Əsrlər boyu Azərbaycan qadınları yadellilər vətən torpağına hücum edən zaman yaraq-yasaq qurşanıb kişilərlə bərabər qanlı döyüşlərə giriblər. Adını qızıl hərflərlə  tarixə həkk etmiş belə qadınlardan biri də Şah İsmayılın ömür yoldaşı Taclı Xatun olub.

Gözəlliyi, cəsarəti, igidliyi və bacarığı ilə məşhur olan bu qadının 1514-cü ildə iki qüdrətli  imperiya – Osmanlı və Səfəvi xanədanı arasında baş vermiş Çaldıran savaşında əsir düşməsi barədə yazılanlar uydurmadan başqa bir şey deyil. Şah İsmayılın xanımının əsir düşməsi faktı uzun zaman Qərbi Avropa dövlətlərinin səyi və qızışdırıcı siyasəti nəticəsində fasilələrlə 100 il  müharibə aparmış iki imperiya arasında kütlələrə təsir edən ideoloji təbliğat “mexanizmi” kimi istifadə olunmuşdur.

XVI əsrin əvvllərində Azərbaycanda baş verən QIZILBAŞ hərəkatının geniş ərazilərə yayılması müsəlman – türk aləmində böyük əks-səda doğurmuşdu. Təbii ki, bu hərəkatın lideri olan I Şah İsmayılın şəxsiyyətinin ləkələnməsi üçün onun  zövcəsinin adının hallandırılması döyüşkən qızılbaşlara və 14  ildə  14 əyaləti  fəth etmiş  böyük sərkərdəyə – Səfəvi ŞAHINA  Anadolu ellərində olan rəğbəti cilovlamaq cəhdi idi…

Professor Seyidağa Onullahi müxtəlif mənbələr əsasında sübut etmişdir ki, Şah İsmayılla 20 il birgə həyat sürmüş Taclı xanım Çaldıran döyüşündə iştirak etsə də, əsir düşməmiş, Şah Təhmasib dövründə Səfəvilər sarayında yaşayıb və dövlət işlərində fəal iştirak etmişdir. Tarixçi-şərqşünas Oqtay Əfəndiyevin qənaətinə görə, Taclı xanım həqiqətən də Çaldıran döyüşündə iştirak edərək əsir düşmüş, lakin zinət əşyalarını verməklə xilas olmuşdu… Çaldıran döyüşünə qızılbaş kişiləri ilə bərabər qadınlar da qatılması barədə məlumatlar Türkiyə, həm də İtaliya tarixçilərinin əsərlərində də vardır.

ŞAHBƏYİM TACLI BƏYİM

Mosullu tayfasından olan Şahbəyim adlı bu qadına “Taclı” adı Şah İsmayıl tərəfindən verilmişdir. Bəzi mənbələrdə Səfəfilərin birinci xanımının adı Şahbəyi Taclı bəyim, Şahbigə Sultan  və Validə Gülzar Sultan da yazılır…

“Tarixi-Şah İsmayıl”da  Çaldıran döyüşündən sonra Dərgəzinə gedən Şah İsmayılın Təbrizə Taclı xanımdan xəbər gətirmək üçün adam göndərdiyi bildirilir. Bir neçə yerdən yara almış Taclı xanım Çaldıran meydanını tərk edəndən sonra istiqaməti itirmiş, nəhayət bir səhraya gəlib çıxmışdı. Təsadüfən Mirzə Şah Hüseyn İsfahani Təbrizin iki fərsəxliyində (12 km) Taclı xanıma rast gəlir, hadisəni Durmuş xan Şamlıya xəbər verir. Bundan sonra Taclı xanım Şah İsmayılın olduğu yerə aparılır. Mir Mahmud Xandəmir də Durmuş xan Şamlının  yavəri Mirzə Şah Hüseyn İsfahaninin xan üçün ərzaq gətirərkən, Təbrizin iki mənzilliyində Taclı xanıma rast gəlib onu Şah İsmayılın yanına aparmasını bildirir. Bunun müqabilində şah onu Dövlət divanının nəzarətçisi vəzifəsinə layiq görmüşdü.

