Xanlıqlar dövründə Azərbaycanın qərbində mövcud olmuş Qazax və Şəmşədil sultanlıqlarının tarixi 15-cı əsrə qədər gedib çıxır.
Zəyəm mahalı və ondan qərbdə indiki Tovuz rayonu ərazisi də daxil olan bu bölgəni Səfəvi İmperiyası dövründə, daha dəqiqi 1515-ci ildən Zülqədər tayfasının bir qolu olan Şəmşəddil tayfası idarə edib. İnzibati olaraq bu bölgə mərkəzi Gəncə olan Qarabağ Bəylərbəyliyinə tabe olub. Nadir Şah bu bölgəni Qarabağdan ayırıb Gürcü çarına versə də, daha sonra Şəki xanı tərəfindən geri alınıb.
Şəmşəddil mahalı adlanan bu bölgədə 1747-ci ildə Nəsib Sultan tərəfindən eyni adlı Şəmşəddil Sultanlığı yaradılır. Mahalın əhalisi əsasən qızılbaş türk tayfaları olan Zülqədər və Qaraqoyunlulardan ibarət idi.
1801-ci ildə Çar Rusiyası tərəfindən işğal edilib. Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Göyçə mahalından Qazax mahalına qədər uzanan Qaraqoyunlu dərəsi də yeni yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına qatıldı.
1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə daxil olan Şəmşəddil mahalı bolşeviklərin işğalından sonra bölünüb.
1920-ci il noyabrın 30-da Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qərarına əsasən Qazax və Şəmşəddil mahallarının bir hissəsi, Qazax qəzasının ümumi ərazisinin 44,5 faizi, eləcə də Qaraqoyunlu mahalı Ermənistana verilir.
***
Qazax Sultanlığının 15-ci əsrdə yarandığı ehtimal olunur. Səfəvi İmperiyası dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil olub.
Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə “Qazaxlı” və ya “Alqazaxlı” deyilən Şıxlinskilər aiddir.
Qazax sultanlığının hakimləri sultan titulu və irsi hakimiyyətə malik idilər. XVI əsrin sonlarında Osmanlı və gürcü ordusunun təzyiqi ilə Səfəvilər Azərbaycanı tərk etdikdə Bayat, Qaçaq, Qaramanlı və digər tayfalardan fərqli olaraq Qazaxlar bu əraziləri tərk etmir.
Sultanlığın başçısı Nəzər xan türklərin hakimiyyətini qəbul edərək bölgənin müstəqilliyini qorumağa nail olur. İkinci dəfə Azərbaycan, o cümlədən Qazax mahalı yenidən səfəvilərin hakimiyyəti altına keçəndən sonra da Nəzər xan hakimiyyətini qoruyub saxlayır.
Nəzər xanın xələfi Şəmsəddin xan 1605-ci ildə I Şah Abbasdan xan rütbəsi almışdır. Qazax ikinci dəfə 18-ci əsrin əvvəlində Osmanlı orduları tərəfindən alındıqda Qazax sancaq elan olunub və 4 nahiyəyə bölünüb.
Bunlar Axtata, İncə, Türk və Cuvar nahiyələri idi. Sultan III Əhmədin (1703-1730) fərmanı ilə Qazax Sancaqbəyisi hələ Səfəvilərin zamanında Qazax hakimi olmuş Mirəlibəy təyin olunur.
1728-ci ildə Osmanlı məmurlarının tərtib etdiyi “Dəftəri müfəssəli əyaləti Tiflis” adlı dəftərdə qeyd olunur ki, Qazax sancağında 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa yaşayıb.
Səfəvi dövləti Qazaxı Osmanlıdan geri aldıqda bu dəfə “Qazaxlı” tayfasını hakimiyyətdən uzaqlaşdıraraq Sübhanverdi xan adlı sərkərdəni Qazaxa Sultan təyin edirlər.
Bu dövrdə Qarabağ Bəylərbəyinə tabe olan Qazax 1736-cı ildə Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu Nadirin şah olmasına etiraz etməsinə görə cəza olaraq Qazax, Şəmşəddil və Borçalı mahalları Nadir tərəfindən Kaxetiya çarlığına verdi.
Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına Salahlı bəyi Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa təyin olunur. Bununla 3-cü feodal sülaləsinin hakimiyyəti başlamış olur.
1752 -ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirilsə də, Hacı Çələbinin vəfatından sonra yenidən Qazax yenidən gürcü hakimiyyəti altına düşür.
1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanla birlikdə Rusiya tərəfindən işğal olunur.
Qazax Sultanlığının hakimləri:
Nəzər xan
Şəmsəddin xan
Mirəlibəy
Sübhanverdi xan
Pənah ağa Salahlı
Əli ağa Salahlı
Mustafa ağa Arif
***
Qazax və Şəmşəddil sultanlıqları 1801-ci ildə Şərqi Gürcüstanla birlikdə Rusiya tərəfindən işğal olunur və 1819-cu ildə isə sultanlıq ləğv olunur. Ərazi isə Qazax və Şəmşəddil müstəqil məntəqələri-distansiyalarına bölünüb.
Çarizmin vergi siyasətinə etiraz olaraq 1844-1845-ci illərdə Şəmşəddil kəndlərində, xüsusən də Zəyəmdə güclü etirazlar baş verir. Ancaq çar qoşunu tərəfindən bu etirazlar yatırılıb.
1841-ci ilin inzibati islahatları nəticəsində Cənubi Qafqaz ərazisi Gürcü-Imeretiya quberniyası və Kaspi vilayətinə bölünmüşdür. Bu zaman Qazax distansiyasının ərazisi Yelizavetpol qəzasının tərkibində Gürcü-Imeretiya quberniyasına daxil edilmişdir. 1846-ci ildə keçirilən yeni islahat zamanı Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları yaradılmışdır.
Qazax Tiflis quberniyasının tərkibində qalmışdır.
1867-ci il dekabrın 9-da yeni yaradılan Yelizavetpol quberniyasının tərkibində Qazax qəzası təşkil olunmuşdur. Qazax qəzasının ərazisi 5908 kv.km olaraq, indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri əhatə edirdi. 1897-ci ilə qəzanın əhalisi 112 min nəfərə çatmışdır. 1909-cu ildən qəza mərkəzi Qazax şəhər statusu almışdır.
1918-ci ildə Azərbaycan və Gürcüstan öz müstəqilliyi haqqında elan etmişlər. Bundan dərhal sonra iki ölkə arasında ərazi – sərhəd məsələləri müzakirə olunmuş və həll edilmişdir. Nəticədə Qazax qəzası Azərbaycanın, Borçalı qəzası isə Gürcüstanın tərkibində qalmışdir. 1918-1920 illərdə Qazax qəzası Yelizavetpol quberniyasının tərkibinə daxil idi. 1919-ci ildə Qazax qəzasının bir hissəsində yeni Tovuz qəzası yaradıldı.
İki il ömür sürən Azərbaycan Respublikası Rusiya təcavüzü nəticəsində süquta uğramışdır. 5 may 1920-ci ildə bolşevik XI Ordunun süvari hissələri Qazaxa daxil oldular. İstiladan az sonra keçmiş Qazax qəzasının ərazisi bolşeviklər tərəfindən bölünmüş və onun dağlıq hissəsi qanunsuz olaraq Ermənistana verilmişdir.
Kənan Rövşənoğlu
Comments are closed.