Azərbaycan Xalq Cümhuriyyəti dövründə aviasiyanın inkşafı istiqamətində bir sıra önəmli addımlar atılıb. Hərbi-hava qüvvələrinin təşkilinin zəruriliyini nəzərə alaraq,hərbi nazirlik əvvəlcə müvafiq kadrların hazırlanmasına başladı.

O dövrlərdə Rusiyanın cənub ’’plasdarmı’’ sayılan Gürcüstan həm də Zaqafqaziyada hərbi qurumların,o cümlədən aviasiya sahəsində təlim-təhsil ocaqlarının mərkəzinə çevrilmişdi. 1919-cu ildə Gürcüstanla bağlanan hərbi əməkdaşlıq müqaviləsinə və Azərbaycan Cümhuriyyətinin 7 avqust 1919-cu il 49 nömrəli əmrinə əsasən,bir qrup əsgər və zabitimiz təcrübə keçmək üçün bu ölkəyə ezam olunub.
Onlardan 9-u hərbi təyyarəçi peşəsi üzrə ixtisaslaşıb.Kapitan Firudin bəy Mirzə Qacar, praporşiklərdən Əlihüseyn Dadaşov, Teymur Mustafayev,Gəncinski,Həsənzadə, Qaraşarov həmin zabitlər dəstəsində olublar. Gürcüstan hökuməti ilə imzalanmış müqavilə ümumilikdə milli aviasiya tariximizə Azərbaycanın ilk dövlətlərarası aviasiya müqaviləsi kimi daxil oldu.

Azərbaycan aviasiyasının tarixində uzaq məsafəyə ilk uçuş da məhz Cümhuriyyət dövründə-1919-cu ildə həyata keçirilib. Bakı aerodromundan səmaya qalxan ’’Farman-30’’ tipli təyyarə Xəzər dənizi üzərindən uçaraq Türkmənistanın Krasnovodsk şəhərində uğurlu eniş edib.

Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-Hava qüvvələrinin formalaşdırılmasından öncə onun rəhbər heyəti müəyyənləşdirildi. Hərbi nazir Səməd bəy Mehmandarovun 1919-cu il 19 avqust tarixli 370 nömrəli əmrinə əsasən hərbi təyyarəçi Teymur xan Əfşar paruççik rütbəsində Baş Qərargaha tabe olan aviasiya dəstəsinin rəisi kimi Azərbaycan Cümhuriyyətinin ordusuna qəbul edilirdi.

1919-cu il sentyabrın 14-də isə Aviasiya dəstəsinin ştatı Hərbi Şuranın razılığı ilə formalaşdırılmış və qeyd edilən tarixdən faktiki fəaliyyətə başlamışdır. Ştatda 5 zabit,4 məmur, 54 nizami əsgər və 4 qeyri-nizami əsgər var idi. 1920-ci il 26 yanvar tarixində Hərbi Nazirliyin 49 nömrəli əmri ilə aviadəstə rəsmi yaradılması təsdiq edilmişdir.Digər tərəfdən AXC Şuşa və Xankəndində aviabazaya sahib idi.

AXC Silahlı Qüvvələrinin Baş Qərargah rəisi M.Sulkeviçin 29.01.1920-ci il tarixində Gürcüstan hökumətinə ünvanladığı teleqramda erməni quldur dəstələrinin Zəngəzurda qaldırdıqları qiyami yatırmaları üçün Gürcüstandan göndərilməsi nəzərdə tutulan təyyarələrin Şuşa və ya Xankəndi aviabazalarında yerləşdirilməli olduğu qeyd olunurdu.

Aeroplanı idarə edəcək təyyarəçi kimi Xan Əfşar nəzərdə tutulurdu.Şuşa və Xankəndində aviabazaların yerləşməsi Qarabağın hələ Cümhuriyyət dönəmindən Azərbaycan üçün son dərəcə aviasiya əhəmiyyətli bölgə olduğunu sübut edir. Zəngəzurda erməni quldur dəstələri tərəfindən qaldırımış qiyamın yatırılması üçün bu aviabazalardan istifadə edilməsinin nəzərdə tutulması qeyd olunan aviasiya obyektlərinin dövlətçilik üçün əhəmiyyətini nümayiş etdirmiş olur.

AXC dönəmində aviasiya sahəsində İtaliya və İngiltərə ilə qurulan münasibətlər Azərbaycan aviasiyası tarixində beynəlxalq əlaqələrin ilkin forması kimi xüsusi yer tutur. AXC fəaliyyəti dövründə aviasiya texnikasının alınması ilə bağlı İtaliyanın Zaqafqaziyadakı hərbi missiyası ilə əlaqə saxlayırdı. Hərbi aviasiyamızı gücləndirmək məqsədi ilə AXC tərəfindən İtaliyadan 12 ədəd hidroplanın və 6 ədəd aeroplanın alınması qərarlaşdırılmışdır.