Xoca Sədəddin Əfəndinin (1536-1599) qələminə məxsus “Tac-üt-təvarix” (“Tarixlərin tacı”) adlı geniş həcimli Osmanlı tarixi III Muradın (1575-1595) zamanında  “işıq üzü” görsə də, əsərin ilkin variantı 1566-cı ildən sonra, yəni Sultan II Səlimin (1565 – 1575) zamanında qələmə alınmışdır. Müəllifin babası Hafiz Məhəmməd İsfəhani Çaldıran döyüşünün canlı şahidi olmuş, I Sultan Səlim (1512 – 1520) tərəfindən oğlu Həsən Canla bərabər Təbrizdən İstanbula gətirilmişdir. “Tac-üt-təvarix” əsərində müəllif babasından və atasından eşitdiklərini qələmə alıb və Taclı xanımın əsir düşməməsini qeyd edib.

TÜRK TARİXİNİN QARA SƏHİFƏSİ

Çaldıran döyüşünü  kimisi Osmanlıların şanlı zəfəri, kimisi Səfəvilərin acı məğlubiyyəti kimi qiymətləndirir. Amma bu döyüş türkün hər zaman öyündüyü şanlı tarixinin qızıl səhifəsi deyil… Ən azı ona görə ki, Çaldıran düzündə türk oğulları bir-birinə qılınc çəkmiş, sonda bu oğullardan biri (Sultan Səlim) qılıncın işə yaramadığını gördükdə odlu silahdan –topxanadan istifadə etmişdi… Şah İsmayıl Səfəvi o dövrdə hərbdə tüfəng və toplardan istifadə etməni kişiliyə sığışdırmırdı. Hesab edirdi ki, meydanda qılınc və qolla döyüşmək əsl kişilikdir. Döyüşdən əvvəl o, Sultan Səlimə meydan oxuyaraq onu döyüşə dəvət etsə də Sultan öz yerinə Osmanlıda yenilməz və əvəzolunmaz qəhramanlarından biri sayılan Tur Əli Bəy Malqoçoğlunu göndərdi. Şah İsmayılın qılıncı Malqoçoğlunun dəbilqəsini, zirehini və qalxanın bir hissəsini yararaq başından iki yerə böldü. Elə həmin qılıncla da topun lüləsini kəsdi. O topun ki, atəşi nəticəsində hər iki tərəfin əskərləri həlak olurdu.

Onu da qeyd edim ki, Çaldıran döyüşünü məzhəb-təriqət savaşı adlandıranlar da çox yanılırlar.  Çünki Asiyadan Avropaya gedən ticarət yollarına nəzarət uğrunda mübarizə CALDIRANda iki böyük türk dövlətinin üz-üzə gəlməsi ilə nəticələndi. Sayca daha üstün olan Osmanlılar böyük itkilər versə də, topların üstünlüyündən bəhrələnərək bu döyüşdə qalib gəldilər.

Mən isə Çaldıran döyüşünü qılıncın odlu silah üzərində qələbəsi adlandırıram. Qızılbaş ordusu fiziki cəhətdən məğlun olsa ds mənən qalib gəldi. Bu gün Çaldıranda at belində Şah İsmayılın heykəli də bu fikrin bariz təsdiqidir.

Türkiyə, İtaliya tarixçiləri Çaldıran savaşından sonra döyüş meydanında xeyli qızılbaş qadının meyitlərinin tapıldığını bildirirlər.  Qızılbaş qadınlarının vətənpərvərliyinə və qəhrəmanlığına heyran qalan Sultan Səlim Yavuz “cəsədlərin hərbi təşrifatla dəfn edilməsi barədə göstəriş vermişdi”.

Osmanlıların Səfəvilərə qarşı ideoloji savaşı Şah İsmayılın həyat yoldaşı Taclı xanımın adı ilə bağlı oldu. Osmanlı sarayının ideoloqları Taclı xanımın döyüşdə əsir alındığını və Sultan Səlimin əmri ilə Osmanlı sərkərdələrindən birinə nikahlandığını israrla bəyan etməyə başladılar. Sonradan bu “ideoloji tezis” Osmanlı tarixçilərinin əsərlərində əksini tapdı və əsrlərlə davam etdi.

“Tac-üt-təvarix”in tədqiqatçısı Tahir Cəfiyev də hesab edir ki, tarixən formalaşmış milli psixologiyanı nəzərə alan Osmanlı tarixşünaslığı uzun zaman ideoloji mübarizə apardığı Səfəvi dövlətinə qarşı bu saxta faktdan istifadə etmişdi.

