1511-ci ildə Şeybanilər yenidən ittifaqda birləşməyə qərar verdilər.
 
Bu zaman Kabil şəhərində olan Babur İsmayıl Səfəviyə bu məzmunlu məktub göndərdi:
 
“Ey Hökmdar.. Madam ki, sən məni yüksəltdin, ümid edirəm ki, məni aşağı endirməyəcəksən. Ağılsızlıqdan Mavəraünnəhri itirdim. Bir daha onu öz təvazökar quluna qaytar… Əgər hakimiyyətə gəlmək üçün müridinə yardım və dəstək versən, bu, sənin alicənablığın təzahürü olar”.
 
Gördüyümüz kimi, Babur özünü İsmayıl Səfəvinin müridi hesab edir və Məvərüənnəhr taxtını qaytarmaq naminə şiəliyi qəbul etməyə hazırdır.
 
İsmayıl Səfəvi Babura belə cavab verdi: “Qardaşım Babur Padişah bilsin ki, inşallah, özbəklərə elə bir qəm gətirərəm ki, məni uzun illər xatırlayacaqlar. Baxmayaraq ki, mən özbəklərə rəhm etdim və (onlar) cəzasız qaldılar və indi Türküstana elə bir bədbəxtlik gətirəcəyəm ki, bütün Dəşt-i Qıpçaq özbəkləri səhradan çıxıb ölüm səhrasına düşəcəklər. Yazın əvvəlində nümayəndəmiz Bəlxə çatır və (siz də) ona qoşularaq, birlikdə Türküstana yollanın”.
 
Belə ki, Babur Şah İsmayılın dəstəyini alaraq, 1511-ci ilin sonunda Amudəryanı keçərək Hisara doğru hərəkət edir. 1512-ci ildə Puli Sangin döyüşü Baburun qələbəsi ilə başa çatdı.
 
Babur zəfərini İsmayıl Səfəviyə xəbər verdi və ona Bağlan, Qunduz, Xuttalan, Hisar-ı Şadman bölgələrinin fəth edildiyini bildirdi. O, Şahdan Mavəraünnəhrin digər bölgələrini ələ keçirmək üçün ona əlavə hərbi qüvvələr göndərməsini xahiş etdi və söz verdi ki, şəhər məscidlərində İsmayılın adına xütbə oxutdurub, sikkələr zərb etdirəcək. İsmayıl Səfəvi döyüşçülərini Baburun yanına göndərdi. Döyüşsüz Mavəraünnəhrin bütün mərkəzi bölgələri Baburun əlinə keçdi.
 
Buxara, Səmərqənd və Mavəraünnəhrin başqa şəhərlərinin əhalisi Baburun qələbəsini sevinclə qarşıladı. Üçüncü dəfə Babur Səmərqənd taxtına oturdu. Baburun vəd etdiyi kimi, şəhərin mərkəzi məscidində, şiə imamları və Şah İsmayılın adına xütbə oxundu.

İstinad: Xoseynşirazi Seyidəhməd, XVI əsrdə Mavəraünnəhr və Iranda hərbi-siyasi münasibətlər (dissertasiya)

Comments are closed.