1919-cu il noyabrın 21-də hərbi nazir Səməd bəy Mehmandarovun Xarici İşlər Nazirinə ünvanladığı məktubunda hərbi təyyarəçilik məktəbinin formalaşdırılması üçün İtaliya və İngiltərədən göndərilməsi daha məqsədə uyğun hesab edilən təlimatçılara ehtiyac duyulduğu qeyd edilirdi.

Səməd bəy Mehmandarov ordunun hərbi imkanlarının gücləndirilməsi baxımından vacib olan bu məsələsinin diplomatik yol ilə həll etmək imkanlarının müəyyənləşdirilməsini xahiş edirdi. Bununla da Cümhuriyyət hökuməti ciddi kadr çatışmazlığının hiss olunduğu dövrdə dövlətin qarşısına qoyduğu mühüm məsələlərdən biri olan hərbi aviasiya məktəbinin yaradılması məsələsini həll etməyə çalışırdı və hətta hərbi nazirlik artıq 1920-ci ildə hərbi təyyarəçilik məktəbini açmağı da qərara almışdır.

Məlum olduğu kimi Osmanlı I Dünya müharibəsində məğlub olaraq imzaladığı 30 oktyabr 1918-ci il Mudros barışığına əsasən,türk qoşunları Qafqazdan çıxmışdı və onları ingilis qoşunları əvəzləmişdi.

Bununla əlaqədar Britaniya aeroplanlarının yaxın gələcəkdə Qafqaz sahələrində eniş etmək imkanlarının müəyyənləşdirilməsi məqsədilə Britaniya Aviasiya zabitlərinin qeyd olunan ərazilərə baxış keçirməsi üçün Gəncə quberniyasının qəza rəhbərliyinin və polis rəhbərliyinin onlara bu səlahiyyətlərin icrasında yardım etməsi təklif edilirdi. Qafqazın aero sahələrində benzin üçün saxlanc yerlərinin təşkil edilməsi lazım olduğu təqdirdə bu saxlancların Britaniya piketləri tərəfindən mühafizəsinə yerli orqanlar yardım etməli idi.

AXC üçün bütün sahələrdə olduğu kimi aviasiya sahəsində də dövlətçiliyimizə xidmət edəcək savadlı mütəxəssislərin yetişdirilməsi xüsusi önəm daşıyırdı.

1919-cu il 1 sentyabrda Azərbaycan Parlamentinin çıxardığı qərarı ilə 100 nəfər gəncin yüksək səviyyədə təhsil alması üçün dövlət tərəfindən təqaüdün ayrılması və onların xaricə göndərilməsini nəzərdə tutan qanun layihəsi aviasiya sahəsinə də şamil edilmişdi.

15 sentyabr 1919-cu il tarixində Bakı Müsəlman Tələbələri Komissiyasının Yerlərin ixtisaslar üzrə bölgüsünə əsasən aviasiya sahəsinə də yer verilmişdir.Materiallardan bəlli olur ki, Əmircanov Əliyar bəy Hacı bəy oğlunun da aviasiya mühəndisi təhsili alması üçün xaricə göndərilməsi planlaşdırılmışdı.Lakin Qızıl Ordunun istilası ilə AXC-nin aviasiya ilə planları yarımçıq qaldı.
Mövzumuzun tarixşünaslıq bazasına toxunarkən onu qeyd etməliyik ki,2012-ci ildə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti və Milli Aviasiya Akademiyasının Mülki Aviasiya Muzeyinin birgə təşkilatçılığı ilə nəşr olunan ’’Azərbaycan Mülki Aviasiya tarixi: 1910-1980 dərs vəsaiti’’ özündə Azərbaycanda mülki aviasiyanın yaradılması üçün atılmış ilk addımlardan başlayaraq, müstəqilliyimizin əldə olunduğu dövrə qədər keçən bütün tarixi yolları əks etdirir.

Ellada Kərimovanın müəllifi olduğu və 2013-cü ildə çap olunan ’’Azərbaycan aviasiyasının yaranması və inkşafı tarixi’’ adlı monoqrafiyasında XX əsrdə Azərbaycanda aviasiyanın yaranmasının və inkşafının başlanğıc mərhələsindən müstəqil Azərbaycan Respublikasının 1991-2008-ci illəri əhatə edən aviasiya tarixi işıqlandırılmışdır.


Tural Qaffarov

Comments are closed.