Bu deyilənlərə yekun vuraraq onu demək olar ki, qızılbaşlara xüsusi nifrəti ilə seçilən Osmanlı mənbələrinin Taclı xanımla bağlı uydurmalarında əsas məqsəd Şah İsmayılı nüfuzdan salmaq, aşağılamaq olmuşdur

ƏDAVƏT QIZIŞDIRAN MÜASİR TÜRK YAZARLARI

Ölkəmizdə nəşr olunan Güntay Gəncalpın “Səfəvilər”, İsgəndər Palanın “Şah və Sultan”, Reha Çamuroğlunun “İsmayıl” kimi kitablarında və TV-də nümayiş olunan “Möhtəşəm yüz il” kimi teleserialda Şah İsmayılı, Şah Təhmasibi və qızılbaşları nüfuzdan salma, aşağılamaq “mexanizmi” yenə davam  edir.

Bu gün böyük Qərb dövlətlərinin Şərqə – İslam dünyasına münasibətdə  apardıqları siyasətin xristian amilinə söykəndiyi bir vaxtda İsamda iki nüfuzlu təriqət arasına müsəlman olaraq bizim özümüzün qarmaqarşıqlıq salmağa haqqımız yoxdur! Əgər nicatımız TÜRK dünyasının birliyindədirsə, onda milli – dini  hissiyyata toxunan bu cür əsərlərin nəşri və serialların yayımı qətiyyən yolverilməzdi. İçimizdə İSLAM sevgisi ilə TÜRK sevgisi vahid müstəvidə olmalı, hər  iki qardaş  ölkənin qələm sahibləri bu amala xidmət etməlidir. Unutmaq olmaz ki, İslamın sünni-şiə təriqətləri əsrlər boyu Azərbaycanın və Türkiyənin  mənəvi-əxlaqi  dəyərlərinin əsasını təşkil edib.

Azərbaycan oxucusuna təqdim olunan “İsmayıl” romanında  xalqımızın qürur mənbəyi olan, Azərbaycan türkcəsini  dövlət  dilinə  çevirən, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün böyük işlər görmüş,  klassik  Azərbaycan şairi  Şah  İsmayıl  Xətai (Xatayi daha düzgündür, çünki Ərdəbil ətrafında yerləşən xətaylı bir türk bəyinin nəslindən olduğu üçün Şah İsmayıl özünə əcdadından yadigar qalan türk adı olaraq Xətayi ləqəbini bir şərəf və fəxarətlə götürmüşdür) kimi qüdrətli  bir  simaya müəllifin öz soy adına sadiq qalaraq  qərəzlə  ÇAMUR atması,  doğrudan da,  indiki zamanda millətimizə, dini etiqadımıza qarşı hörmətsizlik və sayğısızlıqdır. Amma gəlin görək, bu, milli-dini hesiyyatımıza toxunan ilk əsərdimi? Bundan öncə İsgəndər Pala “Şah və Sultan” əsərində məgər Şah İsmayıla az çirkab atmışdı? Yaxud, başdansovdu qələmə alınmış  “Səfəvilər” kitabında Güntay Gəncalp oxucuya Şah İsmayıl Xətaini və qızılbaşları adam əti yeyən vəhşi kimi  təqdim etməsi  hansı amala, ideoloji  xəttə, mədəni inkişafa, “iki dövlət, bir millət” prinsipinə xidmət edir? Xətayi təxəllüsü ilə gözəl  və incə ruhlu şeirlər yazan, qəsidələrində  Allahı, peyğəmbəri, on iki imamı vəsf edən, heca vəznini Azərbaycan ədəbiyyatına gətirən, “dili şəkərdən dadlıyam”  deyən bir şair necə qəddar ola bilərdi?

İxtilaflara  yol açan,  mənəvi gərginlik yaradan  bu cür uydurma, iftira dolu  əhvalatlar İslam və TÜRK dünyasına qənim kəsilən düşmənlərin dəyirmanına su tökmək deyil, bəs nədir?

