsi gürcü mənşəli Keyxosrov bəy idi.

I Şah Abbasın həyata keçirdiyi islahatlardan sonra sarayda qeyri-türk mənşəli xidmətçilərin nüfuzu xeyli artmışdı. Şahzadələrin tərbiyəsi hərəmxana daxilində həyata keçirilirdi. Artıq şahzadələr, əvvəllər olduğu kimi, bölgələrə hakim təyin edilmir və saraydan kənarda, lələnin nəzarəti altında təlim keçmirdilər.
Onların tərbiyəsi ilə saray daxilində, hərəmxanada xüsusi qulamlar məşğul olurdu.

Bu dövrdə sarayda iki cür lələ vəzifəsi mövcud idi. Daha yüksək yerə malik olan birinci dərəcəli lələlər (bunlara yüzbaşı da deyilirdi) şahzadələrə, onlardan aşağı dərəcədə olan lələlər isə digər qulamlara təhkim edilmişdilər. Beləliklə, sarayda həm qulamların, həm də hakim sülalə nümayəndələrinin təlim-tərbiyəsi həyata keçirilirdi.

İstinad: “Qızılbaş Ensiklopediyası”

Write A Comment