– Sözün etimologiyası
– Keçmişdəki bayraqlarımızla bənzərlikləri

Azərbaycan Respublikasının üç rəsmi simvolundan biri olan dövlət bayrağımızı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası təsdiq etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Azərbaycanın dövlət himninin müəllifi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyov yazırdı: “Azərbaycan Cümhuriyyəti sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılmışdır. Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışır. Bayrağımızdakı üç rəng özündə bu elementləri əks etdirir”.

Onu da qeyd edək ki, səkkizguşəli ulduz Səfəvilər dönəmində kifayət qədər populyar idi. Bəzi tarixçilərin fikrincə, XVI əsrin sonlarınadək, xüsusilə Şah İsmayılın dövründə Səfəvilərin bəzi bayraqlarında səkkizguşəli ulduz və ay təsvirləri vardı. Fakt olan isə budur ki, Ərdəbildəki Şeyx Səfi türbəsinin Səma salonunun qapılarında beşguşəli ulduzlarla yanaşı, səkkizguşəli ulduzlar da həkk olunmuşdur. Bu ulduzdan ornament kimi xalçaçılıqda da geniş istifadə edilmişdir.

ADR hökumətinin 9 noyabr 1918-ci il iclasındakı protokoldan bayraq haqqında sənəd


Azərbaycan bayrağı və onun üzərindəki rəmzlər haqqında bu kiçik məlumatdan sonra dilimizdəki “bayraq” sözünün etimologiyasını açmağa çalışaq:

Qədim Skandinaviya, niderland, ingilis dillərindəki “brok” (bayraq), “vlag” (bayraq), “flag” (bayraq) sözləri ilə Azərbaycan dilindəki “bayraq” sözünü müqayisə edək… Bu sözlərin oxşarlığı tam olmasa da, “bayraq” sözünün “raq” hissəsinə çox bənzəyən “rag” sözü ingilis dilində əski, parça, bez mənasını verir. Bəs bayraq əsasən hansı materialdan hazırlanır? Əlbəttə ki, parçadan, bezdən! Güman ki, “bayraq” sözünün “bay” hissəsi də qədim türk dilindəki “bay” (bahalı, uca, böyük) sözüdür.

Özünə hörmət edən hər bir dövlətin və millətin bayrağı ən bahalı parçadan olur. Beləliklə, gəldiyimiz nəticə bundan ibarətdir ki, ingilis dilindəki “flag” sözü, əslində, türk dilindəki “bayraq” sözünün dəyişmiş formasıdır. “Bayraq” sözünün ilkin şəklinin “batıraq” (yerə batırılmış, sancılmış) olduğu da iddia edilir. Bu mülahizələrdən hansı daha məntiqlidir sualına qoy oxucu özü cavab versin!

Bu izah aşağıdakı sualları doğura bilər:

1. Bayraq sözünün ikinci hissəsini german dil qrupuna daxil olan ingilis dilində və ya ümumiyyətlə başqa dillərdə axtarmaq məntiqlidirmi? Cavab: Məsələ burasındadır ki, german dil qrupu hind-Avropa dil ailəsinin bir üzvüdür. Bugün məntiqi cəhətdən kifayət qədər yaxşı əsaslandırılmış “Nostratik dil” nəzəriyyəsinə görə, hind-Avropa, Altay, Ural və Dravid dillərinin hamısının əcdadı quruluşca iltisaqi olmuş qədim bir dildir. Deməli, Azərbaycan dilində işlənən, lakin mənası bəlli olmayan bəzi sözlərin anlamını nostratik dil ailəsinə daxil edilən başqa dillərdə axtara bilərik.

2. Azərbycan dilindəki “oraq”, “çıraq”, “daraq” sözlərinin “raq” hissəsi də “bayraq” sözünün “raq” hissəsi ilə eynidirmi? Əvvəla onu qeyd edək ki, “çıraq”, əslində isə “çerağ” fars mənşəli sözdür. Digər tərəfdən, “bayraq” sözündən fərqli olaraq bu sözlərin üçündə də “raq” saitdən sonra gəlir. Amma bununla yanaşı, bəzi mülahizələrimizi də qeyd edək:

– Çırağın əsas funksiyası qaranlıq məkana işıq salmaq, bəzən isə yolu, istiqaməti göstərməkdir. İndi diqqət yetirək: Bəs döyüş meydanında, yaxud başqa şəraitdə bayrağın funksiyası nədən ibarət olur?

– Daraq sözünün “dara” felindən və “ağ” şəkilçisindən əmələ gəldiyi iddia edilir. Daraq saçı darayır, hissələrə ayırır. İngilis dilindəki “rag” sözü Azərbaycan dilinə parça kimi tərcümə olunur. Parça sözünün isə Azərbaycan dilində iki mənası var: Bez və parça, yəni hissə.. Yeri gəlmişkən, ingilis dilində hissəyə “part” deyilir. Azərbaycan dilindəki “parça” və ingilis dilindəki “part” sözləri isə həm formaca, həm də məzmunca bir-birinə bənzəyir.

– Oraq taxılı və otu biçmək üçün istifadə olunan kənd təsərrüfatı alətidir. Polad tiyədən və ağac sapdan ibarət olur. Maraqlıdır ki, bu alətin forması bayrağın formasına oxşayır. Həqiqətən də böyük oraqla biçinə gedən kəndli bayraqdarı xatırlada bilər.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Comments are closed.