Şübhə etmirəm ki, “Möhtəşəm yüz il” serialında Səfəvi hökmdarlarının, xüsusilə I Şah Təhmasibin ünvanına çox ağır təhqiredici ifadələrin yer alması da eyni  nifrətdən, ideoloji qəzəbdən  qaynaqlanır. 1566-cı ildə Sultan Süleymanın vəfatı münasibəti ilə Osmanlı sarayına göndərdiyi məktubda onun Avropada qazandığı zəfərlərdən söz açaraq  öz sevinc hissini gizlətməyən, eyni zamanda II Səlimin  canişin təyin olunmasını  ölkəsində təntənəli bayram elan edən bir hökmdarın  ünvanına filmdə bu qədər nalayiq ifadələr Azərbaycan tamaşaçısına həqarət deyilmi?!

Akademik Yaqub Mahmudov böyük türk hökmdarı Sultan Süleymanın həyatından bəhs edən bu serialı tarixi hadisələrin kəskin təhrif olunduğunu vurğulayaraq, əbəs yerə onu türk tarixi üçün “zəhərli film” adlandırmır! Türkiyənin  o vaxtkı  Baş naziri  Rəcəp Tayyib Ərdoğan da  “Möhtəşəm  yüz il”i  tənqid edərək, onun tarixi faktları təhrif etdiyini bildirib. Bir sıra Avropa ölkələrində, Ukrayna və Rusiyada bu filmin nümayişi dayandırılıb, İranda isə “Möhtəşəm yüz il” serialını fars dilinə dublyaj edən bir qrup şəxs  həbs olunub.

Türkiyə Milliyyətçi Hərəkat Partiyası başçısı Dövlət Baxçalı isə “Şah İsmayıl da bizim hünkarımız, Yavuz Sultan Səlim də” bəyanatı verərək  hər iki tarixi şəxsiyyətə  hörmətlə yanaşmağı bildirmişdi.

“SARI GƏLİN”Ə  ERMƏNİ  MÖHÜRÜ VURAN TÜRK SƏNƏTÇİLƏRİ

Biz  tez-tez  bu gün  iki ölkə arasında əməkdaşlıqdan fəxrlə danışırıq. Amma görünür, mədəniyyət tariximiz  –  Azərbaycan-türk tarixçilərinin, sənət dünyasının əməkdaşlığı hələ də lazımi  səviyyədə deyil. Əgər bu əlaqələr yaxşı olsaydı, dünən də,  bu gün də müəllifi Azərbaycan bəstəkarları olan onlarca mahnı Türkiyənin rəsmi kanallarında tamaşaçıya  “ANONİM” kimi  təqdim olunmazdı. Şübhəsiz ki, bu kanalları dünyada yaşayan 50 milyon azərbaycanlı da seyr edir. “Ay mənim Arzu qızım”, “Dilbərim”, “Reyhan”, “Gülüm naz ilə baxma”,  “Daşlı qala” və s. kliplərin subtitirində  “söz və muzik anonim” yazılması  sözsüz ki, hər bir Azərbaycan türkünü təəssüfləndirir. Və ya “Sarı gəlin”i eynən Akif İslamzadə tərzində ifa edib ona “erməni möhürü vurmaq” məgər Türkiyəli sənətçilərin mədəniyyətimizə hörmətsizliyi deyil?  Niyə Mikayıl Müşfiqin “Sən Müşfiqin yanında qalginən sənə qurban” misrasından şairin adını çıxardıb təkcə Türkiyənin özəl deyil, dövlət kanallarında da oxuyurlar. Əlbəttə, bu kimi  problemləri şişirtmədən müəllif hüquqları və ya hər iki dövlətin  aidiyyati qurumları yoluna qoya bilərdilər… Hələ Polad Bülbüloğlu mədəniyyət naziri olanda mən dəfələrlə bu barədə KİV-də ona açıq məktub ünvanlamışdım.  Axı o Türkiyədəki nazir həmkarından bunu tələb edə bilərdi.

İndi  özümüzə tolerant xalqıq deyə-deyə milli hisslərimizə toxunan “Səfəvilər” (G.Gəncalp), “Şah və Sultan” (İ. Pala), “İsmayıl”  (R.Çamuroğlu)  kimi əsərlərin müəlliflərinə təşəkkürmü etməliyik?!

