110 il əvvələ – 1914-cü ilə qədər dünyada qapalı sərhədlər, bir ölkədən başqasına keçmək üçün vizaya gərək yox idi. İnsanlar istədikləri ölkəyə səyahət edə, orada yaşaya bilərdilər. Birinci Dünya Müharibəsi ilə sərhədlərin qapanması və xüsusi icazələr – viza gündəmə gəldi.
Amma dünya sürətlə dəyişir, bilmək olmaz növbəti 110 ildə bugünkü sərhəd anlayışı, qapalı sərhədlər qalacaqmı? Bütün bunlar haqda indidən nəsə demək mümkün deyil. Amma anlayışları sürətlə dəyişən dünyamızda dəyişməyən qaydalar var. Tarix göstərdi ki, heç bir tikanlı məftillər, qapalı sistemlər mənəvi bağları, mədəniyyətləri, ortaq kimlik və dəyərləri boğa bilmir.
Bu gün Azərbaycan 86,6 min kv.km əraziyə sığsa da, mənəvi sərhədlərimiz daha genişdir. Aralıq dənizi sahillərindən – Livan, Suriya, Pakistana, Əfqanıstana, şimalda Dərbəndə, qərbdə Borçalıya, Qarsa, İğdıra, cənubda Təbrizə. Ərdəbilə, Zəncana, Həmədana qədər geniş bir coğrafiyada özünü azərbaycanlı hesab edən, Azərbaycanı özünün ikinci vətəni sayan insanlar var. Bu geniş areal bizim üçün bir “könül coğrafiyasıdır”.
Bu insanlarla əlaqələri diri tutmaq, onların Azərbaycana gediş-gəlişini yaratmaq, ortaq tarixi keçmiş və mənəvi bağları canlandırmaq bizim üzərimizə düşən mühüm vəzifədir. Milli Kimlik yalnız keçmişi araşdırmaq, milli mədəniyyət, tarixi gerçəkləri üzə çıxarmaq deyil, həm də könül coğrafiyamıza daxil olan insanlar arasında bərpa etmək, uzun tarix dövr ərzində zəifləyən əlaqələri yenidən gücləndirməkdir. Etnik köklər, vahid mədəniyyət və ortaq tarixi bizi bir arada tutacaq əsas vasitələrdir.
Hər nə qədər bu gün sərhədlər tikanlı məftillərlə ayrılsa da, könül bağları, mənəvi və mədəni bağlar, etnik kimliyi bölə bilməz, bilməyib. Milli Kimlik həm də fərqli coğrafiyalara səpələnmiş bu insanların ortaq dəyərlər – mədəniyyət, dil və ortaq tarix üzərindən mənəvi birliyidir. Bu birliyi qorumaq və onu diri tutmaq bizim mənəvi vəzifəmizdir.
Kənan Rövşənoğlu
Comments are closed.