Osmanlı ordusu Təbrizdən qayıdarkən 1515-ci ilin fevralında Məmlük sultanlığının himayəsində olan Zülqədəroğulları dövlətinə məxsus əraziləri ələ keçirdi və Şahsuvaroğlu Əli bəyi vali təyin etdi.

Osmanlı dövlətinin şimaldan Suriya üçün ciddi təhlükə yaratdığını nəzərə alan Məmlük sultanı əmirlərin ciddi təhdidi ilə qarşılaşdı. Buna görə də, Məmlük sultanı I Şah İsmayılla bağladığı razılığı pozaraq Sultan Səlimə elçi göndərdi.

Yınanç yazır ki, Osmanlı təhlükəsini aradan qaldırmaq üçün Məmlük sultanı Səfəvilərlə əldə olunmuş razılığı pozaraq Osmanlı sarayı ilə diplomatik əlaqələr yaratmağa çalışdı.

Məmlük sultanı Sultan Səlimə elçi göndərərək heç olmasa bəzi yerlərin Əlaüddövlənin oğluna verilməsini xahiş etdi. Osmanlı sultanı “qılıncla aldığım yerləri yalnız qılıncla təslim edərəm” söyləyərək Məmlük sultanının təklifini rədd etdi.

Göründüyü ki, Məmlük sultanı ənənəvi olaraq ikili siyasət yeritməyi davam etdirirdi. O, Səfəvilərlə əldə olunmuş razılığı pozaraq Osmanlı dövləti ilə danışıqlara başladı. A.Allouş Məmlük tarixçilərinin verdiyi məlumata əsaslanaraq yazır ki, Məmlük sultanı Osmanlı sarayına göndərdiyi məktubunda

“I Şah İsmayılla Sultan Səlim arasında vasitəçi olmaq üçün” ordusu ilə birlikdə Hələbə doğru hərəkət etdiyini bildirdi. Sultan Qansu Quri etibar etdiyi elçilərindən Əcəmi Çanaqçını I Şah İsmayılın yanına göndərərək Osmanlıların Səfəvilər üzərinə yürüşünə mane olmağa çalışacağını bildirmişdi.

Məmlük sultanının Səfəvilərlə diplomatik əlaqələri gücləndirdiyindən xəbər tutan Sultan Səlim Məmlüklərə qarşı hərbi yürüşə ciddi hazırlıqla bağlı məlumatın hiss edilməməsi üçün bütün vasitələrdən istifadə etməli oldu. İ.H.Uzunçarşılı yazır ki, Çaldıran məğlubiyyətindən sonra I Şah İsmayıl Məmlüklərlə ittifaq yaradaraq Osmanlılara qarşı birgə hərəkət etməyi Qansu Quriyə təklif etsə də, Osmanlı hökmdarı Məmlüklərə qarşı deyil, Səfəvilərə qarşı yeni yürüşə hazırlaşdığı haqda Məmlük sultanına xəbər göndərərək onu Səfəvilərlə ittifaqdan çəkindirmişdi.

Osmanlı hökuməti Məmlüklərlə müharibə ərəfəsində Suriya və Misirdəki xəfiyyələri vasitəsilə baş verən hadisələr barədə dolğun məlumat alırdı. Müəyyən vədlərlə ələ alınan Məmlük hökumətinin Hələb bəylərbəyi Xayır bəy əsas məlumatları Osmanlı sarayına çatdırırdı.

Türkiyə tarixçilərinin qənaətinə görə, Osmanlı sultanı Məmlüklərə qarşı hazırlaşdığı yürüşlə bağlı məlumatı hiss etdirməməyə çalışaraq, yürüşün Səfəvilərə qarşı olacağı ilə bağlı məlumatlar yayılmağa başladı. 1516-ci ilin fevralında Qansu Quriyə göndərdiyi məktubunda:

“Siz mənim atamsınız, sizdən dua istərəm. Mən Əlaüddövlənin məmləkətinə ancaq sənin razılığın ilə girdim, o mənə dönük çıxmışdı. Atamla Sultan Kayıtbay arasında fitnə törədən də o idi.
Onun öldürülməsi savab iş idi. Onun yerinə təyin olunan Şahsuvaroğlunu xoşunuza gələrsə saxlayın, xoşunuza gəlməzsə dəyişdirin, o sizə aid məsələdir. Sizə kölə gətirən taciri mən qəbul etmədim.
Mən Əlaüddövlədən aldığım yerləri yenə sizə qaytarıram. Sultan daha nə arzu edərsə onu da həyata keçirsin”… Sultan mənim atamdır, ondan dua istərəm. Lakin mənimlə I Şah İsmayıl arasına girib vasitəçi olmasın. Mən şahın hakimiyyətinə son qoymadan geri dönməyəcəyəm, sülh bağlamaq üçün aramıza girməsin” deyərək ona xəbərdarlıq etmişdi.

Tofiq Nəcəflinin eyni adlı məqaləsindən ixtisarla

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Kənan Rövşənoğlu

Comments are closed.