Professor Füzuli BAYAT  “Taxt və Tabut”  romanına yazdığı  ön sözdə  çox haqlı olaraq “Sapla samanı  qarışdırmayaq” deyir: “Belə bir həssas mövzuda yazmağın ilk şərti nə şiə, nə sünni  kimi düşünməkdən keçir. Yoxsa ortaya  Əzizə Cəfərzadənin, Reha Çamuroğlunun, İsgəndər Palanın  təəssübkeşlik ruhunda yazılmış əsərləri çıxar…”

Taxt – taca  görə öz doğma atasını zəhərləyib öldürən, sülaləsindən bütün kişilərin öldürülməsinə əmr verən,  qardaşlarını, qardaşı  oğlanlarını  qətlə yetirən Sultan Səlimi  oxucuya romanda Şah İsmayıldan daha üstün düşüncəyə, təfəkkürə, hərbi siyasətə malik sərkərdə kimi təqdim etməsi Reha Çamuroğlunun nə qədər qərəzkar, ixtilaf salmağa meylli,  V əsr bundan öncə olan ədavəti yenidən qızışdıran qələm sahibi olduğunu sərgiləyir. Məgər R. Çamuroğlu  bilmir ki, Sultan Səlim  olduqca qəddar, qaniçən və qisasçı bir şəxs olduğuna  görə Yavuz (qorxunc) ləqəbi almışdı?!.  Atası Bəyazidin Səfəvilərlə sülhpərvər davranışı və Şah İsmayıla sevgi ilə yanaşması Səlimi hələ taxt-tac sahibi olmazdan öncə qəzəbləndirmişdi.  Ona görə Sultan Səlim hakimiyyətə keçən kimi  qızılbaşlara qarşı hərəkətə keçdi. Və şiəliyin kafirliklə eyni tutulması ilə bağlı şeyxülislamın fətva verməsini tələb etdi.  Sultan Səlimin əmri ilə təkcə Qaramanda 40 mindən artıq şiə öldürüldü. Qətliamda yeniçərilər iştirak etmədilər. Çünki onların yetişdirildiyi Bəktaşi təkkəsi şiəliyə yaxın məzhəb hesab olunurdu.

KİÇİK   HAŞİYƏ,  “QURDALAR VADİSİ”  VƏ…

Yeri gəlmişkən, dünyada ən çox izlənilən və masonçuluğun iç üzünü açan “Qurdlar vadisi” teleserialının yaradıcıları  Şaşmaz  qardaşları şiə təriqətinə yaxın  olan bəktaşilərdi. Filmin ilk seriyalarının daha uğurlu alınmasının səbəbi də məhz Həzrəti Əlinin fəlsəfəsi üzərində qurulması və filmin baş qəhrəmanı Polad Ələmdarın İmam Hüseynin haqq və ədalət uğrunda mücadiləsini özünə örnək seçməsi  idi. Sonrakı seriyalar isə daha çox Sultan Səlimsayağı qan tökməklə yadda qaldı və getdikcə bu filmi nüfuzdan saldı.

ŞƏRQDƏ BİTƏN  ORTA ƏSR

Əslində ordusunun əsas hissəsi Orta Asiyada olan Şah İsmayılı müharibəyə təhrik edən, Çaldırana gedən yolun başlanğıcını qoyan da qardaş qanı tökmək  üçün susamış Səlim oldu. Bəs  onun təhqiramiz farsca yazdığı məktublara türkcə cavab yazan və  iki dövlət arasında  məsələni sülh ilə həll etməyə cəhd edən Şah İsmayıl Xətaini  “İsmayıl” romanında alçatmaqla, qızılbaşlara küfr yağdırmaqla müəllif müasir oxucuya nə deməyə çalışır? Çamuroğlu və qeyriləri niyə əsərlərində Osmanlı – Səfəvi münasibətlərini gərginləşdirən və iki qüdrətli türk imperatorluğu arasında müharibəyə rəvac verən beynəlxalq amilləri önə çəkib qabartmırlar?  Və ya məktublarını farsca yazan Yavuz Sultan Səlimin özünü əfsanəvi İran şahlarına bənzətdiyindən söz açıb, Şah İsmayılı  isə “Türk Əfrasiyab” deyə təhqir etdiyini düşündüyünə aydınlıq  gətirmirlər?

Niyə yazmırlar ki, 150  minlik  osmanlı ordusu ilə 50 minlik  qızılbaş ordusunun  1514-cü ildə Çaldırandakı savaşı  tarixçilərin təbirincə desək, əslində artıq bitən orta əsrlərin sonuncu cəngavərlik nümunəsinin qətlı oldu. Bu qardaş savaşı doğrudan da,  müasirliklə keçmişin sonuncu savaşıydı. Və bu savaşın əslində qalibi olmadı. “Orta əsrlər Orta Şərqdə başladığı kimi, Orta Şərqdə bitdi” (A.Qaramanlı).

