Həzrət Peyğəmbər (s) Vida həccindən qayıdarkən oxuduğu məşhur xütbəsində “iki ağır əmanət” qoyduğunu buyurdu. Biri Allahın Kitabı, digəri isə Əhli-beyt.

Bir xalq var ki, İslamı Həzrət Peyğəmbərin (s) vəfatından sonra qəbul etmiş olsa da, onun vəsiyyətinə sahib çıxmış, əmanət olaraq qoyub getdiyi iki misilsiz xəzinədən möhkəm yapışmışdır. Bu xalq Azərbaycan xalqıdır.

Azərbaycan xalqı istər Əməvilər, istər Abbasilər və istərsə də digər dövrlərdə işgəncə görən, təqibə məruz qalan Əhli-beyt mənsublarına və tərəfdarlarına qucaq açmışdır. Bu xalq Həzrət Peyğəmbərə (s) onu görmədən iman gətirmiş, Vida xütbəsinə birbaşa qulaq asmadan əməl etmişlər.
Özlərinə pənah gətirən Əhli-beytə sahib çıxmış, nəyin bahasına olursa-olsun onları düşmənlərə təhvil verməmişlər. Əslində bu xalq, Həzrət Peyğəmbərin (s) görməyi arzuladığı qardaşlarıdır. Necə buyurmuşdu Allahın Rəsulu (s):

“Məni görmədikləri halda mənə inanan qardaşlarımı görməyi çox istəyərdim”.
Əhli-beyt sevgisini qəlbində daşıyan bu xalq, onların vəfatından sonra məzarlarını ziyarətgaha çevirmiş, Allahdan onların xatirinə yardım istəmiş, axirətdə şəfaətlərini Uca Yaradandan diləmişdir. Beşinci İmam Məhəmməd əl-Baqirin (ə) oğlu Mövlana İbrahimin Gəncədə, yeddinci İmam Musa Kazımın (ə) qızı Həkimə xanımın Bibiheybətdə, yenə İmam Kazımın (ə) bir başqa qızı Rəhimə xanımın Nardaranda dəfn olunması bu xalqda olan Əhli-beyt sevgisinin parlaq təzahürüdür.

Əhli-beyt ailəsindən olan bu pak insanlar dövrün siyasi təzyiqindən xilas olmaq üçün Azərbaycana gəlmişlər. Onların Azərbaycana pənah gətirməsi təsadüfi deyildir. Yardımsevər Azərbaycan xalqı onları tək qoymamış, mühacirə kömək edən ənsar kimi onlara ehtiram göstərərək bağrına basmışdır. Tarix boyu var olan bu gözəl ənənə bu gün də Azərbaycan xalqı tərəfindən davam etdirilir.

Azərbaycan və Əhli-Beyt irsi (məqalələr toplusu) – üm.red.akademik Vasim Məmmədəliyev

Comments are closed.