Suriyanın Colan təpələri rayonunun qədim sakinləri türkmanlar olub. Ancaq təəssüf ki, 1967-ci ildə baş verən “altı günlük” müharibə zamanı Colan təpələri rayonu İsrail tərəfindən işğal olunur və bundan sonra türkmənlər Colanı tərk edərək Suriya və İraqa köçürlər.
Tarixi mənbələrə əsasən, Colanda əsasən Bayat, Afşar, Bəydili və Salur boylarınadan olan türkmanlar yaşayıb. Türkmanların Suriya ərazisinə köçü haqqında tarixi mənbələrdə müxtəlif məlumatlar var. Onlardan ən geniş yayılmış və sənədlərdə mövcud olanı 1243-cü ildə monqol ordularının Türkiyə Səlcuqlu Dövlətinə hücumundan sonra təzyiq altında olan Kayseri və Sivas bölgəsində yaşayan türkmanların böyük bir hissəsinin Suriyaya köçməsi ilə bağlıdır.
Sultan Bəybarsın bioqrafiyasını yazan İbn Şəddad bildirir ki, Bəybarsın hakimiyyəti dövründə 40 min evdən ibarət Türkman tayfaları Suriyaya köçür. Bəybarsın bu türkmanları Qəzzadan Antakiyaya (Hatay) qədər sahil bölgələrinə, Səlibçilərdən azad edilmiş torpaqlara yerləşdirdiyi bilinir.
Qaynaqlarda Ət-Türkmən Üçokiyyə, əl-Bozokiyyə, ət-Tərakim əl-Yərakiyyə, ət-Türkman Bəyaziyyə (Bayatiyyə), əl-Ağaçeriyye kimi bir çox Türkman tayfalarının adları qeyd olunur.
Colanda türkman varlığı ilə bağlı daha bir qədim mənbə 1261-ci ildə 900 cəngavər və 1500 Türkopol (Türk muzdlu əsgəri) və 3000 döyüşçüdən ibarət səlibçi ordusunun Colana hücum etməsi və bu döyüşdə Colan türkmənləri tərəfindən məğlubiyyətə uğradılması barədədir. Bu yürüş barədə dövrün tarixçiləri Əbu Şami və İbn əl-Furat öz əsərlərində yazırlar.
Hələb Salnamələrində qeyd olunur ki, Hələb və ətrafında 200 min, Lazqiyyə bölgəsində 150 min, Osmanlı dövründə qurulmuş Kuneytra (Colan) rayonund aisə 100 min, digər Suriya vilayətlərində isə 300 minə yaxın türkman yaşayıb.
Osmanlı dövründə Colan türkmanları digər bölgələrdəki türkmanlar kimi köçəri həyat sürüb. Suriya Ərəb Respublikası yarandıqdan sonra torpaqların dövlət tərəfindən əhaliyə paylanması nəticəsində tədricən əkinçiliyə keçiblər.
Türkmanlar əsasən Colanın mərkəzində və Fələstinlə sərhəd bölgədə Kuneytra, Safad və Təbəriyə rayonlarında məskunlaşıb. Colan türkmanlarının 13, bəzi mənbələrə görə isə 12 kəndi olub.
Bu kəndlər Qadiriyyə, Sindiyana, Aynul-Kara, Razəniyə, Dabbiyə, Əhmədiyyə, Aynı Simsim, Kafar Nəffah, Muqayyir, Alika, Hafar, Hüseyniyyə, Aynı Alaqdır.
Colanda işğala qədər 40 min türkmanın yaşadığı ehtimal olunur.
Colan türkmanlarının şivəsi Türkiyədə Qaziantep şivəsi ilə yaxındır. Eyni zamanda Azərbaycan türkcəsi və İraq Türkman ləhcəsi ilə çox yaxındır.
Hülya Arslan Erol, “Suriye Colan (Golan) Türkmenleri Ağzı” məqaləsindən.
“Modern Türklük Araştırmaları” jurnalı, 6-cı cild, sayı 4 (2009)
Comments are closed.