Bəli, əgər o zaman  qərb siyasəti iki  qüdrətli türk dövlətini bir-biriylə savaşmağa sövq etməsəydi, bu gün Türkiyə Avropa birliyənə qəbul olunmağa deyil, Avropa dövlətləri Türk  Birliyinə üzv olmağa can atacaqdı… Bu gün də Şərqdə  tökülən günahsız insanların qanına eyni beynəlxalq amillər səbəb deyilmi? Bu gün PKK terrorçuları tərəfindən türk əsgərlərinin qətlə yetirilməsinin əsası məgər 500 il əvvəl  Sültan Səlimlə kürd əsilli İdris Bitlisli arasında olan anlaşma səbəb deyilmi?  Şah İsmayılın baba mülkü Diyarbəkri və ətraf əraziləri İdris Bitlisliyə hədiyyə verən Osmanlı Sultanı bilavasitə XX əsrdə 30 mindən çox insanın qətlinə səbəb olan PKK lideri Abdulla Öcalan kimi cinayətkar dəstə başçılarının yetişməsinə səbəb oldu.

Sözsüz ki, hər bir ölkə kimi Azərbaycan da ad-san,  şöhrət naminə cəmiyyətin etiqadına, taleyinə  biganə  qalan insanlardan sığortalanmayıb. Əgər bir insan  mənsub olduğu dini, xalqı sarsıdan “yaradıcılıqla” məşğuldursa, onun doğma Vətənə hansı sevgisindən,  əsrlər boyu adı Azərbaycanla qoşa çəkilən Şah İsmayıl kimi dahi şəxsiyyətə hansı sayğısından danışmaq olar?!  Çox təəssüf ki,  Reha Çamuroğlu kimi  qərəzli  qələm sahiblərinin əsərlərini ölkəmizdə təbliğ etməkdən  bəzi “məmurlar” sanki həzz alırlar. Belələri “mən də varam” deyə gündəmdə bu cür bəsit, araqızışdıran, şou xarakterli əməllərlə qalmağı üstün tuturlar. Unudurlar ki, Şah İsmayıl da,  Sultan Səlim də,  Qanuni Sultan Süleyman da, Nadir şah Əfşar da  türk dünyasından  boy verən  möhtəşəm simaları olublar. Unudurlar ki, Avropalı tarixçilərin  Asiyanın “Makedoniyalı İsgəndəri” adlandırdığı Nadir şahın özü də  Böyük Səfəvi məktəbinin yetirməsi olub.

Bu gün tarixin yaddaşını ələk-vələk edib ortaya çox iddihamnəmələr çıxarmaq olar. Lakin elə gerçəklər var ki, onun üzərindən əzəli-əbədi qardaşlığımız, etiqadımız, İslam dini,  türk birliyi naminə sükutla keçməliyik.

Son olaraq,  xalqımızın qürur qaynağı olan, Türk dünyasında Alp Ər Tunqa ilə müqayisə edilən, alman filosofu Karl Marksın dəyər verdiyi, ingilis alimi Eduard Braunun dünyanın ən qüdrətli yeddi sərkərdəsindən biri adlandırdığı, Türk dilini dövlətə səviyyəsində rəsmiləşdirən Şah İsmayıl Xətai haqqında qərəzli əsərlər  yazanlara, Türkiyədə nəşr olunan belə kitabları Azərbaycan türkcəsinə uyğunlaşdıranlara və onun böyük həvəslə ölkəmizdə yaymağa  vaxt və vəsait ayıranlara üzümü tutub deyirəm:  mənəvi  birliyimiz, sağlam gələcəyimiz naminə İslamda məzhəb və təriqət ayrı-seçkiliyi salmayın. Sizsiz də bu  ideyanı  meydana atan, “Bir millət, iki dövlət” qardaşlıq bağını  sarsıtmağa çalışan, bir sözlə, müsəlmanlar arasında  ixtilaf salıb ədavəti qızışdıran xarici kəşfiyyat orqanları yetərincədir.

Nurəddin ƏDİLOĞLU

Comments are closed.