Fevral inqilabından sonra Zaqatala dairəsində də Müvəqqəti Hökumətin orqanları yaradılmağa başlamışdı.
1917-ci il oktyabrın 20-də Zaqatala dairəsi Kazak qoşunlarının, Qafqaz dağlıları və düzəngahlarının azad xalqlarının Cənub-Şərq ittifaqına daxil edilmişdi.
AXC qurulduqdan sonra Zaqatala dairəsini özünün mübahisəsiz ərazisi elan etmişdi. Zaqatala Milli Komitəsi 28 iyun 1918-ci ildə Zaqatala dairəsinin AXC-yə birləşməsi arzusunu teleqramla Azərbaycan hökumətinə bildirir. 30 iyun 1918-ci ildə qərar qəbul edilir və Zaqatala dairəsi Azərbaycan Xalq Cümhuriyyətinə birləşir. AXC Hökuməti bu qərarla Gürcüstanın ərazi iddialarına qarşı qanuni yol ilə cavab verir.
Hökumət 1918-ci il iyulun 30-da Zaqatala dairəsində vəziyyətin öyrənilməsi üçün Maliyyə, Ədliyyə və Daxili İşlər nazirlikləri nümayəndələrindən ibarət komissiya yaradır, ona yerli əhalinin arzu və istəklərinin öyrənilməsi və s. mühüm vəzifələr tapşırır. Zaqatala dairəsi rəsmi sənədlərdə quberniya adlandırılmağa başlayır. 1919-cu il fevralın 17-də Gəncə dairə məhkəməsinin səlahiyyətlərinin Zaqatala quberniyası və Şimal-Qərbi Azərbaycana aid edilməsi haqqında qərar qəbul edilmişdi.
Zaqatala qubernatoru general Əliyar bəy Haşımbəyov 1919-cu il martın 16-da Şimal-Qərbi Azərbaycan general qubernatoru təyin edildikdən sonra həmin vəzifəyə Məhəmməd bəy Şahmalıyev təyin olunmuşdu. 1919-cu il 25 oktyabr-2 noyabrda Zaqatala quberniyası və Tiflis quberniyasının Sığnax qəzası arasında müvəqqəti sərhədlərin müəyyənləşdirilməsi üçün Azərbaycan və Gürcüstan respublikalarının beynəlxalq komissiyası fəaliyyət göstərmişdi.
Tərəflər bütün məsələlərin sülh yolu ilə həll edilməsini qərara almışdı.
AXC-nin Zaqatala quberniyasında həyata keçirdiyi tədbirlər ona böyük nüfuz qazandırmışdı. AXC-nin süqutundan sonra mayda Zaqatala quberniyasında da sovet hökuməti quruldu, qəza inzibati-ərazi vahidi tətbiq olundu. 1920-ci il iyunun 6-da Zaqatalada antisovet üsyanı başladı. XI Qırmızı Ordu hissələri yalnız iyunun 18-də üsyanı yatıra bildi.
1929-cu ildə həyata keçirilən rayonlaşdırma zamanı onun ərazisində Zaqatala, Balakən və Qax rayonları yaradıldı.
Namiq Həsənov
Comments are closed.